28.09.2011

“Başıma torba keçirib, «bandotdelə» apardılar»

Mülkləri əlindən alınmış iş adamı Nurəddin Zülfüqarlı nələr danışdı?

«Hətta Maliyyə Nazirliyi büdcə təşkilatı olmayan zavodlarımızı yoxlayırdı»

Son günlər mətbuat silahlı adamların özəl mülk olan “Xəzər Boru” Zavoduna basqın etməsi və oranı tutması haqda məlumatlar yaydı. Bəlli oldu ki, müasir texnologiya ilə qurulan bu yeni zavod Zülfüqarlı qardaşları kimi tanınan iş adamlarına məxsusdur, nədənsə fəaliyyəti dayandırılıb və kimlərsə onu sahiblərinin əlindən almaq istəyir. Zülfüqarlı qardaşları ilə bu cür problemlər yeni deyil. Hələ 2005-ci ildə onlar həbs edilmiş, sahibi olduqları iki zavodun səhmlərinin böyük hissəsi əllərindən alınmışdı. Bütün bunlara aydınlıq gətirmək üçün hazırda Azərbaycanı tərk etməyə məcbur olan qardaşların biznesinə ümumi rəhbərlik edən Nurəddin Zülfüqarlıya müraciət etdik və ondan çox böyük maraq doğura biləcək açıqlamalardan ibarət müsahibə ala bildik.

başlanğıcı ötən sayımızda

- Nə zaman həbs edildiniz?
- Kərəm Həsənovun xəbərdarlığından, yəni zavodları onun dediyi yüksək vəzifəlilərə verməkdən imtina etməyimdən sonra. 2005-ci il dekabrın 9-da əmimin yasından çıxıb evə gedərkən bir qrup mülki geyimli silahlı adam maşınımı saxladılar, sürücümün və mənim başıma qara torba keçirib maşına basdılar, nə baş verdiyini heç cür anlaya bilmirdim.  Onlar məni maşının arxasına uzadıb üstümdə oturdular, məqsəd səs çıxarmamağım və tərpənməməyim idi. Sürücüm Azər Hüseynov da eyni vəziyyətdə idi. Vəziyyəti tam anlamadığımdan düşündüm ki, məni quldurlar tutub və məqsədləri pul istəməkdir. Açığı, çıxış yolu düşünə bilmirdim, axı əlimizdə nağd pul yox idi, hamısı məhsulda və zavodlarda idi. Təxminən 20-25 dəqiqədən sonra bizi pilləkənlərlə qaldırdıqlarını hiss etdim, torbanı çıxardanda ətrafımda polisləri görüb özümə gəldim. Çünki hansısa bir anlaşılmazlığın olduğunu və aydınlaşmadan sonra azad ediləcəyimi düşündüm. Əfsuslar ki, yanılmışdım. Məni polisin nəzarətində bir otağa apardılar, 2 saata yaxın gözlədim, şok vəziyyətində olduğumdan nə edəcəyimi anlamırdım. Bir müddət sonra idarə rəisi polkovnik Qafar gəlib generalla görüşməyə apardığını dedi. Elə mən də bunu istədiyimi dedim. Vilayət Eyvazovun kabinetinə daxil olanda soruşdum ki, cənab general, bu nə işdir, niyə məni bu vəziyyətdə həbs ediblər, axı mən Sahibkarlar Konfederasiyasının üzvüyəm, az-çox tanınmış iş adamıyam. Vilayət Eyvazov bildirdi ki, sənin kim olduğunu və nə iş gördüyünü yaxşı bilirik, bizi də işə salmısan, məgər bizim işimiz-gücümüz yoxdur, vaxtında məsələni həll edərdin, gəlib bu vəziyyətlə də qarşılaşmazdın. O, məni 6 ay izlədiklərini söyləyəndə, hansı qəbahətli iş gördüyüm üçün bu vəziyyətdə idarəyə gətirildiyimi soruşdum. General bir daha vurğuladı ki, hər şeyi yaxşı bilirsən, gərək məsələni vaxtında həll edərdin, heç özüm də bilmirəm nə edim?! Vilayət Eyvazov söhbət əsnasında əsəbiləşdi ki, niyə onunla belə danışıram, hətta dedi ki, sən “uçastkovu” yox, general qarşısındasan. Mən ona etirazımı bildirsəm də, artıq həbs olunduğumu anladım. Düzdür, hiss edirdim ki, polislər də mənim günahsız olduğumu bilir, nə yollasa demək istəyirdilər ki, iş onlarlıq deyil və sadəcə əmr yerinə yetirirlər... 

- Məhkəmə keçirilmədimi?
- Xeyr, formal da olsa heç bir məhkəmə iclası keçirilmədi. Hətta mən vəkilimin olduğunu bildirəndə, lağlağı şəklində cavab verdilər ki, sənə hələ bir vəkil də gətirəcəyik?! Iki gün heç bir sorğu-sual olmadı, üçüncü gün hiss etdim ki, qonşu kameralarda qardaşlarım Rövşən, Loğman və iş adamı Təyyar da oturub. O zaman anladım ki, iş adamlarına qarşı repressiya başlanıb. Üçüncü gün məni istintaq idarəsinin rəisi Fərhad Süleymanovun otağına apardılar, o deyəndə ki, niyə tərslik edirsən, cavab verdim ki, nədə tərslik edirəm, izah edə bilərsənmi? Süleymanov “yaxşı bilirsən nə etmisən, nə deyiblər onu da etməmisən, bizi də işə salmısan, bundan sonra səninlə nə edək?” deyə söylədi. Bildirdim ki, bura gətirmisiniz, nə edəcəyinizi özünüz bilərsiniz. Mən vəkil tələb etdiyimi xatırladanda, vəkil tutduqlarını bildirdi. Amma mən öz vəkilimi istədiyimi, o isə artıq vəkilin olduğunu və ona izahat verməyimi dedi. Etiraz etdim ki, öz vəkilimi gətirmirsinizsə, özüm hüquqlarımı müdafiə edərəm, başqa bir vəkilə ehtiyacım yoxdur. Amma o, yenə də, “biz nə deyirik, o da olacaq” deyərək söhbətə yekun vurdu. Hətta bildirdi ki, “belə danışma, mən yoldakı işıq dirəyinə də ”torba” tikərəm”. Cavab verdim ki, bu da sizin təqdirinizdir, özünüz bilərsiniz. Bir neçə saat sonra soyadı azərbaycanlı olmayan, deyəsən, yəhudi və erməni mənşəyi olan bir vəkil gətirdilər. O, mənim vəkilim olduğunu xatırladıb bildirdi ki, nə desə, onu da yazmalısan. Amma etirazımı bildirib onu vəkil kimi qəbul etmədiyimi söylədim və mübahisəmiz yarandı. Bu adam yenə də “belə məsləhət görülüb, nə desəm, onu da yazacaqsan” sözlərini xatırlatdı. Əlbəttə, mən onun söylədiklərinin heç birini yazmadım, aramızda insident yarandı və müstəntiqlərə dedi ki, onu niyə bu adama calamısınız?! Belə olanda müstəntiqlərə “buyurun, nə sualınız varsa, soruşun” dedim. Ancaq onlar da nə soruşacaqlarını bilmədiklərini və “biz nə soruşaq, nə vaxt nə deyərlər, onu da soruşarıq, get kamerana” dedilər.

- Yəni, nə sual verəcəklərini bilmirdilər?
- Bəli, çünki göstəriş yox idi. Bir müddət sonra məni yenidən Fərhad Süleymanovun kabinetinə apardılar. O, sual etdi ki, düşündünmü, tərsliyini buraxdınmı? Cavab verdim ki, tərsliyimin nə olduğunu mənə izah edib sonra suallarınızı verin. Amma o, “sən yaxşı bilirsən söhbətin nədən getdiyini” söyləməklə kifayətləndi. Yəni, açıq şəkildə hər şeyi demirdilər.

- Bəs siz söhbətin nədən getdiyini hiss etmişdinizmi?
- Bəli, çünki Kərəm Həsənovla Rüstəm Şahbazov xəbərdar etmişdilər ki, şərtlərlə razı olmasan, səni həbs gözləyir. Təxminən iki həftə sonra yenidən Fərhad Süleymanovun kabinetinə apardılar, o diqqətlə baxanda şər bir qurğu hazırladıqlarını hiss etdim. Dedim ki, Fərhad müəllim, nəsə düşündüyünüzü hiss edirəm, baxın, narkotik bizə yaraşmaz, ona görə ki, adamlar bizim ailəni yaxşı tanıyır, oğurluq da eləcə. Bildirdi ki, sənin Afət Əliyeva adlı qadınla nə işin var? Guya, qardaşlarım və cangüdənimlə birgə həmin qadına hücum edib əmlakını almaq istəmişəm. Artıq mənə qarşı qurğu hazır olduğunu anladım. Məsələ ondadır ki, mənim cangüdənimin olmadığı halda bunlar Israfilov soyadlı cangüdənimin olduğunu iddia edirdilər. Amma istintaq dövründə Afət Əliyeva da, Israfilov da ortaya çıxmadı. Lakin bu motivlə cinayət işi açıldıqdan sonra məni Bayıl təcridxanasına köçürtdülər.

- Bu ərəfədə vəkillə görüşə bildinizmi?
- Yalnız iki həftə ötəndən sonra vəkilim Aslan Ismayılov hadisələrə hüquqi müdaxilə edə bildi. Amma onun mənimlə görüşməyinə imkan verməsələr də, şikayətlər etdiyini öyrənmişdim. Bayıl təcridxanasına gətirdikdən sonra vəkillə görüşmək imkanlarım oldu. Bütün hallarda heç bir istintaq işi aparılmırdı, işimi aparan müstəntiq Emin Məmmədov gəlib üzümə baxıb gedirdi, bu baxış da o demək idi ki, nə zaman şərtlərlə razı olacaqsan. Hər dəfə də deyirdi ki, bizi də işə salmısan, başımız ağrıyacaq, hətta ürək xəstəliyinə tutulduğunu da söylədi.

- Kərəm Həsənov əmlakınızın kimlərin istədiyini demirdi, bəs başqaları bunu deyirdimi?
- O zaman bunu gizli saxlayırdılar, sadəcə, yüksək vəzifəli şəxslər olduğunu bildirirdilər. Amma bəziləri açıq şəkildə deyirdi ki, əmlakını almaq üçün səni həbs etdirən Ramiz Mehdiyevlə Bəylər Əyyubovdur. Mən bunu ciddi qəbul etmirdim, ona görə ki, əsası olmalıydı, amma polislərdən bunu deyənlər var idi. Artıq əmlakı vermədiyimə görə həbs olunduğum bəlli idi. Beləliklə, Nərimanov Rayon Məhkəməsi iştirakımız olmadan 3 ay həbs-qətimkanı haqqında qərar çıxartdı. Bu müddət bitdikdən sonra mən hələ razılaşmırdım, belə olanda təkrar vaxtı uzatmaq lazım idi və bizi məhkəməyə apardılar.

- Bu həbs-qətimkan tədbirində hansı əsas göstərilirdi?
- Təzad ondaydı ki, onlar bizim Afət Əliyevaya hücum çəkdiyimizi iddia edir, buna görə məni, qardaşlarım Loğman, Rövşəni və işçilərimi həbs etmişdilər. Söhbət zavodları işlədən direktorlardan və müsahiblərdən gedir. Ikinci, maliyyə, vergilər nazirliklərinin işçiləri zavodu bağlayıb, yoxlama aparırdılar, bütün sənədləri də götürmüşdülər. Soyadını unutsam da, Füzuli adlı müstəntiq bu işə rəhbərlik edirdi. Məqsəd zavodun fəaliyyətində maliyyə çatışmazlığı tapmaq idi. Halbuki, zavod büdcədən maliyyələşmədiyindən, özəl olduğundan Maliyyə Nazirliyinin özəl şirkətlərə aidiyyəti olmamalıdır, ancaq onları bizim fəaliyyəti yoxlamağa cəlb etmişdilər. Bu müddətdə nazirliyin yoxlama qrupu da böhtan dolu sənəd tərtib etmişdi... 

- Sonrakı üç aylıq həbs-qətimkan qərarı hansı əsasla çıxarıldı?
- Nərimanov Rayon Məhkəməsində hakim çox gərgin idi, tez-tez telefonla əlaqə saxlayırdı və gərginlik elə həddə idi ki, hakim heç adını belə, təqdim etmədi. Təsəvvür edin ki, təkidimizə baxmayaraq hakim bizi dinləmədi, vəkilimizi belə, zala buraxmadılar. Beləliklə, bir neçə ay həbs-qətimkan tədbiri yenə uzadıldı. Bu müddətdə hər dəfə kamerama gəlib deyirdilər ki, razı olmasanız, həbsxanada çürüyəcəksiniz. Sonda məlum oldu ki, ailə üzvlərimizin ölkədən kənara çıxışını qadağan ediblər. Yəni, qardaşlarımın və zavod işçilərinin başqa ölkəyə getməsinə yasaq qoymuşdular.

- Istintaq gedirdimi?
- Xeyr. Yalnız həbs olunan günün gecəsi dedilər ki, evinizdə axtarış aparılması üçün qrup göndərilib, amma içəri buraxmırlar, telefon verəcəyik, içəri buraxmaq üçün onları anlat. Mən axtarış aparmaq üçün məhkəmə qərarının vacibliyini xatırladanda, cavab verdilər ki, bunu bilmirlər, axtarışı ya zorla, ya da xoşla etməlidirlər. Çəkinəcəyim bir şeyim olmadığından evə zəng edib dedim ki, içəri buraxın, ancaq yanlarında olun ki, heç nə atmasınlar. Təsəvvür edin ki, səhərə qədər bizim bağ evimizi ələk-vələk etdilər, 4 min 600 manat pul tapdılar. Hətta qardaşlarıma demişdilər ki, pullarınızı, sərvətinizi harada gizlətmisiniz. Bunlar anlamırdılar ki, iş adamı olduğumuzdan maliyyə vəsaitimiz əmlakda olur. Heç olmasa bankları yoxladıb aydınlaşdırmamışdılar ki, biz iş görmək üçün banklardan kredit götürmüşük. Bütün bu hadisələrin şahidləri də var.

- Tapılan 4 min 600 manatın taleyi necə oldu?
- Həmin pul az olduğundan sənədləşdirmədən geri qaytardılar.  

- Nurəddin müəllim, bəs siz həbsdə ola-ola zavodun səhmlərini necə aldılar? Sənədləşmə necə aparıldı? Səhmlər kimin adına keçirildi?

ardı var

Müsahibəni hazırladı: Şahvələd Çobanoğlu