29.09.2011

3-cü mikrorayon bazarı da söküləcək

Bu məşhur bazar da Əliyev iqamətgahının güdazına gedir
 

Oranı ələ keçirmək üçün Ziya Məmmədov hərəkətə keçib
Sökülməsi planlaşdırılan ünvanlardan biri də 3-cü mikrorayon bazarıdır. Rəsmi dairələrdə bazarın sökülməsini ərazinin sıxlıq olması və tıxacların yaranması ilə izah edirlər. Əslində isə səbəb tamam başqadır. Bazarın sökülməsinin başlıca səbəbi Ilham Əliyev üçün tikilən iqamətgahdır.
Ölkə başçısı üçün tikilən yeni rezidensiya keçmiş Karl Marks prospektindən “Olimpik Star” Əyləncə Mərkəzinə və “Azadlıq” prospektindən “Papanin” küçəsindəki hərbi hospitala qədər ərazini əhatə edir. Artıq bu ərazidə yerləşən bir neçə göydələn uçurulub. Yaxın vaxtlarda “Xutor” qəsəbəsinin sökülməsinə başlanılacaq. Rezidensiya üçün nəzərdə tutulan ərazidə bir sıra məmurların villaları, obyektləri yerlə-yeksan ediləcək. Hətta Ilham Əliyevin əmisi Cəlal Əliyevə məxsus olan “Yeganə” şadlıq sarayı da bu ərazidə yerləşir. Həmin şadlıq sarayının da söküləcəyi bildirilir.
O ki qaldı bazarın sökülməsinə, yaxın aylarda bu prosesə start veriləcək.

“ZQAN” Holdinq yeni bazarı ələ keçirmək istəyir

Bazar yolunun bir hissəsi artıq bağlanıb. Ərazidə ağır texnika işə başlayıb. Orada çalışan fəhlələr tikinti barədə məlumat vermək səlahiyyətlərinin olmadığını bildirdilər. Səlahiyyətli şəxsləri isə tapmaq mümkün olmadı. Sahibkarlar bazarın başqa əraziyə köçürülməsi barədə xəbərlərin dolaşdığını söylədilər. Onlar deyirlər ki, bazarın tamamilə sökülməsi nəzərdə tutulur: “Daha doğrusu bazar 2 il müddətinə köhnə avtovağzalın boş qalmış ərazisinə köcürüləcək. Nəqliyyat naziri Ziya Məmmədov tikiləcək bazarı ələ keçirmək üçün ”ZQAN" Holdinqi hərəkətə keçirib. Deyilənlərə görə, köhnə avtovağzalın ərazisində bizə yeni bazar tikmək istəyirlər”.
Burada çalışan sahibkarlardan biri bazarın köçürülməsi xəbəri yayılan zaman hərəkətə keçmək istəyib. Yəni ölkədə azad rəqabətin olduğunu düşünən şəxs bütün işləri öz üzərinə götürərək bazarın yeni ünvana köçürülməsini istəyib. Ancaq sonradan anlayıb ki, ölkədə biznes strukturu yüksək rütbəli məmurların və onların yaxınlarının nəzarəti altındadır. Hakimiyyətə yaxın olmayan sahibkarlar isə hər addımbaşı qanunsuzluqla üzləşir.
Bazara girib orada alış-veriş etmək çox çətindir. Qulaqbatırıcı səsdən bazarın satıcıları da narazılıq edir, alıcıları da.
Sahibkarlar Ilham Əliyev üçün tikilən iqamətgaha görə buradan çıxamağa etiraz etmədiklərini deyirlər. Ancaq onlara normal şəraitin yaradılmasının tərəfdarıdırlar: “Istəyirik ki, buradakı şərtlər çərçivəsində bizə dükan verilsin. Yer haqqı alverimizə uyğun olsun. Aya 700-800 manat yer haqqı ödəmək imkanımız xaricindədir”.
Ancaq bazarın söküləcəyi təqdirdə onlara normal iş şəraitinin yaradılacağına inanmırlar. Indiyə qədər gördükləri onlara yaxşı şəraitin yaradılacağına təminat vermir.

Antisanitariya var, ancaq...

Bazarın sökülməsinə səbəb kimi antisanitariya göstərilir. Ancaq sahibkarlar bununla razılaşmır. Onların fikrincə, 3-cü mikrorayon bazarında antisanitariya sökülmək üçün əsas ola bilməz: “Bakıda onlarla bazar var ki, antisanitariya hökm sürür. Ancaq onları bağlamırlar. Çünki bu onların marağına xidmət edir. Bu bazarı sökməklə daha yaxşısını inşa etmək istəyirlər. Yəqin ki, yeni bazarda yer haqqı da baha olacaq. Məqsəd bütün biznesləri öz əllərində cəmləşdirməkdir. Antisanitariyanı bəhanə edirlər. Əvvəllər deyirdilər ki, 3-cü mikrorayonun fəaliyyət göstərməsi şəhərin, guya, ümumi görünüşünün pozulmasına gətirib çıxarır. O işə keçməyəndə yeni bəhanə tapıblar”.
Bazara girib satıcılarla söhbət edirik. Bizimlə söhbət edən digər sahibkarlar rəhbərliyin söküntü ilə bağlı onlara xəbər vermədiyini, söküntünün isə 1 il əvvəldən gündəmdə olduğunu bildirirlər.
Düzdür, bazarda antisanitariya var. Balıq satılan cərgədə bir dənə də olsun soyuducu yoxdur. Satıcılar deyirlər ki, balıq vannalarda suyun içərisində satıldığından, soyuducuya ehtiyac yoxdur: “Suyu da tez-tez dəyişirik”.
Yerə düzülmüş, içərisində balıqlar üzən vannalar bazarın içərisində xoşagəlməz mənzərə yaratsa da, kiməsə “gözün üstə qaşın var” deyən yoxdur. Satıcılar da günahı özlərində görmürlər.

***

Özünü bazarın baş nəzarətçisi kimi təqdim edən şəxs isə bazarın sökülməsi xəbərini təkzib edir: “Belə bir şey yoxdur. Əgər köçürülmə olsa, bunu can-başla edərik. Dövlətin qanunu nədirsə, biz də ona əməl etməyə hazırıq”.
Ancaq məsələnin görünən tərəfi odur ki, bazar tez bir zamanda söküləcək. Bazarın sökülməsində hansısa oliqarxın maraqları ola bilər. Ancaq Ilham Əliyev üçün tikilən iqamətgah bu işi sürətləndirir. Sökülmə əməliyyatı həyata keçiriləcəyi təqdirdə yüzlərlə ailə işsiz qalacaq. Həmişəki kimi...

Ramin DEKO