29.09.2011

“Ramiz Mehdiyevin adamı 15 silahlı ilə qardaşımın kabinetinə gəlib”

Mülkləri əlindən alınmış iş adamı Nurəddin Zülfüqarlı ilə müsahibə

«Hər ay qazancın 80 faizi Rüstəm Şahbazovun kassasına təhvil verilirdi»



başlanğıcı ötən saylarımızda

- Nurəddin müəllim, bəs siz həbsdə ola-ola zavodun səhmlərini necə aldılar? Sənədləşmə necə aparıldı? Səhmlər kimin adına keçirildi?
- Artıq mənim də, qardaşım Loğmanın da qarşısında şərt kəsmişdilər ki, sizin azad olunmanız üçün əmlakı verməyiniz lazımdır. Əks təqdirdə həbsdə qalacaqsınız. Başqa tərəfdən isə Kərəm Həsənovun adamları azadlıqdakı qardaşlarımı tez-tez çağırıb razılaşma ilə bağlı təzyiq edirdilər. Yəni əmlakdan imtina etməsəniz qardaşlarınız həbsdə çürüyəcək, başınız bəladan qurtulmayacaq. Nəhayət, məni qardaşım Baxış Zülfüqarlı ilə görüşdürdülər. Baxış dedi ki, vəziyyət gərgindir, ailələrimiz təhdid altındadır, Kərəm Həsənovla görüşmüşəm, o da deyib ki, get qardaşınla sonuncu dəfə söhbət et, əgər əmlakların verilməsinə razılaşmasanız, sizlər də həbs olunacaqsınız. Baxışla rəisin kabinetində görüşdük, dedi ki, ya səndən imza almalıyam, ya da çıxanda məni də həbs edəcəklər. Çünki Kərəm Həsənov onu buna görə həbsxanaya göndərmişdi. Bir neçə dəqiqədən sonra içəri müstəntiq Emin Məmmədov daxil oldu, o, çox gərgin idi. Emin Məmmədov dedi ki, bu hadisələr onda ürək xəstəliyi yaradıb, çox pis vəziyyətdədir, bəs sən nə düşünürsən? Bildirdim ki, təzyiqiniz çox güclüdür, bəs mən nə etməliyəm? O, qardaşıma etibarnamənin verilməsinin vacib olduğunu deyərək əlavə etdi ki, bu gün bütün məsələlər tam həll olunmalıdır, əks təqdirdə o biri qardaşların da həbs ediləcək. Artıq qardaşıma vəkalət verməyə məcbur oldum, amma inanmırdım ki, əvəzsiz olaraq kiminsə adına keçirə bilərlər. Çünki prosedura görə bu irilikdə müəssisəni kiməsə vermək üçün alqı-satqı olmalıdır. Amma təəssüf ki, vəkaləti verdiyim günü, 30 mart 2006-cı ildə depozit mərkəzindən səhmlərin 80 faizi Rüstəm Şahbazovun qohumu, Lerik rayon sakini Gəray Məmmədovun adına keçirildi.

- Gəray Məmmədov kim idi?

- Araşdırmamız nəticəsində məlum oldu ki, Lerikin Ordahal kəndində kasıb bir vəziyyətdə yaşayır, heç özünün də bu məsələlərdən xəbəri olmayıb. Sadəcə, ona ayda 150-200 manat veriblər, həm də müəssisənin adına keçirilməsi üçün mənzillə təmin edəcəklərini bildiriblər. Bildiyimə görə hələ bu vədi də yerinə yetirməyiblər.

- Yəni alqı-satqı müqaviləsi həyata keçirildi, amma heç nə ödənilmədi, belə demək olarmı?
- Bəli, sadəcə etibarnamə aldılar. Ancaq normal baxımdan bu prosedurların həyata keçirilməsi üçün ən azı iki ay vaxt lazımdır. Qardaşım Baxış Zülfüqarlı deyir ki, o, Kərəm Həsənovla son dəfə görüşəndən sonra ailə üzvlərimizlə məsləhətləşib və qərara gəlib ki, məndən razılıq alsınlar. Martın 30-da onu etibarnamə ilə notariat idarəsinə aparıb, işçi geyimində heç bir şeydən xəbəri olmayan bir adamla görüşdürüblər. Orada qardaşımın həmin adamla söhbət etməsinə fürsət yaranıb, vəziyyətdən, müəssisələrdən məlumatı olub-olmadığını soruşub, görüb heç nədən xəbəri yoxdur. Sadəcə, bağlarda fəhlə işləyib, Rüstəm Şahbazovun əmri ilə gətirib əmlakı onun adına keçiriblər. Qardaşım notariat idarəsində əmlakın həmin adamın adına keçirilməsinin fotosurətini alıb. Gəray Məmmədov bəlkə də cinayətdə iştirakını anlamayıb, amma pis durumda imiş. Məsələ həll olunandan sonra Afət Əliyeva ilə bağlı işə xitam verdilər.

- Beləliklə, 80 faizi aldılar, 17 faiz isə Sizə qaldı. Bəs bu proses necə davam etdi?
- Mən həbsdən azad olunduqdan bir neçə gün sonra Kərəm Həsənov məni və qardaşım Loğmanı görüşə dəvət etdi. Söhbət zamanı yenə etirazımı bildirdim, baş verənlərin qanunsuz, əmlakın geri qaytarılması üçün hüquqi müstəvidə tələblərimi davam etdirəcəyəmi, bu işi belə özbaşına buraxmayacağımı dedim. Kərəm Həsənov məni sakitləşdirməyə çalışdı, o, zorla heç nəyə nail olmağın mümkünsüzlüyünü və yolların olduğunu deyib, problemi həll edəcəyini söylədi. Necə həll edəcəyini soruşanda, bu məsələni onun öhdəsinə buraxmağı, bir zaman içərisində faizlərimizi geri qaytaracağını dedi. Onda mən dedim ki, bunu et, biz də zavodların fəaliyyətini bərpa edək.

- Bu müddətdə zavodların fəaliyyəti dayanmışdımı?
- Bəli. Kərəm Həsənov dedi ki, rəhbərliyin göstərişi var, zavodlar işləməlidir. Dedi ki, mən ora dörd nəfər nümayəndə təyin edəcəm, maliyyə məsələləri onların nəzarətində olacaq, Siz bu işi bildiyinizdən istehsala baxacaqsınız, hər ay istehsal nəticəsində ortaya çıxan 20 faizi Sizə, qalanını isə Əmlak Komitəsinə gətirəcəklər. O, bir daha bu məsələləri qaydaya salacağını vəd etdi. Amma mən inanmırdım, çünki onun çox mahir rol oynadığını bilirdim və inanmadığımı deyib vədini yazılı verməsini istədim. Belə olanda cavab verdi ki, Nurəddin, səninlə danışmaq çox çətindir, çox danışırsan, məsələləri pozacaqsan, yaxşı olar ki, ölkədən get, Loğmanla bu işi davam etdirərik. Gördüm ki, mümkün deyil, artıq bir mafiya ilə üz-üzə qaldığımı hiss etdim, ona görə ölkəni tərk etdim. Hər şey qardaşım Loğmanın öhdəsində qaldı. Loğman da kollektivi toplayıb yenidən kreditlər alıb sərmayələr qoydu və iş bərpa olundu. Gündəlik iş ondan ibarət idi ki, qardaşlarım xammal gətirib istehsal edirdi, maliyyə isə onların təyin etdiyi dörd nəfərin nəzarətindəydi. Ayın sonunda payımıza düşənləri bizə verib, 80 faiz isə Əmlak Komitəsinin rəsmisi Rüstəm Şahbazovun kassasına gedirdi.

- Həmin 80 faiz təxminən nə qədər məbləğ idi?
- 5 il ərzində onlara 11 milyon manat verildi. Əslində bu vəziyyətdə təkcə biz deyildik, bir çox şirkətlər ayın sonunda 80 faizi Rüstəm Şahbazovun kassasına təhvil verirdi. Onun kabinetinin arxa otağında xüsusi hazırlanmış seyflər var idi, bu seyflərin hər “gözünə” 1 milyon yerləşdirmək olurdu, yəni 1 milyon 100 dollar yerləşməzdi, yalnız 1 milyon mümkün idi. Hər ayın sonunda da bu cür pulların təhvil verilməsinə növbə olurdu.

- Bəs 17 faizi sizlərdən necə aldılar?
- Deməli, biz işləməkdə davam etməklə bərabər Kərəm Həsənova vədini xatırladıb haqqımızı tələb edirdik. Ancaq o, hər dəfə bir bəhanə ilə bizi aldadırdı. 2006-cı ildən 2010-cu ilin sonlarına qədər belə davam etdi. Baxmayaraq ki, Kərəm Həsənov fəaliyyətimizə heç bir problemin olmayacağını desə də, müdaxilələr olurdu. Azərbaycan reallığını bilirsiniz, Sosial Müdafiə Fondundan və başqa qurumlardan gəlib pul istəyirdilər. Birtəhər bu cür yoxlamaları yola verirdik. 2010-cu ilin yayında yenidən problemlər başladı, gömrükdə mallarımızı saxladılar, bir sözlə, yerdə qalan 17 faizi də almaq istəkləri bəlli olurdu. Əvvəlcə qarşımıza şərt qoydular ki, zavoda gələn magistral elektrik xəttini dəyişdirmək lazımdır. Anlayırdıq ki, elektrik xəttini dəyişdirdikdən sonra zavodu əlimizdən alacaqlar, amma çarəmiz yox idi. Bir məqamı vurğulayım ki, mən həbs olunanda Poladtökmə Zavodunda armatur istehsal edən avtomatik xətt qurmuşduq, sadəcə betonlaşma işi qalmışdı. Həbsdən çıxanda Kərəm Həsənov dedi ki, gedin nə qədər avadanlıq var, hamısını kəsib əridin. Biz dedik ki, axı, zavoda nə qədər sərmayə qoyulub, iş görülüb, əlimiz gəlmir, bunu necə etmək olar? Amma o, qurğunun kəsilməsini tələb edərək armaturun yalnız “Baku-Steel-Company”nin istehsal edəcəyini bildirdi. Artıq o zaman armaturun başqa çeşidlərinə keçmişdik. Amma Kərəm Həsənov 20 milyonluq avadanlığı bizə kəsdirib əritdi.

- Elektrik xəttinin taleyi necə oldu?
- Bu xəttin çəkilişinə 1 milyon manat sərmayə qoyduq. Çəkiliş zavodun istehsal gücünün 50 faiz artırılması demək  idi. Zavodun bağlanma günü Loğman Zülfüqarlının oturduğu kabinetə Rasim Məmmədov adlı şəxs 15 nəfər silahlı adamla gəldi.

- O kimdir?
- Rasim Məmmədov Ramiz Mehdiyev ailəsinin biznesini idarə edir. Söhbət Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev və kürəkəni Ilham Əliyevin biznesindən gedir. Hazırda Bakıdakı Oksford Universitetini də o idarə edir. Rasim Məmmədov gəlib Loğman Zülfüqarlıya dedi ki, artıq 17 faizin verilməsi zamanı çatıb, zavodu təhvil verib buranı tərk edin. Rasim Məmmədov türklərin müəssisəsinin alındığını və “Baku-Steel-Company”nin də onlara məxsus olduğunu söyləmişdi. Biz etiraz etdik ki, axı belə olmaz, əvvəl 80, indi də 17 faizi, bu, nə deməkdir? Rasim Məmmədov bildirdi ki, əgər deyilənlər yerinə yetirilməsə, yenidən həbs olunacaq, ailənizin də problemləri yaranacaq. Açıq şəkildə dedi ki, bu işin arxasında Ramiz Mehdiyev və Bəylər Əyyubov dayanır. Ondan sonra Bəylər Əyyubovla görüşə cəhd etdik və Loğman onunla görüşə bildi. Loğman vəziyyəti anlatdı, nə qədər sərmayə qoyduğumuz, zəhmətimizi, daha yaxşı işlər görə biləcəyimizi söylədi, doğrusu, o, bir qədər yumşaq yanaşıb qalıb işləyə biləcəyimizin mümkünlüyünü vurğulamışdı. Ancaq Rasim Məmmədov işi elə qurdu ki, sonradan Bəylər Əyyubovla görüşə bilmədik. Və gecəylə bizi ölkəni tərk etməyə məcbur etdilər. Bundan sonra Loğman məcburiyyət qarşısında qalıb 18 milyon dəyərində əmlakı qoyub Azərbaycanı tərk etdi.

- Bəs Kərəm Həsənova vədini xatırlada bildinizmi?
- O, Loğmanı çağırıb daha gücü çatmadığını və zavodu təhvil verməyimizi istədi. Amma yenə də 18 milyonluq əmlakı geri qaytaracağına və ayda da 20 faizi özünün verəcəyinə söz verdi. Əlbəttə ki, bunlar növbəti yalanlar idi, çünki bizi zavoddan çıxartdıqdan sonra heç nə etmədilər. Belə olduqda biz ölkəni tərk edib Türkiyəyə gəlmək məcburiyyətində qaldıq. Ancaq bir müddət sonra Rasim Məmmədov başqa əmlaklarımızı da almağa başladı.

- Söhbət hansı əmlaklardan gedir?
- Bunlar “kupçası” olan özəlləşdirilmiş şəxsi əmlaklardır. Bu mülklər qardaşlarım Loğman və Elnurun adına idi. Həmin mülklər zavodun ətrafındadır. Halbuki, bu mülklərin torpağı da özəl idi. Bizim artıq gücümüz yox idi, çünki Rasim Məmmədov həmişə silahlı adamlarla gəzirdi. Buna baxmayaraq, dövlətin ali orqanlarına etdiyimiz şikayətlərə də reaksiya verilmədi. Bunun əvəzində Rasim Məmmədov qardaşlarımı çağırıb bizim Qaradağ rayonunun Buta qəsəbəsindəki müəssisəmizi istədi.

- Dediniz ki, Rasim Məmmədov əmlaklarımızı tələb edirdi, bəs kimin istəməsi ilə bağlı konkret ad çəkirdimi?

ardı var

Müsahibəni hazırladı: Şahvələd Çobanoğlu