19.09.2011

3 milyonluq təmir 3 il dözmədi

Təzəcə təmirdən çıxan 20 saylı məktəb yenidən təmirə dayandırılacaq

Bakı şəhərinin Yasamal rayonundakı 20 saylı məktəb-lisey daha bir “rekorda” imza atmaq üzrədir. Amma məktəbin bu dəfəki irəliləyişi heç də təhsil sahəsində yox, başqa istiqamətdədir. Söhbət məktəbin qısa müddət ərzində növbəti dəfə təmirə dayandırılacağından gedir. Tədris ili başlayan kimi məktəbin kollektivinə məlum olub ki, məktəb yaxın günlərdə təmirə bağlanacaq və bütün siniflər ayrı-ayrı məktəblərə köçürüləcək.
Artıq sözügedən məktəbin təmiri ilə bağlı redaksiyamıza daxil olan bir məlumatı dərc etmişik. Bu məlumatda təzəcə təmir olunan məktəbin yenidən təmirə dayanması gələn ilki “Eurovision-2012” musiqi yarışması ilə əlaqələndirilir. Belə ki, şəhərin mərkəzində - Şəhidlər və Fəxri xiyabanların, eləcə də parlament və iki mühüm nazirliyin yolu üzərində yerləşən məktəb yeni görkəmə salınacaq.
Başqa məlumatlara görə isə, məsələ unudulandan sonra, ümumiyyətlə, məktəbin təyinatının dəyişdirilməsi planlaşdırılır. Burada iki versiya səslənir. Birinci versiyaya görə, 20 saylı məktəb Fövqəladə Hallar Nazirliyinin strukturuna veriləcək. Məktəbdə FHN-in yeni akademiyası öz fəaliyyətinə başlaya bilər. Ikinci versiyaya görə isə, məktəb Heydər Əliyev adına Müasir Təhsil Kompleksi tipli təhsil ocağına çevriləcək. Və burada artıq təhsil almaq ödənişli əsaslarla mümkün olacaq.
Onu da qeyd edək ki, yenidən əsaslı şəkildə təmir olunacaq 20 saylı məktəbin təmirinə 2007-ci ildə 1 milyon 950 min manat, 2008-ci ildə isə 245 min manat xərclənib. Bu isə üç ildə təxminən bir məktəbin təmirinə 3 milyon dollar vəsaitin xərclənməsi deməkdir.

İnformasiya şöbəsi