8.09.2011

Əliyevin daha bir məxfi görüşünün təfərrüatı açıqlandı


Hakimiyyətə «Wikileaks» şoku:
Azərbaycan rəhbəri ABŞ rəsmisi ilə görüşündə Saakaşvilini Şimali Koreya diktatoru ilə müqayisə edib; Iranı bərbad ölkə adlandırıb

Müxtəlif ölkələrdə çalışan ABŞ diplomatlarının Vaşinqtona ünvanladığı hesabat xarakterli məxfi məktublarını açıqlayan “WikiLeaks” saytının Azərbaycanla bağlı yayımladığı sənədlərin dərcini davam etdiririk. Həmin sənədlərdən biri ABŞ-ın ölkəmizdə səfiri olmuş Enn Dersinin 2007-ci il noyabrın 13-də “mərkəz”ə göndərdiyi məxfi teleqramında Azərbaycana gəlmiş ABŞ dövlət katibinin Avrasiya məsələləri üzrə köməkçisi Daniel Fridin Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə görüşünün detalları öz əksini tapıb.

Ramiz Mehdiyev Daniel Fridi nəyə inandırmağa çalışıb?

Enn Dersi məktubunda yazır ki, 2007-ci il noyabrın 5-də baş tutmuş görüş zamanı PA rəhbəri Ramiz Mehdiyevlə 2008-ci ildə keçiriləcək prezident seçkiləri, ölkədə demokratiya və insan haqlarının inkişaf perspektivləri barəsində fikir mübadiləsi aparılıb: “Daniel Frid müzakirələr zamanı şəffaf və ədalətli seçkilərin, mətbuat azadlığının inkişafının ölkənin gələcəyi baxımından əhəmiyyətli olduğunu Azərbaycan rəsmisinin diqqətinə çatdırıb. Ramiz Mehdiyev isə ABŞ rəsmisini inandırmağa çalışıb ki, 2008-ci ildə keçiriləcək prezident seçkiləri şəffaf və demokratik şəkildə baş tutacaq. PA rəhbəri prezident seçkilərinin Azərbaycanın güclənməsinə stimul olacağını da söyləyib. O, jurnalistlərin qorunmasına ehtiyac olduğunu və media təmsilçilərinə qarşı cəza tədbirlərinin görülməsinə imkan verilməməsinə çalışdığını Daniel Fridin diqqətinə çatdırıb. Mehdiyev mövcud ABŞ-Azərbaycan əlaqələrini tərifləyərək, bundan sonra da Vaşinqtonun Bakıya dəstəklərini gözlədiyini amerikalı rəsmiyə bildirib”.

PA rəhbəri də Rusiya və Iranı ciddi təhlükə görür

Amerikalı diplomat məxfi məktubunda daha sonra iki rəsmi arasında regional problemlərin müzakirə olunduğunu da yazır. Dersi qeyd edir ki, həm Mehdiyev, həm də Frid Rusiya və Iranın region üçün ciddi təhlükə mənbəyi olduğunu etiraf ediblər: “PA rəhbəri və ABŞ dövlət katibinin köməkçisi Iran və Rusiyadan gələn təhlükəyə qarşı Gürcüstanla Azərbaycanın sıx əməkdaşlıq etməli olduğuna dair fikirlərini bölüşüblər. PA rəhbəri Azərbaycanın da Gürcüstan kimi ABŞ-ın dostu qismində qəbul edilməsinin vacibliyini bildirdi. O, həmçinin israr edib ki, Irandan olunan təzyiqlər, eləcə də Azərbaycanın geosiyasi vəziyyəti ölkədə köklü islahatların təkamül yolu ilə həyata keçirilməsini labüd edir. Daniel Frid Mehdiyevə deyib ki, Azərbaycan və Gürcüstanın Avropa Birliyi ilə sıx əməkdaşlıq etməsi ABŞ-ın da strateji maraqları ilə uzlaşır”.

Mehdiyevin susqunluğu, Daniel Fridin xəbərdarlığı

Məxfi teleqramda diqqət çəkən daha bir məqam ondan ibarətdir ki, amerikalı rəsmi jurnalist Eynulla Fətullayevin həbs olunması, ona qarşı iki maddə üzrə cinayət işinin açılmasının xoşagəlməz hal olduğunu və azad mətbuata təzyiqlərdən narahatlıq keçirdiyini söyləyərkən, Ramiz Mehdiyevin ona heç bir cavab verməməsidir. Dersi yazır ki, PA rəhbəri Fridin narahatlığına susmaqla reaksiya verib.  Frid narahatlığının cavabsız qaldığını görərək israrla azad mətbuata təzyiqlərin ABŞ-ın insan haqları və demokratiya yönündəki məqsədlərinə zərər vurduğunu da Mehdiyevin diqqətinə çatdırıb.

Amerikalı rəsmi: “Azərbaycan hökuməti yalnız polis və təhlükəsizlik orqanlarını inkişaf etdirməməlidir”

“Daniel Frid Ilham Əliyevin gələcək strategiyası ilə də maraqlanıb. Ramiz Mehdiyev amerikalı rəsmiyə bildirib ki, Azərbaycan hökuməti müstəqil məhkəmə hakimiyyətinin, azad mətbuatın, ədalətli seçki sisteminin və bank sisteminin inkişaf etdirilməsini planlaşdırır. ABŞ rəsmisi daha sonra əlavə edib ki, Azərbaycan hökuməti yalnız polis və təhlükəsizlik orqanlarını inkişaf etdirməməlidir. Daniel Frid neftdən gələn gəlirlər hesabına iqtisadi artıma nail olmağın, korrupsiyanın qarşısının alınmasının ölkənin sabitliyinin möhkəmləndirilməsinin vacibliyini önə çəkib. Zəif Azərbaycan Rusiya və Iranın maraqlarına uyğundur. ABŞ Azərbaycanla dostluq etmək və onun güclənməsinə dəstək vermək istəyir. Mehdiyev də amerikalı rəsmiyə bildirib ki, Azərbaycan Avropa Birliyinin hissəsi olmaq istəyir”, - deyə Enn Dersi məxfi teleqramında yazıb.

PA rəhbəri amerikalı rəsmiyə nəyi etiraf edib?

2008-ci ildə keçiriləcək prezident seçkilərinin müzakirəsi zamanı Ramiz Mehdiyevin Daniel Fridə Azərbaycanın 1995-ci ildən sonra mərhələli inkişaf etdiyini söylədiyini yazan Enn Dersi qeyd edir ki, PA rəhbəri Ilham Əliyevin xaraktercə demokratik ruhlu insan olduğunu ABŞ rəsmisinin diqqətinə çatdırıb. O, əlavə edib ki, 2008-ci il seçkilərində Ilham Əliyev ən güclü namizəd olacaq. PA rəhbəri bununla yanaşı seçkilərin azad və ədalətli keçiriləcəyini söyləyib. ABŞ səfiri məxfi məktubunda incə bir detalı da vurğulamağı yaddan çıxarmayıb. Dersi yazır ki, 2008-ci ildə keçiriləcək prezident seçkilərinin müzakirəsi zamanı Ramiz Mehdiyev Daniel Fridə Azərbaycanda ötən illərdə baş tutmuş seçkilərdə problemlər olduğunu da etiraf edir. Lakin PA rəhbəri bu etirafından sonra dərhal sözlərinə düzəlişlər edərək “dünyanın heç bir ölkəsində 100 faiz ədalətli şəffaf seçki keçirilmir” cümləsini əlavə edib.

Ramiz Mehdiyev Rusiya və Iranı region üçün “başağrı” adlandırıb

“Regional problemlərin müzakirəsinə qayıdan Mehdiyev Daniel Fridə bildirb ki, Azərbaycanın geosiyasi vəziyyəti onun ABŞ-la əməkdaşlıq etməsini qaçılmaz edir. Çünki Rusiya və Iran Azərbaycan üçün ciddi başağrılarıdır. Mehdiyev əlavə edib ki, Iran daxili rejimini Azərbaycana ixrac etməklə və ölkədə sabitliyi pozmaqla Bakı üçün ciddi təhdidlər yaradır. Mehdiyev hökumətin Azərbaycanda Iranın güclü təsirinin olduğunu bildiyi üçün Tehranla münasibətlərə həssas yanaşır. PA rəhbəri Irandan Azərbaycana narkotik maddələrin keçirildiyini və radikal şiə qruplaşmalarının fəaliyyətinin yaratdığı təhlükələri ön plana çıxarıb. PA rəhbəri Ermənistanın Rusiyanın dəstəyi ilə Azərbaycanın 20 faiz ərazisinin işğalını davam etdirdiyini də Daniel Fridin diqqətinə çatdırıb. O, deyib ki, Rusiya Ermənistanla öz ”qarovulxanası” kimi davranır. Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində, eləcə də digər regional problemlərdə Azərbaycan ilə səmimi ola bilməz. Mehdiyev əlavə edib ki, Azərbaycan hökuməti Rusiyanın niyyətini yaxşı başa düşür və Azərbaycanı dəstəkləyə biləcək tək dövlətin ABŞ olduğunu anlayır”, - deyə Enn Dersi Vaşinqtona ünvanladığı gizli məktubunda qeyd edib.

Ilham Əliyev Daniel Fridə nədən şikayətlənib?

“WikiLeaks” saytının Azərbaycanla bağlı açıqladığı başqa bir sənəd isə ABŞ dövlət katibinin Avrasiya məsələləri üzrə köməkçisi Daniel Fridin Ilham Əliyevlə görüşündən bəhs edir. ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Donald Lunun 15 noyabr 2007-ci il tarixli məxfi məktubunda Əliyev-Frid görüşü barəsində öz qeydlərini yazır: “Noyabrın 3-də Daniel Frid Ilham Əliyevlə görüşüb. Görüş zamanı qarşıdan gələn 2008-ci il prezident seçkiləri, ölkədə insan hüquqları və söz azadlığının durumu və inkişaf istiqamətləri, Dağlıq Qarabağ problemi ətrafında müzakirələr aparılıb. Daniel Frid prezident seçkilərinin azad və ədalətli şəkildə baş tutması Azərbaycanın və Ilham Əliyevin özünün mövqelərinin güclənməsinə stimul olacağını bildirdi. Əliyev öz növbəsində ötən illərdə baş tutmuş seçkilərə toxunaraq beynəlxalq ictimaiyyətin, mətbuatın və ATƏT müşahidəçilərinın yaxından izləməsinə imkan yaradıldığını, lakin prosesə ədalətli yanaşılmadığını söyləyərək, ona ədalətsiz olaraq diktator damğası vurulmasından şikayətlənib. O, Daniel Fridə bildirib ki, reallıqda Ukrayna və Gürcüstandakı seçkilərin Azərbaycandakı seçkilərdən daha çox şəffaf olmadığı halda Ukrayna ilə Gürcüstandan fərqli olaraq Azərbaycan rüsvay edilib”.

Azərbaycan rəhbəri: “700 adamı azad etmişəm. Amma mənə yırtıcı və diktator damğası vururlar”

Donald Lu yazır ki, Ilham Əliyev ABŞ və beynəlxalq təşkilatların Azərbaycan hakimiyyətinə münasibətdə qərəzli davranmasından Daniel Fridə gileylənib. Azərbaycan rəhbəri Saakaşvilinin Gürcüstanda, Yuşşenkonun Ukraynada, Köçəryanın Ermənistanda törətdiyi qanun pozuntularını xatırladaraq onlara nisbətən Azərbaycanın daha çox hədəf götürüldüyünü bildirdi. Azərbaycan rəhbəri onu da əlavə edib ki, gürcü həmkarı Mixail Saakaşvili 15ÿ000 insanı həbs etdirdiyini şəxsən ona söyləyib. Ukrayna prezidenti Yuşşenkonun isə ölkə qanunlarını 50 dəfə pozduğunu bildirib. Və qeyd edib ki, əgər ABŞ Azərbaycanı tərəfdaş görürsə bizi sərt tənqid etməməlidir. Ilham Əliyev daha sonra bildirib ki, o, 2003-cü il prezident seçkiləri zamanı 76 faiz səs toplayıb. Mixail Saakaşvilinin isə seçkilərdə 96 faiz seçicinin səsini qazandığı elan edilib. Bu isə dünya praktikasında Şimali Koreya lideri Kim Yonq Il istisna edilməklə görünməmiş hadisədir. Azərbaycan rəhbəri isə 700 dustağı azad etməsinə baxmayaraq, onun ünvanına yırtıcı və diktator damğası vurulmasını ədalətsiz adlandırıb.

Əliyev Eynulla Fətullayevin kimlərin məlumatlarına istinad etdiyini söyləyib?

Məxfi məktubda o da yazılıb ki, Əliyev-Frid görüşü zamanı jurnalist Eynulla Fətullayevin həbsi müzakirə olunub. Lu teleqramda yazır ki, Ilham Əliyev Daniel Fridə ölkədə jurnalistlərin həbsinə pis baxdığını söyləyib. Lakin Azərbaycan rəhbəri Eynulla Fətullayevin fəaliyyətinin ölkənin təhlükəsizliyinə və sabitliyinə xələl gətirdiyini amerikalı rəsminin diqqətinə çatdırıb: “Əliyev bildirdi ki, Fətullayev rus hərbçilərinin hazırladığı məlumatlara istinad edərək Qarabağ savaşı zamanı azərbaycanlıların bir-birini öldürdüyünü yazıb. Fətullayevin cümləsi Azərbaycanın imicinə ciddi zərbə vurub. Onun 8 il yarım azadlıqdan məhrum edilməsi cəzası ağır ola bilər, ancaq bu cəza onun Azərbaycana vurduğu zərbəyə görədir”. 

“Sərkisyan daha çox əyalət təfəkkürlü insandır”

Donald Lu daha sonra qeyd edir ki,  Prezident Aparatında iki saatlıq görüşdən sonra Ilham Əliyev, Elmar Məmmədyarov, Daniel Frid və səfir Enn Dersi müzakirələri 3 saatlıq nahar süfrəsi ətrafında davam etdiriblər. Əliyev müzakirələr zamanı Dağlıq Qarabağ probleminə toxunaraq bildirib ki, Ermənistanın indiki prezidenti Serj Sarkisyan sələfi Robert Köçəryandan fərqli olaraq daha çox əyalət təfəkkürlüdür. Azərbaycan rəhbəri münaqişənin həllindən sonra Ermənistanla ikitərəfli əlaqələri davam etdirməyin mümkün olduğunu da söyləyib. Ilham Əliyev MDB və Rusiya ilə münasibətlərinə də toxunaraq qeyd edib ki, Azərbaycan Rusiya ilə münasibətlərini məsafəli saxlamağa çalışır. O, hətta Putinə Saakaşvili haqqında təhqiredici ifadələr işlətməsini dayandırmağı da xahiş etdiyini bildirib. Irana gəlincə isə Əliyev Iranın ölkə kimi bərbad halda olduğunu vurğulayıb. Lakin enerji asılılığına görə Iranla da normal münasibətlər saxlamağın tərəfdarıdır.

Siyasət şöbəsi