8.09.2011

Azərbaycandakı korrupsiya beynəlxalq hesabatda


Dünya Iqtisadi Forumu ölkəmizdə ən çox korrupsiyalaşmış sahələri açıqladı

Dünya Iqtisadi Forumu növbəti - 2011-2012-ci illər üzrə Qlobal rəqabətə davamlılıqla bağlı hesabatını açıqlayıb. Hesabatda Azərbaycan 142 ölkə arasında 55-ci yerdədir. Başqa sözlə, ötənilki göstəricisindən iki pillə irəliləyib. Hesabatda Azərbaycan iqtisadiyyatı inkişafın birinci dərəcəsindən ikinci dərəcəsinə keçən ölkələr qrupuna aid edilib.
Dünya Iqtisadi Forumunun qənaətincə, Azərbaycanda biznesin qarşısında duran əsas problem korrupsiyadır. Qurumun keçirdiyi sorğuda iştirak edən iş adamlarının 19,6 faizi biznesə ən böyük maneənin korrupsiya olduğunu deyib. Biznesə mane olan digər 15 faktor sırasında maliyyənin əlçatımlılığı, vergi qanunvericiliyi, infrastrukturun pis inkişafı, vergi dərəcələri, ixtisaslı işçi qüvvəsinin olmaması, dövlət bürokratiyası, inflyasiya, qeyri-sabit siyasət, qənaətbəxş olmayan səhiyyə və s. yer tutur.
Hesabatda Azərbaycan yalnız əmək bazarının effektivliyinə və makroiqtisadi stabilliyə görə ön sıralardadır, müvafiq olaraq 14-cü və 16-cı yerdədir. Ən pis vəziyyət isə səhiyyə və ibtidai təhsillə bağlıdır, bu göstərici üzrə Azərbaycan 105-ci yerdə dayanır. 142 ölkənin yer aldığı qlobal rəqabətə davamlılıq siyahısına Isveçrə başçılıq edir. Ilk beşlikdə Sinqapur, Isveç, Finlandiya və Birləşmiş Ştatların adları sadalanır. Dünyanın iri iqtisadiyyatı olan Çin 26-cı yerdədir. Il ərzində Çin reytinqdə bir pillə yüksəlib. Dünyanın ən çox rəqabətə davamlı olmayan ölkəsi isə Çaddır.
Dünya Iqtisadi Forumunun Qlobal rəqabətlilik indeksi müxtəlif ölkələrin iqtisadi rəqabət qabiliyyətini müəyyən edir. Bura 110 meyar, o cümlədən ölkələrin makroiqtisadi göstəriciləri, infrastruktur, səhiyyə və ibtidai təhsil, rabitə, əmlak bazarının effektivliyi, maliyyə bazarının inkişafı və digər sahələrin inkişaf səviyyəsi aiddir.
Qeyd edək ki, hesabatın hazırlanması üçün Dünya Iqtisadi Forumu müxtəlif ölkələrdən olan sahibkarlar arasında sorğu keçirir. Son hesabatla bağlı 142 ölkədən olan 14 min iş adamı qurumun suallarına cavab verib. Dünya Iqtisadi Forumu müstəqil beynəlxalq qeyri-hökumət təşkilatıdır. 1971-ci ildə yaradılıb, mərkəzi ofisi Cenevrədədir. Təşkilat əsasən iqtisadi sahədə araşdırmalarla məşğuldur.


“Azadlıq” radiosu