10.09.2011

Heydərov “Buta Palace”da oğluna toy etdi

Toyda onun «Kamal» təxəllüsü ilə bəstələdiyi mahnılar da ifa olunub
“Azadlıq”ın ötən saylarından birində mötəbər mənbəyə istinadən fövqəladə hallar naziri Kəmaləddin Heydərovun sentyabrın 9-da böyük oğlu Taleh Heydəroba toy çaldıracağını bildirmişdik.
Beləliklə, dünən “Buta Palace”də fövqəlnazirin oğlunun toyu keçirilib. Xəbər verilir ki, toyda Kəmaləddin Heydərovun dünyanın müxtəlif ölkələrindən, xüsusilə Avropadan və Dubaydan qonaqları iştirak edib. Məhz bununla bağlı olaraq Kəmaləddin Heydərova məxsus olduğu bildirilən hotellərdə son iki-üç gün imiş ki, sifarişlərin qəbul olunmadığı da məlumatlar arasındadır. Bunun isə toyda iştirak edən hörmətli qonaqların rahat yerləşdirilməsi məqsədilə edildiyi istisna olunmur.
Toya gəldikdə isə, məclisin kifayət qədər təmtəraqlı keçdiyi bildirilir. Dünyanın məşhur müğənniləri ilə yanaşı bir neçə yerli müğənninin də iştirak etdiyi toyda, xüsusilə yerli musiqiyə daha çox yer verilib. Ən maraqlısı isə, toyda Kəmaləddin Heydərovun “Kamal” təxəllüsü ilə bəstələdiyi mahnıların da ifa olunması olub.