10.09.2011

Ən yaxın müttəfiqi də Əsəddən üz döndərdi

Əhmədinejad Suriya diktatorunu zorakılıqları dayandırmağa və müxalifətlə dialoqa səsləyib
Suriyada Bəşər Əsəd rejiminə etirazlar davam etdiyi vaxt müxaliflər Rusiyadan daha çox dəstək gözlədiklərini açıqlayıb. “AFP” agentliyinin verdiyi xəbərə görə, suriyalı müxaliflər Əsəd rejiminə qarşı beynəlxalq ictimaiyyətin dəstəyini qazanmaq üçün lobbiçilik fəaliyyətini gücləndiriblər.
Rusiya Dövlət Dumasının beynəlxalq əlaqələr komitəsinin rəhbəri Mixail Marqelovla görüşən Suriya müxalifətinin təmsilçiləri prezident Dmitri Medvedevin dəstəyinin vacib olduğunu bildiriblər. Suriya Milli Insan Hüquqları Təşkilatının sədri Əmmar Kurabinin də aralarında olduğu müxaliflər Rusiya rəhbərliyini Əsəd rejiminə qarşı daha sərt mövqe sərgiləməyə çağırıb.
Bu arada Suriya rəsmi xəbər agentliyinin xəbərində bildirilir ki, Bəşər Əsədin istefasını tələb edən nümayişçilər hərbçilərin olduğu avtobusu partladıblar. Nəticədə 11 əsgər və 4 dinc sakin həlak olub. Hums şəhərində isə rejim əleyhdarları ilə müxaliflər arasında yaranmış silahlı qarşıdurma zamanı 20 nəfər həlak olub. Qarşıdurma zamanı 20 dinc sakinin də öldüyü bildirilir.
Bundan başqa, Bəşər Əsəd rejimi ən yaxın müttəfiqini itirmək təhlükəsiylə üzləşib. Ölkədə altı aydır davam edən rejim əleyhinə etirazlara baxmayaraq, Bəşər Əsədə dəstək verən Iran prezidenti Mahmud Əhmədinejad Portuqaliya televiziyasının canlı yayımında gözlənilməz fikirlər səsləndirib. Əhmədinejad Əsədi etirazçılara qarşı zorakılıqları dayandırmağa və müxalifətlə danışıqlara başlamağa çağırıb: “Problemlər dialoq yolu ilə həll edilməlidir”.


Informasiya şöbəsi