10.09.2011

“Ölkədə qaydasız döyüş gedir”

Xədicə İsmayılova: «Dövlət başçısı diqqətli olsaydı, yəqin ki, o, teleqramlarda ona istinad olunan fikirləri söyləməzdi»


«Elmar Hüseynovun qətli ilə bağlı araşdırma aparmağı çox istəyərdim»


Müsahibimiz tanınmış araşdırmaçı jurnalist Xədicə Ismayılovadır. X.Ismayılovanın adının son zamanlar WikiLeaks-in informasiyalarında prezidentin “diqqət” göstərdiyi jurnalist kimi gündəmə gəlməsinə münasibəti və bir sıra başqa məsələlərlə bağlı maraqlı söhbətlə tanış olun.

- Xədicə xanım, hazırda WikiLeaks-in informasiya yağışı bütün dünyanı çaşdırmaqda davam edir. Bu, jurnalistika peşəkarlığına mənfi və müsbət mənada nə qədər təsir edəcək?
- Indiyə kimi jurnalistlərin belə imkanı olmayıb ki, bu qədər böyük həcmdə ictimai əhəmiyyətli məlumatla belə qlobal şəkildə üzləşsin. Belə bir hadisə indiyə qədər olmadığı üçün bu qədər yararlanmaq istədiyimiz məlumatla davranmaq təcrübəsi yoxdur. Ona görə, hə, baş verənlər bir qədər bizi də çaşdırıb. Biz bu məlumatlardan istifadə edəkmi, onlara inanaqmı, yoxsa inanmayaq? Əslində bütün dünya jurnalistləri belə qərara gəldilər ki, bu məlumatlardan istifadə etsinlər. Görünür, onlar bu məlumatların mötəbərliyinə inanmış oldular. ABŞ-da da bu məlumatların oğurlanmasında iştirak etmiş şəxsin məhkəməsi gedir. Əgər adamı oğurluqda günahlandırırlarsa, deməli, bu məlumatların həqiqətən də oğurlandığı təsdiqlənir. Ona görə, mən şəxsən bu məlumatların mötəbərliyini şübhə altına almıram. Digər tərəfdən, artıq oğurlanmış məlumata hansısa korrektələr edilərək ötürülməsi ehtimalı var. Biz kiçik ölkəyik. Ona görə inanmıram ki, Julian Assancın və dünya güclərinin hansısa niyyətlərlə materialları saxtalaşdırmağa marağı olsun. Mən şəxsən buna şübhə edirəm. Düşünmürəm ki, bizə qarşı belə bir təxribat olmuş ola.

Özgə məktublarını oxumaq olarmı?

- Burada peşəkarlıq baxımından diqqəti çəkən məsələ məlumatların ABŞ diplomatlarının imzası ilə yayılmasıdır. Yəni, əslində ABŞ Dövlət Departamentinin də belə bir açıqlaması oldu ki, onlar bu məlumatları təkzib etməyəcəklər. Amma başqa tərəfdən, bu məlumatların emal olunması hansı nəticə verəcək? Insanların informasiyaya marağı öləcəkmi?
- Informasiya heç zaman artıq olmur. Çox informasiyanın da heç zaman ziyanı ola bilməz. Bu, nonsensdir. Kim bunun əksini düşünürsə ki, informasiya çox gəlsə insanlar çaşarlar və ya bu nə cürsə onları azdırar, bu, doğru deyil. Informasiya lazımdır və nə qədər çox olsa, o qədər yaxşıdır. Sonda insanlar bu informasiyanı qəbul edib, hansı nəticələri çıxarmağa özləri qərar verəcəklər. Bu məlumatların maraqlı olmasına gəlincə, bu onunla əlaqədardır ki, yayılan informasiyalar ictimai əhəmiyyətli məsələlərdir. WikiLeaks-in yaydığı informasiyaların böyük hissəsi əhəmiyyətlidir. Diplomatların imzası ilə məlumatların yayılmasına gəlincə, bizə uşaqlıqdan öyrədiblər ki, başqalarının məktublarını oxumaq olmaz. Amma hansısa ölkənin büdcəsindən əmək haqqı alan bir məmurun iş vaxtı yazdığı rəsmi xətlə yolladığı məktub artıq şəxsi məktub deyil. Bu, artıq ictimai əhəmiyyətli məsələdir. Başqa ölkənin seçkili vəzifə sahibi haqqında yazılmış məktub da ictimai əhəmiyyətli məsələdir. Ona görə bu məsələlərin ictimai əhəmiyyəti məktubların necə əldə edilməsi ilə bağlı olan etik məsələləri arxa plana keçirir.

- Bayaq siz dediniz ki, dünyanın nəzəri böyük güclərinin Azərbaycanla bağlı informasiyaları saxtalaşdırmaqda maraqları yoxdur. Amma həqiqətlərin yayılma marağı ola bilərmi?
- Doğrusu bu məktub yağışından Dövlət Departamentinin özü çox əziyyət çəkib. Güman edirəm ki, ən çox itirən tərəf də onlardır. Düzü, mənə inandırıcı görünmür ki, bu, mərkəzləşdirilmiş və hər hansı tərəfdən idarə olunan axındır. Hərçənd ki, Azərbaycanla bağlı bütün məsələlər açıqlanandan sonra mənim də xəyal qırıqlığına uğradığım məsələlər oldu. Mən gözləyirdim ki, 2006-dan əvvəlki hadisələr üzə çıxacaq. 2005-ci ildə “exit-poll”la bağlı həqiqətləri, bu seçkilər ərəfəsində ABŞ səfirliyinin hansı rol oynadığını öyrənəcəyik. Təəssüf ki, bütün bunlar öyrənilmədi. Eyni zamanda Elmar Hüseynovun qətlinə dair hansı məlumatların olduğunu görə bilmədik. Mən dəfələrlə vurğulamışam ki, 2005-ci ildə keçirilən “exit-poll”la bağlı cəmiyyətin ciddi şübhələri var idi. Bu şübhələrə izahatı istəyirdim WikiLeaks-də tapım. Amma 2005-ci il seçkiləri ilə bağlı heç bir sənəd açıqlanmır.

Dövlət başçısının “diqqəti”

- WikiLeaks-də sizinlə də bağlı maraqlı məlumatlar var. Orada vurğulanır ki, sizin fəaliyyətinizi, araşdırmalarınızı dövlət başçısı izləyib. Sizcə, dövlət başçısı jurnalistikaya diqqətli adamdırmı?
- Düzü, mən bilmirəm o, nə qədər diqqətlidir. Əgər kifayət qədər diqqətli olsaydı, yəqin ki, o, teleqramlarda ona istinad olunan fikirləri söyləməzdi. Diqqəti kifayət qədər olsaydı görərdi ki, yazdıqlarımız da, efirdən dediklərimiz də qiymətləndirmə deyil, faktlardır. Biz heç kimə qarşı xüsusi ittihamlar irəli sürmürük. Misal üçün, dövlət başçısı bir neçə dəfə şikayət edir ki, “Bayraq Meydanı” ilə bağlı tənqidi fikirlər var. “Bayraq Meydanı” ilə bağlı medianın yazdığı tənqidlərin əsası nə idi? Əsas məlumat o idi ki, insanlar məcburi köçürülür, heç bir kompensasiya verilmir, proyektə çox böyük büdcə ayrılıb. Nəticədə nə oldu, dünyanın ən uzun bayraq dirəyi bu statusda cəmi bir il qala bildi. Bir ildən sonra Tacikistanda ondan da uzun bayraq dirəyi ucaltdılar. Nəzərə almaq lazımdır ki, bu tənqidlər də ekspertlərin dilindən səslənirdi. Bu layihənin bahalılığı, nə dərəcədə əsaslandırılması, xərcin nə qədər düşünülmüş və məsləhətləşmiş olduğunu sual edirdik. Məncə, jurnalistika bunu etməlidir.

- Mən peşəkarlıq ifadəsini siyasi peşərkarlıq baxımından işlətmədim. Belə görünür ki, o, siyasi medianı ya izləyir, ya da ona izlətdirirlər.
- Bilmirəm, dövlət başçısına diqqətinə görə təşəkkürmü etməliyəm? Amma yazırıq ki, oxusunlar. Burada qeyri-təbii nə var ki?

- Mənim üçün maraqlı ondan ibarətdir ki, WikiLeaks-də qeyd olunur ki, Enn Dersi Ramiz Mehdiyevlə iki dəfə Qənimət Zahidin həbsi ilə bağlı danışsa da, o, tamamilə başqa məsələlərə söhbəti dəyişib. Yəni ayrı-ayrı fərdlə mənfi münasibəti diqqət saymaq olarmı?
- Əslində ölkədə vəzifəli şəxsiyyətləşdirilmə problemi var. Yəqin ki, məmurlar hesab edirlər ki, məhz onlar bu vəzifə ilə assosiasiya olunmalıdırlar. Onlar öz vəzifələrini bir institut kimi deyil, şəxsi ərazisi kimi qəbul edirlər. Hesab edirlər ki, hər hansı vəzifəni tutan və yaxud hər hansı işin sahibi də məsələyə o cür yanaşır. Yəni, mən Xədicə Ismayılova jurnalist olaraq yazmıram, hansısa daxili qərəzimdən istifadə edirəm.
Tənqidçi müxalifətçi demək deyil

- Mən elə söhbəti bura gətirmək istəyirəm, siz məhz tənqidi mövqedən yazmısınızmı?
- Görünür, məmurlar şəxsi qərəzlərindən istifadə edərək peşə fəaliyyəti ilə məşğul olurlar. Yəqin ki, ölkədə vəziyyət elə ona görə pisdir ki, şəxsi qərəz onların vəzifə borclarından daha üstündür. Mənim simpatiyam və antipatiyam ola bilər. Amma işimi bunlardan kənarda tutmağa çalışıram. Mən də həmişə peşəkar olmamışam. Mənim qeyri-peşəkar, yenicə öyrəndiyim, sualları dəqiq qoymadığım, faktları qiymətləndirmədən ayırmadığım vaxtlar olub. Amma ki, son səkkiz ildə yadıma gəlmir ki, belə bir şey edim. Konkret fakt göstərsəydilər ki, hansısa halda şəxsi münasibətimi faktdan daha üstün tutmuşam?! Güman edirəm ki, bu zaman konkret cavab verərdim. Amma bu iddia əsassızdır.

- Ittihamı fakt saymaq olmaz. Amma sizə qarşı ittiham budur ki, siz müxalifətçi mövqeyindən fəaliyyət göstərirsiniz. Siz bu ittihamı neçə faiz qəbul edirsiniz?
- Tənqidçi müxalifətçi demək deyil. Mənim müxalifət partiyalarına, liderlərinə də kifayət qədər tənqidi yanaşmam olub. Amma səlahiyyətləri daha artıq və məsuliyyəti daha böyük olan hökumətə də səlahiyyətləri və məsuliyyətləri çərçivəsində sual, tənqidlərim olur. Mən heç vaxt simpatiyalarımı açıqlamıram. Bu, mənim qaydamdır. Buna xüsusi önəm verirəm. Çünki jurnalistin işi tərif demək deyil, tənqid etməkdir. Indi hökumət başında onlardır, onlar tənqid olunur. Sabah başqaları olacaq, onlar tənqid olunacaq. Müxalifət də öz səlahiyyətləri çərçivəsində hansısa işi pis görürsə, onu da tənqid edəcəyik.

- Söhbət peşəkarlıqdan düşmüşkən... Azərbaycanda araşdırma jurnalistikasının ən yaxşı nümunəsini son zamanlar siz yaratmısınız. Həm siyasi, həm də ictimai əhəmiyyəti olan bir neçə araşdırma təqdim etmisiniz? Bizdə araşdırma jurnalistikası niyə böhran keçirir? Bunun səbəbləri nədir?
- Başlıca səbəb budur ki, bazar yoxdur. O mətbu orqanları bu araşdırmaları yaymağa qorxmurlar, onların bu araşdırmaları almağa pulu yoxdur. Jurnalist bir araşdırmaya azı iki həftə vaxt sərf edir. Bu iki həftəlik araşdırmanın pulunu da verməyə hər media orqanının gücü çatmır. O media orqanlarının ki, bunu etməyə pulu var, onlar bunu yaymaqda maraqlı deyillər. Mən olur ki, araşdırmamı pulsuz edirəm. Gündəlik işimi görürəm, daha sonra araşdırmamı aparıram. “Azadlıq” radiosunda araşdırma eləmək üçün nisbətən şərait var. Bəzi həmkarlarımız kifayət qədər yaxşı araşdırmalar qoyurlar ortaya. Digər həmkarlarımızın da maraqlı araşdırmaları olur. Bir də araşdırmalar var ki, onların kifayət qədər peşəkar görsənməsi üçün çox xırda şərtə ehtiyac var. Bu o məsələlərin təqdimatı ilə bağlıdır. Jurnalistin gəldiyi nəticəni, daha sonra faktları vermək məsələləri var. Hətta ən yaxşı faktları belə çox pis təqdimatla öldürmək mümkündür. Onda bu faktlar qiymətləndirmənin içində itib batır.

Qaydasız döyüşün getdiyi ölkədə qaydalı jurnalistika

- Qaydaları da bilmək üçün istedad lazımdır?
- Qaydaları bilmək üçün istedad lazım deyil. Ölkədə qaydasız döyüş gedir və qaydasız döyüşün getdiyi ölkədə qaydalı jurnalistika ilə məşğul olmaq çətindir. Bunu çox az adam etməyə hazırdır. Çünki yerli media orqanlarının heç birində səndən qaydalı oyun gözləmirlər. Səndən onlar öz qaydalarına uyğun oyun gözləyirlər. Ona görə də bu yolu seçən adamlar azdır. “Azerfon”la bağlı araşdırmanın yarısı üç il bundan əvvəl işlənmişdi. Hələ o zaman “Azərfon”un təsisçisinin “Siemens” deyil, Panama şirkətləri olduğunu tapmışdıq. Bircə həmin şirkətlərin kimə məxsus olduğunu bilmirdik. Bu məqamda ilişib qaldım. Bu saxtakarlıqdan kim qazanır sualının cavabını tapa bilmədiyim üçün dedim qoy bu qalsın, sonra işləyərəm. 2011-ci ildə qarşıma bir insan çıxdı və mən şirkətlərin dövlət reyestrinə çıxış əldə edə bildim. Başladım axtarmağa. Tapdığım şirkətlərdən beşi tanış şirkətlər idi. Tanış adları gördüm, sonra həmin faktlar mənim sənədlərimlə üst-üstə düşdü. Əsas odur ki, davamlı olaraq bir şeyi izləməyi bacarasan. Çox zaman biz başladığımız işləri tamamlamağı bacarmırıq. Bu, mənim də qüsurumdur. Biz bir işi başlayırıq, ondan birinci nəticəni əldə edəndən sonra dayanırıq. Elə bilirik ki, hər araşdırmanın bir konkret sualı var. Bundan kim qazanır? Hansısa sistemdə yolsuzluq, qanunsuzluq varsa, bundan qazanan, maraqlı olan bir adam olmalıdır. Pullar kiminsə cibinə getməlidir? Buna ingiliscə deyirlər “follow the money”, yəni, pulu izlə. Pulun son anda gedib kimin cibinə girdiyini izləmək lazımdır. Onu izləmirsənsə, araşdırmalar yarımçıqdır. Çox zaman hansısa qanunsuzluğu tapırıq və orada dayanırıq.
Mən şokolad deyiləm hamının xoşuna gəlim

- Siz peşəkar araşdırma ilə məşğulsunuz. Qaydasız döyüş meydanında qayda ilə döyüşürsüz, amma yenə də tənqidə məruz qalanların liderləri sırasındasınız...
- Mən şokolad deyiləm hamının xoşuna gəlim. Tənqid eləyirlər-eləyirlər də. Burada nə var ki?

- Mənim sualımın motivi ondan ibarət deyil ki, siz hamının xoşuna gəlməlisiniz. Sualımın canı ondan ibarətdir ki, bu ölkədə qaydasız oyun müstəvisində qaydasız və ya qayda ilə döyüşəndə onsuz da tənqidə və ya təzyiqə məruz qalırsız...- Mən oyun qaydalarına ona görə riayət eləmirəm ki, problemim az olsun. Zatən oyun qaydalarına riayət edəcəyin təqdirdə belə, kifayət qədər problem yarana bilər. Oyun qaydalarına ona görə riayət edirəm ki, özüm gördüyüm işdən razı olum. Bunu özümün daxili sabitliyim üçün edirəm. Düşünmürəm ki, kiminsə bunu tənqid və təqdir etməsi mənim dəyərlərimi sarsıdacaq. Mənim dəyərlərim var və bu dəyərlər dürüstlük, düzlükdür. Bu dəyərlərə uyğun olmağa çalışıram. Ona görə yox ki, bu məni problemlərdən azad edəcək, ona görə ki, beləsi daha doğrudur.

- Bu dəqiqə nəyi araşdırmaq istəyərdiniz?
- Elmar Hüseynovun qətli ilə bağlı araşdırma aparmağı çox istəyərdim. Bu barədə çox düşünürəm. Bunu etmək həm cəmiyyətə, həm özümüzə lazımdır. Çünki insanı narahat edən küçədəki, blokdakı təhlükə deyil. Narahat edən odur ki, bu təhlükələrin bir gün olmaması üçün özümüz də heç bir iş görmürük. Biz gərək günahkarları tapaq, insanlar kimin günahkar olduğunu bilsin. Bu bizim daxili sabitliyimiz üçün də lazımdır. Söhbət mənim Elmar Hüseynovun peşəkar fəaliyyətinə münasibətimdən getmir. Bu ölkədə bəziləri danışılan, yazılan sözə görə kimisə öldürməyə gücü çatacağını düşünürsə, bu artıq hamı üçün təhlükədir. Belə ölkədə heç kim rahat, ruhi balans içərisində yaşaya bilməz. Buna son qoymaq lazımdır. Adamın qanı boşa getməməlidir.

MTN-in özünə məxsus dəvəti

- Bu araşdırmada ilkin maneəni nədə görürsünüz?
- Qorxuram. Qorxuram ki, bacarmaram. Nəyisə səhv edərəm. Çünki istənilən böyük işdən çəkinirsən. Böyük bir araşdırmaya başlayanda özünə sual edirsən ki, onu sona çatdıra biləcəksənmi? Yoxsa bütün əməyin boşa gedəcək. Ilk düşüncə budur. Sonda sən bütün müsbət və mənfi məqamları tərəziyə qoyursan. Və qərara gəlirsən ki, işin uğur ehtimalı var. Əvvəlcə araşdırmaq sonra danışmaq lazımdır.

- Bir hadisə olmuşdu - Azərbaycanda üç media rəhbərini MTN-ə dəvət etmişdilər. Məqsəd Elmar Hüseynovun qətli ilə bağlı informasiyaların yayılmaması idi. Siz bu barədə sənədə imza atmadınız. Sizcə, Azərbaycan hakimiyyəti bu qətl ilə bağlı məlumatların yayılmamasını nəyə görə istəmir? Dövlət başçısının qətldən sonra belə bir açıqlaması oldu ki, bu, hakimiyyətə atılan bir güllədir. Əgər bu güllə hakimiyyətə atılıbsa, nəyə görə ciddi araşdırılmır?- Bu, yaxşı sualdır. Biz də bu sualı verməkdə davam edirik. Elə bu sualı eşitməmək üçün də çalışırlar ki, heç kəs bu barədə danışmasın. Eynulla Fətullayevin həbsxanadan göndərdiyi məktublardan və bizim tok-şoulardan sonra məndən soruşdular ki, bu məlumatları niyə verirsiniz. Doğrusu, biz çox düşündük bu məlumatlar həqiqətdirmi? Sonda biz MTN-in mətbuat xidmətinə zəng vurduq və dedik ki, bizdə belə məlumatlar var. Oradan aldığımız cavab ondan ibarət oldu ki, biz Eynulla Fətullayevin heç bir iddiasını araşdırmırıq. Bu, mənim üçün kifayət qədər çox şeyi ifadə edən cavab idi. Istintaq orqanının işi hansısa istintaqla bağlı məlumat verən mənbənin siyasi baxışlarını, şəxsi keyfiyyətlərini təftiş etmək deyil. Istintaq orqanı bütün versiyalar üzərində işlənməlidir. Biz bu cavabı eşitmədik. Başqa cavab aldıq. Bu səbəb ola bilməzdi ki, biz bu məlumatları yaymayaq. Amma hər bir halda, MTN-in yanaşmasını ifadə edən cavab idi. Güman edirəm ki, MTN-də bu yanaşmanın təftiş olunmasından narazılıq halı var idi. Ona görə jurnalistləri zəng elətdirib çağırırdılar. Bu dəvətdə mədəni təhdid də var idi. Gəlməmək haqqınız yoxdur və sair. Elementar bir misal çəkim. Şənbə günü mən şəhər kənarında olduğum zaman MTN-dən evimə bildiriş gəlir, ailə üzvlərimdən əlaqə nömrəmi istəyirlər, sonra da onların gözü qarşısında mənim əlaqə telefonumu bildiklərini nümayiş etdirirlər. Daha sonra mən telefonda deyirəm ki, şəhər kənarındayam və sizin əmək hüquqlarınıza hörmət edirəm, bazar ertəsi görüşərik. Amma bu zaman MTN əməkdaşları deyirlər ki, siz hardasınızsa, ora yarım saat ərzində çatdıraq. Dövlət qurumunun adi vətəndaşa güc nümayişini sərgiləməsinə bənzəyirdi.

Elmar Hüseynov meydanda tək idi

- Yəni, sizə əvvəlcədən inzibati təzyiq göstərmək istəyirdilər?
- Demək istəyirdilər ki, biz güclüyük. MTN-in üstün imkanları ola bilər. Bəlkə də Azərbaycanda nazirliklərdə çalışan insanlar özlərinin mütləq üstünlüyünə əmindirlər, ələlxüsus MTN-də çalışanlar. Amma mən onlarla razı deyiləm. Mənim haqlarım var və o haqlar sırasına hara necə gedəcəyimi müəyyənləşdirmək də daxildir. Şənbə və bazar günü işləyib-işləməmək haqqında qərar vermək, işlə bağlı məsələləri müzakirə etməmək haqqım var. Eyni zamanda qarşıma hansısa sənəd qoyulanda ki, bu şeyi yazmayacaqsan, o sənədi imzalamamaq hüququm var. Sadəcə, görünür, onlar düşünmürdülər ki, mən bu hüquqlarımdan xəbərdaram.

- Jurnalistlərin informasiyanı dövlət orqanları ilə dəqiqləşdirmək, müəyyən informasiyaları yoxlamaq imkanları yoxdur. Hətta sadaladığım məqamlar özəl sektorda da yoxdur. Çünki onlar da ayrı-ayrı şəxslərə məxsusdur. Sonuncu həbsdə olan jurnalist Eynulla Fətullayev azadlığa çıxdı. O özü azadlığa çıxmasını belə qiymətləndirmişdi?
- Medianın nə olduğu ilə bağlı artıq təsəvvürlər dəyişib. Sonuncu məhbus jurnalist deyəndə o zaman biz “facebook”da yazdıqlarına görə həbs olunanları siyahıdan çıxarmış oluruq. Bu, doğru deyil. Çap mətbuatı və ənənəvi mətbuatla bağlı ümid edirəm ki, bu, son məsələdir (Elə bu müsahibə çapa hazırlanarkən jurnalist Aydın Caniyevin həbsi xəbəri yayıldı - red.). Əslində Elmar Hüseynovun qətli kimdəsə daxili senzura yaratdı. Amma məndə bu, fərqli idi. Bir etiraf edəcəm. Həmişə məndən “Monitor” jurnalı haqqında fikrimi soruşanda deyirdim ki, qaydasızdır, standartlara uyğun deyil, şəxsi məsələlərə toxunurlar, tənqid etdikləri adamın heç zaman fikrini soruşmurlar. Belə yanaşmam var idi. Düşünürdüm ki, mən qaydalara uyğun yazıram. Amma o zaman mən qaydalara uyğun yazırdım. Amma belə götürəndə nə yazırdım ki? Informasiya məkanı qapalı olduğu üçün qanuni yollarla informasiyanı ala bilməyəndə həmin şeylər barəsində yazmırdıq. 2005-ci ilə qədər bir-iki yazı adı çəkə bilərəm ki, informasiya almadığımız halda yazı yazmışıq. Amma 2005-ci ildə Elmar öldürüləndə mənim ilk düşüncəm o oldu ki, biz onu tək qoymasaydıq, o, ölməzdi. Əslində biz standartlarımızın arxasında dayanıb, heç nə etmədiyimiz vaxtda, o, tək nəsə yazırdı. Və bu onu hədəfə çevirdi. Hesab elədilər ki, “Monitor”u susdurandan sonra hamı susacaq. Bir az da bu üzdən Elmara dəyən gülələr çox adamı susdurdu. Amma mən bilirəm ki, onlar bunu etməklə mənim içimdə nəyisə oyatdılar. Mən anladım ki, o qaydalarımla hərəkətsizlik arasında bərabər işarəsini yığışdırmalıyam. Bunun üçün bir qədər daha çox çalışmaq və üzərimdə işləmək lazım idi. Bir az bacarıqlarımı artırmışam və artırmaqda davam edirəm. Çalışıram ki, tək qalmayım və ətrafımda olanların da bacarıqları artsın. Treninqə gedirəm, özüm təlim verirəm, öyrənirəm, öyrədirəm. Iş görmək lazımdır.

Seymur Həzi,
Xəyal Şahinoğlu