10.09.2011

Əli Kərimlinin arxasınca getməyək

Yan-yana və əl-ələ ölkəni bağrımıza basaq



Hələ 2000-ci illərdən bu sualı verirdilər - Əli Kərimlinin arxasınca niyə gedirsiz? O dövrün sonrakı hadisələri bu sualı verənlərin böyük bir hissəsinə cavab verdi. Biz bir çoxlarına və bizə qarşı amansızlıq edən tarixin özünə sübut elədik ki, doğru yolda olmuşuq. Bir az əvvələ qayıdaq və indi də davam etməkdə olan bəzi tezisləri gözdən keçirək. Əli Kərimliyə qarşı başlıca ittihamlardan biri Əbülfəz Elçibəyin addımlarını təkrarlamamaqla bağlı idi. Heç şübhəsiz, bu, belə idi. Əli Kərimli Elçibəyin addımlarını təkrarlamırdı. O zaman Elçibəyin nəfəs almaq tərzini belə, təqlid edənlər mövcud olduğu üçün Əli bəyin fərqli addımları diqqətdən qaçmırdı və Əbülfəz Elçibəyin daha yaxınında olmaq istəyənlər üçün bu pis fürsət deyildi. Əbülfəz Elçibəy də bunu görürdü, amma yenə də ən yaxınında Əli Kərimli idi.
Əbülfəz Elçibəy dünyasını dəyişdi və onun addımlarını təkrarlayanların ayaqları təbii ki, dolaşmağa başladı. Öz yeriş tərzləri olmadığı üçün özlərinin tez-tez təkrarladıqları “Elçibəy yolu”ndan çıxdılar. Və başqalarını təkrarlamaqda davam edirlər. Əslində isə kimisə təkrarlamaq tərzi Elçibəyin yolu ola bilməzdi. Əli Kərimli Azərbaycana dövlət müstəqilliyi qazandırmış prosesin lideri Əbülfəz  Elçibəydən sonra durmadan Azərbaycana demokratiya savaşı verməkdə davam elədi. Hədəf eyni olduqdan sonra silahların fərqliliyi təbii ki, gücə güc qatır. Silahlar eyni olsa da hədəflərin fərqliliyi bir işə yaramaz. Tarix sübut elədi ki, öz addımlarını seçməkdə Əli Kərimli, onu qiymətləndirməkdə isə Əbülfəz Elçibəy yanılmayıb. Bütün bunlar isə Azərbaycan Xalq Cəbhəsində yüksək daxili etimad və iştirak nəticəsində olub. Bütün bunlar o deməkdir ki, özünəməxsusluq siyasi liderin ilk xüsusiyyətidir.

Istəkləri gündə dəyişməyən...

Əli Kərimli gələcəklə bağlı planlarını dəyişməyən və düşündüyü addımların arasında boşluq saxlamayan siyasətçidir. O, on il öncə bu gün bu şəraitdə nə edəcəyini dediyi kimi, on il sonra hansı situasiyada nə edəcəyini deyə bilən siyasətçidir. Istəkləri və kriteriyaları, yanaşma tərzini gündə dəyişmək onun işi deyil. Ardıcıllıq siyasətçi üçün onun iradəsinin mühüm göstəricilərindən biridir. Nə istədiyini çox açıq şəkildə bəyan edən və bütün addımlarının izahatını verən. Heç vaxt hansısa addımının izahını gələcək mücərrəd tarixi şəraitin öhdəsinə buraxmayan biri kimi, o, daim diqqəti çəkir...

Müqavimət göstərməyənə söykənməz...

Əli Kərimli onun sözləri ilə danışanlara ciddi fikir vermir. Insanların onu necə təkrarlamasının bir önəmi yoxdur. Onun üçün siyasi mövcudluq alternativ düşüncə və əks arqumentdə özünü sübut edir. Onunla bütün ikili və çoxtərəfli polemikalarda, daxili diskussiyalarda öz fikirlərinə qarşı istifadə olunan arqumentlərə istinad etməsi onu deməyə əsas verir ki, Əli Kərimli müqavimət göstərmək gücü olmayana söykənməz. Biz bir çox hallarda, xüsusilə Azərbaycan  reallığında, liderin “dedim qurtardı”, “məni müzakirə edirsiniz?” ritorikası ilə davrandığını eşidib, ya da görmüşük. Əli Kərimli üçün isə əks arqument özünü yenidən və daha dolğun ifadə etmək üçün ciddi şansdır. O, belə fürsətləri onun üçün yaradanları hər zaman axtarır.

Mətbəx böcəklərindən iyrənir, amma...

Bu sətirlərin müəllifini hakimiyyət dairələrinin sifarişi ilə mediada təhqir etmişdilər. Oxuduğum cildlərlə kitabdan birinin adı yadımda deyildi. Olaya əsəbi yanaşmam məni bəlkə də cinayətə sürükləyə bilərdi. Təhqir hər zaman və hər kəsə qarşı yolverilməzdir. Bu olayla bağlı mənə telefon zəngində Əli Kərimlinin dediyi bir neçə cümlədən sonra baş verənləri, demək olar, unutdum. Azərbaycanda ən çox qara yaxılan və mənəvi terrora məruz qalan siyasətçi deyirdi: “Mətbəx böcəklərindən hamı iyrənir, amma bu iyrəncliyə görə təmizlikdən vaz keçmək olmaz. Bizim missiyamız bu böcəkləri yaradan zibilləri və zibillikləri təmizləməkdir, mən təəssüf edərəm, əgər bu hakimiyyət səni bir mətbəx böcəyi ilə əsəbiləşdirib yolundan döndərsə”. Əminliklə deyirəm və dostlar da şahiddir ki, bu qədər mənəvi hücuma qalmış birinin bu sözləri deməsindən sonra keçirdiyim əsəb üçün utandım. Qisas hissi bizi ancaq yolumuzdan döndərər. Böyük planı həyata keçirdiyi zaman heç vaxt xırda hücumlara cavab verməz. Onlara diqqət yetirib, əsas işini yarımçıq qoymaz. Millətin taleyini həll edən məsələlər müzakirə olunan zaman şəxsən özünə qarşı atılmış qərəzli bütün addımları gözardı edər.

Onunla yanaşı

Indi gələk “arxasınca getmək” məsələsinə. Bunu nə Əli Kərimli, nə də ona yaxın olan bizlər kimsəyə təklif etmişik. Onun arxasınca getməyə heç bir ehtiyac yoxdur. Biz arxamıza insanları alıb harasa hücum etmək fikrində deyilik. Azərbaycanı demokratik, toplumumuzu ədalətli, insanımızın rifahını yüksək görmək istəyən hər kəs üçün Əli Kərimlinin yanında yer var. Biz yan-yana və əl-ələ addımlayaraq bütün ölkəni bağrımıza basmağı təklif edirik. Biz millətin gələcəyini qurmağı, onu xilas etməyi bir şəxsə həvalə edənlərin fəlsəfəsini qəbul etmirik. Biz üstümüzdəki bu lənətlənmiş daşı bütün xalqımızla birlikdə götürüb bədxahlarımızın sinəsinə atmağı təklif edirik. 1994-cü ilin 14, 1998-ci ilin 12 sentyabrında, 2006-ci ilin 26 noyabrında Əli Kərimli yanaşı addımlamanın nümunələrini göstərib. Siyasi lider sizin əvəzinizə işlərinizi görüb sonra sizi borclu çıxarıb tiraniya quran deyil. Siyasi lider sizə nəyi necə edəcəyinizi göstərməklə öz gələcəyinizi öz əllərinizə tapşıran, özünüzə və gələcəyinizə inanmağınızı təmin edəndir.

Seymur Həzi