9.09.2011

Qənimət Zahid ailəsini Fransaya apardı


«Ailəmin orada yerləşməsi ilə bağlı texniki məsələləri yoluna qoyub Azərbaycana dönəcəm»

Türkiyəyə müalicəyə getmiş “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid onun guya, ölkədən birdəfəlik mühacirət etdiyi haqda yayılan bəzi söz-söhbətlərlə əlaqədar redaksiyaya məktub göndərib. Baş redaktorun məktubunu olduğu kimi dərc edirik:

Özümü Azərbaycanda demokratiya uğrunda hərəkatdan kənarda təsəvvür etmirəm

Iyun ayının 2-də ailəmi də götürərək Türkiyəyə müalicəyə gəldim. Səhhətimdə çox ciddi problemlər var idi və bununla məşğul olmalı idim. Müalicənin nə qədər vaxt apara biləcəyini nəzərə almadan ailəmi də özümlə gətirdim. Buna həm də məcbur idim, onları orada qoya bilməzdim.
Yəqin heç kəsin yadından çıxmayıb ki, martın 26-da “Azadlıq”ın əməkdaşı Seymur Həziyevə necə divan tutmuşdular. Bundan bir neçə gün sonra, aprelin 4-də qəzetin başqa bir əməkdaşı Ramin Dekoya qarşı da belə bir namərd hərəkət törədilmişdi.
Amma namərdliyin hüdudu olmur. Aprelin axırlarında mənə başqa bir xəbər çatdı. Açığı, bunu heç cür təsəvvür edə bilməzdim, ancaq çox təəssüf ki, bu, bir gerçək idi: mənə bəlli olmayan çevrələr mənim uşaqlarımdan birinə qarşı da belə cəzalandırma aksiyası nəzərdə tuturdular və mən onları himayə etməli, qorumalı idim.
2007-ci ilin may ayında mənə xəbər çatdırmışdılar ki, səni öldürəcəklər. O zaman mən bunu mediaya açıqladım. Redaktorlar Birliyinin adından rəsmi orqanlara bu hədənin araşdırılması üçün müraciət olundu. Bu müraciətin araşdırılıb-araşdırılmadığını deyə bilmərəm, amma nəticədə bir neçə ay sonra məni həbs etmək variantına üstünlük verdilər.
Bu dəfə isə mənə çatan xəbəri ictimailəşdirmək, övladlarımın həyatına qarşı gözlənilən hər hansı təhlükəni bu yolla zərərsizləşdirmək kimi bir seçimim yox idi.
Mənim uşaqlarım fəal ictimai işlərlə məşğuldurlar. Onlar Azərbaycanın ictimai-siyasi baxımdan fəal olan gəncliyinin sıralarındadırlar. Onların bu fəaliyyətə görə təqib edilməsi, başqaları kimi təzyiqlərə məruz qalması məni heç narahat etməzdi. Amma mənə çatdırılan xəbərdə onların, məhz mənə, mənim fəaliyyətimə görə cəzalandırılacağı vurğulanırdı və mən buna yol verə bilməzdim.
Aprelin sonlarında onların ikisini də dərsdən çıxıb evə gələndə möhkəmcə hədələmişdilər. Nə qədər ciddiyə almaq istəməsələr də, mən onların narahat olduqlarını görürdüm. Qəti olaraq əminəm: bu hədə-qorxunun müəllifləri “Azadlıq”“”ın əməkdaşı Seymur Həziyevi vəhşicəsinə döyən (və ya döydürən) bir mərkəzdi. Yeri gəlmişkən, bu mərkəz bir zamanlar Bahəddin Həziyevin də cəzalandırılması ilə məşğul olub.
May ayı ərzində uşaqların məktəbə getməsinə icazə vermədim. Bu məsələni ictimailəşdirmədən bir neçə yaxın və etibarlı adamla məsləhətləşdim. Onlar mənə uşaqları ölkədən çıxarmağı məsləhət gördülər.
Mənim mühacirətə getməyim barədə xəbərin necə  yayıldığını deyə bilmərəm, amma bu xəbər bir qədər şişirdilib. Məsələ bundan ibarətdir.
Bu gün mən Fransaya yola düşürəm. Bunu ailəmi izləyən təhlükə ilə bağlı məlumat verdiyim beynəlxalq media təşkilatları tövsiyə etdilər. Öz həyatım və təhlükəsizliyimlə bağlı istənilən qərarı verə bilərəm, amma söhbət övladlarımdan gedəndə risq edə bilmirəm. Və bir daha vurğulayıram: söhbət onları ictimai-siyasi aktivliyinə görə gözləyən təhlükədən getmir. Onların sağlamlığına və həyatına istiqamətləndirilmiş təhlükə mənim fəaliyyətimlə bağlı idi. Buna görə də düşünürəm ki, Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarının üzvləri də məni düzgün başa düşərlər.
Bu gün ailəmi Fransaya aparıram və onların orada mənim fəaliyyətimə görə təqib edilməyəcəyinə təminatlarım var. Ailəmin orada yerləşməsi ilə bağlı texniki məsələləri yoluna qoyub Azərbaycana dönəcəm və bunun çox zaman alacağını düşünmürəm.
Mənim mühacirətə getməyimlə bağlı xəbərlər çox şişirdilib. Mən özümü Azərbaycanda demokratiya uğrunda hərəkatdan kənarda təsəvvür etmirəm, mənim həyatım bu proseslərdən ibarətdir.