9.09.2011

Mehdiyev İranın məxfi məktubunu ABŞ-a ötürüb


Administrasiya rəhbəri ABŞ səfirinə Iranın Azərbaycanı təhdid etdiyini bildirib


Hicaba qadağaya və Mövsüm Səmədovun həbsinə 2007-ci ildən hazırlıq görülürmüş

“Wikileaks” saytının açıqladığı amerikalı diplomatların yeni sənədlərində rəsmi Bakının daxili və xarici siyasəti haqda maraqlı məlumatlar var. Belə ki, sənədlərin bir hissəsi Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin etiraflarına aiddir. Odur ki, təsadüfü deyil ki, bu gün o, “Wikileaks”in  materiallarının həqiqətə uyğun olmadığını bildirib. Səfir Enn Dersinin 15 iyun 2007-ci il tarixli teleqramı bir gün əvvəl Ramiz Mehdiyevin ona verdiyi məxfi sənəddən bəhs edir. Fars dilində yazılan sənəd narazılığı qızışdırmaq üçün Iranın xüsusi xidmətinin dini qruplarla iş üzrə təlimatları olub.
Mehdiyev Azərbaycan hakimiyyətinin bu sənədi haradan və necə əldə etdiyini açıqlamayıb.
“Tam məxfi” olan və Islam Inqilabı Korpusunun nəşr etdiyi sənəd-təlimatı Şərqi  Azərbaycan Bəsic komandanı general Məhəmməd Yusef Şakeri imzalayıb. “Iranda pan-türkçü hərəkatı güclənir, azərbaycanlılar cəlb olunmadan inqilabçılardan və sıravi vətəndaşlardan istifadə etməklə ölkənin şimal-qərbində tədbirlər görmək lazımdır. Öz milli identifikasiyasına tərəfdar olanları xarici agentlər kimi təqdim etmək lazımdır", - sənəddə deyilir.
Sonra qeyd olunur ki, Naxçıvan sakinlərini qəzetlərdə Məhəmməd peyğəmbərin təhqir olunmasının əleyhinə çıxmağa cəlb etmək lazımdır. Bu məqsədlə istifadə olunan adamların maliyyə və fiziki təhlükəsizliyini təmin etmək vacibdir.
Sənədin surəti Informasiya Kəşfiyyat Nazirliyinə, Iranın Bakıdakı səfirliyinə və s. göndərilib.
ABŞ səfirliyinin şərhində sənədin düzgünlüyünü yoxlamaq imkanlarının olmadığı bildirilir.
Enn Dersinin həmin il 19 iyul tarixli digər teleqramı onun Ramiz Mehdiyevlə Iran təhlükəsi mövzusunda görüşündən bəhs edir. “Iran Azərbaycana təzyiq kimi radikal islamdan və narkoticarətdən istifadə edir”, - deyə səfir Mehdiyevdən sitat gətirir.  Prezident Administrasiyasının bəzi şöbələrinin rəhbərlərinin də iştirak etdiyi görüşdə Mehdiyev bildirib ki, Iran Azərbaycanda Islam Partiyasının rəhbərliyinə “ən radikal lideri” (iyulun 15-dən partiyaya rəhbərlik edən Mövsüm Səmədovu nəzərdə tutur) təyin edib.
O həmçinin deyib ki, Bakıdakı Iran Mədəniyyət Mərkəzi bu siyasətin alətidir. Belə ki, mərkəz yüzlərlə gənci seçərək dini müəssisələrdə təhsil almağa göndərir. Həmin adamlar qayıtdıqdan sonra beşinci kolona çevrilir və Azərbaycanda radikallaşmaya xidmət edir.
O, hicab taxan qadınların sayının çoxalmasını da Iranın təsirinin artmasının nəticəsi hesab edir. Onun sözlərinə görə, Azərbaycan hökuməti bu tendensiyanın qarşısını almalıdır, çünki gələcəkdə bunu etmək mümkün olmayacaq. Bu istiqamətdə addımlardan biri ali və orta məktəblərdə hicaba qadağanın qoyulması olacaq.
Mehdiyev onu da qeyd edib ki, Irandan Azərbaycana böyük narkotrafik gəlir ki, bu da narahatlıq yaradır(Turan).