9.09.2011

Qərb diplomatından «WikiLeaks» şərhi


«ABŞ diktatorlarla daha işləmək istəmədiyi üçün xəbərləri təkzib etməyə cəhd göstərmədi»

 “WikiLeaks” saytının növbəti infomasiya yağışı başaldı. Bu dəfə də Azərbaycan rəhbərliyinin, xüsusən də dövlət başçısı Ilham Əliyevin qonşu ölkələrin rəhbərləri haqında ABŞ diplomatlarına dedikləri yer alıb. Mühüm bir yenilik isə Ilham Əliyevin Gürcüstan prezidenti Saakaşvilini Şimali Koreya diktatoru ilə müqayisə etməsidir.
Bütövlükdə isə materialda Türkiyə, Rusiya və Iran əleyhinə kəskin fikirlər yer alıb. Bu cür məlumatların yayılması təbii ki, rəsmi Bakının da Vaşinqtona inamının azalması və aradakı etibarlılığın, demək olar, sıfır həddinə enməsi deməkdir. Bundan sonra Azərbaycan və ABŞ rəsmiləri arasında keçiriləcək görüşlərdə əvvəllər olduğu kimi açıq danışmağa həvəsli adam tapılacaqmı? Heç şübhəsiz, ABŞ-da da bu məsələləri düşünməmiş deyillər. Təbii ki, Vaşinqtonda dəqiq bilirlər ki, artıq heç bir qarşılıqlı səmərəli iş birliyindən söhbət gedə bilməz. Elə isə Ağ ev niyə bu prosesin ya qarşısını almır, ya da qarşısını almaqda maraqlı görünmür. Üstəlik, məlumatları təkzib etməyə də cəhd göstərmir?
Məsələ ilə bağlı qeyri-rəsmi söhbət zamanı maraqlı fikirlər bildirən Qərb diplomatlarından biri iddia edir ki, “WikiLeaks” ABŞ-ın öz ssenarisi olmasa da, bu ölkənin bəzi dövlətlərlə siyasətinə dair ssenarinin tərkib hissəsi ola bilər: “ABŞ-ın öz diplomatlarının teleqramlarını məqsədli şəkildə yaydığını düşünmək sadəlövhlük olardı. Amma bu proses başlayanda və qarşısını almaq çətin olanda Vaşinqton bundan yararlanmağa cəhdlər etdi. Söhbət ondan gedir ki, bu materiallarda ən xoşagəlməz məqamlar avtoritar və siyasətdən uzaq liderlərin hər kəs haqqında nifrət dolu çıxışlarıdır. Bu çıxışlar yayıldıqca onlar ifşa olundular və ətraflarındakı həlqə daralmağa başladı. ABŞ isə onlarla, yəni diktatorlarla daha işləmək istəmədiyi üçün xəbərləri təkzib etməyə cəhd göstərmədi”.
Diplomat hesab edir ki, baş verənlər dünya siyasətinin yenidən təşkilinə ciddi təsir edəcək. Çünki, bu hadisələrdən sonra bir çox rəhbərliklərin, hətta sistemlərin əməkdaşlığı mümkün deyil və daha güclü tərəf çalışacaq ki, vəziyyətə tezliklə tam nəzarət etsin. Bu isə ABŞ-ın Cənubi Qafqazda ciddi addımlara hazırlaşdığına mesajdır.


Seymur