19.09.2011

Ərəb inqilabları Rusiyada da təkrarlana bilər

Vəfa Quluzadə: «Rusiya hakimiyyəti anlayır ki, neftin qiyməti düşsə, ölkə çökə bilər»

Ərəb ölkələrində diktatura rejimlərinin aqibəti Rusiya hakimiyyətini təlaşa salıb. Rus mətbuatında gedən informasiyalara görə, artıq Rusiya hakimiyyəti ərəb ssenarisi üzrə ölkədə baş qaldıra biləcək üsyanı yatırmaq üçün hərbi hazırlıqlar görür.
“Yeni Müsavat” qəzetində gedən məlumata görə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Tunis, Misir, Liviya və digər ərəb ölkələrində baş verənlərə bənzər kütləvi etirazların baş qaldırmasını önləmək üçün internetdə sosial şəbəkələri nəzarətə götürəcək.
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nikolay Makarov Moskvada keçirdiyi mətbuat konfransında isə deyib ki, Ərəb ölkələrində baş verən hadisələrin MDB dövlətlərində təkrarlanması mümkündür və təhlükənin qarşısını ala bilmək üçün təlimlər başlayıb. N.Makarovun sözlərinə görə, belə təhlükə hazırda Rusiyanın cənubunda hiss olunur. Bundan başqa, ərəb ölkələrində baş verənlərdən çıxış edərək KTMT hərbi bloku sosial şəbəkələri nəzarətə götürür, rus ordusunda kütləyə atəş açmaq üçün snayperlər hazırlanır.
Politoloq Vəfa Quluzadənin sözlərinə görə, Rusiya hakimiyyəti çox gözəl anlayır ki, ərəb dünyasında baş verənlər onların da ölkəsində təkrarlana bilər. Bu üzdən önləyici tədbirlər almaq istəyir. Rusiyadakı siyasi sabitliyin çox həsas olduğunu deyən V.Quluzadə bildirdi ki, neftin qiymətinin kəskin aşağı düşməsi Rusiya hakimiyyətinin bütün iddialarını alt-üst edə bilər: “Hazırda dünya bazarında neftin qiyməti ucuzlaşır. Və bu tendensiyadan Rusiya hakimiyyəti narahatdır. Çünki onlar gözəl bilirlər ki, ölkədəki bütün sistem, sabitlik məhz neftin yüksək qiymətlərinin üzərində qurulub. Neftin qiymətinin aşağı düşməsi Rusiyaya ölümcül zərbə vura bilər. Ona görə də Rusiya onun başının üstünü alan təhlükədən çıxmaq üçün MDB ölkələrini də prosesə cəlb etmək istəyir. Bu üzdən Rusiya ərəb dünyasında baş verənlərin MDB-də də təkrarlana biləcəyini bəyan edir”.
MDB-nin bir qurum kimi ölü struktur olduğunu deyən V.Quluzadə vurğuladı ki, əslində MDB SSRI-nin bərpası üçün bir modeldir. Rusiyanın hələ də keçmiş sovet ölkələrini özünə tabe etmək xülyasından əl çəkmədiyini söyləyən V.Quluzadə əlavə etdi ki, Rusiyanın bu planları hazırkı dünyamızda gerçəkləşə bilməz.

Xəyal