17.09.2011

Hakimiyyət cəmiyyəti inqilaba sürükləyir

Cəmiyyət hazırda inqilabla sosial partlayış arasındadır

İbrahim İbrahimli: «Heydər Əliyev Naxçıvandan tranplin, Ilham Əliyev poliqon kimi istifadə edir»

Bugünkü müsahibimiz tanınmış siyasətçi Ibrahim Ibrahimlidir. I.Ibrahimliyə hazırda gündəmdə olan mövzularla bağlı suallarımızı ünvanladıq. Ilk sualımız isə I.Ibrahimlinin bir müddət əvvəl Naxçıvan Muxtar Respublikasındakı ümumi vəziyyətin araşdırılması və problemlərin həlli ilə bağlı yaratdığı Təşəbbüs Qrupu ilə bağlı oldu. Təşəbbüs Qrupunun koordinatoru olan I.Ibrahimlidən fəaliyyət istiqamətləri barədə soruşduq:

Naxçıvan Azərbaycanın Quantanamosudur

- Belə bir qrupun yaradılması bir zərurətə çevrilmişdi. Çünki Naxçıvan təkcə Azərbaycanın gündəmini deyil, beynəlxalq aləmin də gündəmini zəbt edib. Naxçıvanda baş verən qeyri-insani işgəncə faktları üzündən bu ərazi daima beynəlxalq hesabatlara düşür. Naxçıvan daha qapalı, daha çətin duruma düşüb. Ona görə də belə təşəbbüs qrupunun yaradılması Naxçıvandakı sosial-iqtisadi problemlərin araşdırılmasına, təyin edilməsinə və yaranmış bu acınacaqlı durumdan çıxış yollarının göstərilməsinə kömək edə bilər. Əgər Heydər Əliyev Naxçıvanda bir hakimiyyət tranplini kimi istifadə etdisə, Ilham Əliyev Naxçıvandan bir poliqon kimi istifadə edir. Yəni Naxçıvanda işgəncə metodlarının sınaqdan keçirilməsi və onun nəticələrinin digər bölgələrə yayılması artıq hakimiyyətin iş metoduna çevrilib. Iki ay əvvəl Naxçıvana səfərim zamanı oradakı vəziyyətdən dəhşətə gəldim. Doğrudan da çox ciddi və dözülməz vəziyyətin mövcud olduğunun şahidi oldum. Qayıdarkən “Naxçıvan Azərbaycanın Quantanamosudur” adlı yazı yazdım. Həmin yazıda Azərbaycan ziyalılarına Naxçıvandakı durumu gündəmdə saxlamaq və müzakirə etmək məqsədilə müraciət etdim.

- Bu təşəbbüs qrupu yalnız Naxçıvandakı olaylar ilə məhdudlaşır?
- Xeyr. Məqsədimiz odur ki, biz Azərbaycanın bütün bölgələrini əhatə edək. Çünki Azərbaycanın bölgələrindəki vəziyyət Naxçıvandan fərqlənmir. Hər bölgənin öz “xan”ı var.
Bu ölkə qanunlarla deyil, qaydalarla idarə olunur. Çünki bölgələrdən iş üçün xarici ölkələrə, paytaxta vətəndaşların axın etməsi nəticəsində regionlarımızda siyasi aktivlik aşağı düşür.

Naxçıvan ikinci Qarabağ ola bilər

- Bir müddət əvvəl Naxçıvana ictimaiyyət nümayəndələrindən ibarət qrup səfər etmişdi. Amma bu səfər heç bir nəticə vermədi. Çünki özbaşınalığın ən yüksək həddi kimi onları heç bir rəsmi qurum qəbul etmədi. Sizin təşkilat necə, belə səfərlər planlaşdırıbmı?
- Təşəbbüs Qrupunun tərkibinə təkcə Naxçıvan ziyalıları deyil, Azərbaycanın bütün bölgələrini təmsil edən ziyalılar, hüquq müdafiəçiləri daxildir. Biz təkcə Naxçıvana deyil, bütün bölgələrə səfərlər təşkil etmək niyyətindəyik. Biz bölgədəki ziyalılarla söhbətlər aparmışıq, ideyamız onlara cəlbedici görsənib.

- Naxçıvandakı vəziyyətlə bağlı beynəlxalq təşkilatlara müraciətləriniz olacaqmı?
- Biz bu müraciətləri təkcə Naxçıvanla bağlı etməyəcəyik. Biz bölgələrdəki, o cümlədən Naxçıvandakı vəziyyətlə bağlı hesabatların hazırlanması işi ilə məşğul olacağıq. Biz bu hesabatları həm ölkə ictimaiyyətinə, həm də dünya ictimaiyyətinə çatdıracağıq. Bu əsas vəzifəmiz olacaq. Sadəcə olaraq Naxçıvanda vəziyyət daha dözülməz və ağır olduğuna görə, biz bu prosesə Naxçıvandan başladıq. Çünki Naxçıvan həssas coğrafiyada yerləşir. Iş dalınca insanlar başqa ərazilərə köçürlər. Məsələn, 450 min əhalisi olan Naxçıvanda hazırda 150 min əhali yaşayır. Bu boşalan bölgədə Irandan, Iraqdan gələn kürdlərin yerləşdirilməsi, PKK-nın Ermənistana və Naxçıvana axını prosesi gedir. Ermənistanda Naxçıvanla bağlı iddialarının olduğu nəzərə alınarsa, bəzi ekspertlər, hətta Ermənistanın PKK ilə birləşib Türkiyə ilə Azərbaycan arasında bufer zona yaratmaq istədiyini düşünür. Naxçıvanda belə siyasət davam edərsə, Azərbaycanın ikinci Qarabağına çevrilə bilər.

Artıq açıq və qapalı rejimlər bərabər yaşaya bilmir

- “WikiLeaks” saytında gedən məlumatlar Azərbaycan hakimiyyətinin xarici siyasət vektoruna aydınlıq gətirmiş oldu. Məlum oldu ki, balanslaşdırılmış siyasətdən danışan iqtidarın xarici siyasət vektoru heç də belə deyilmiş. Azərbaycanın xarici siyasəti ilə bağlı məqamların bu cür çılpaq verilməsi nədən xəbər verir?
- “WikiLeaks”in məlumatları düşünülmüş siyasətin nəticəsidir. Bəlkə də hazırda baş verənlər hələ 1918-ci ildə Nilson tərəfindən əsası qoyulan idealizm tərəfdarları ilə neo-liberalistlər arasında gedən mübarizənin təzahürüdür. Idealizm tərəfdarları əgər beynəlxalq düzəndə, dünyada təhlükəsizliyin təmin edilməsində həmişə ümumbəşəri dəyərləri önə çəkiblərsə, neo-liberallar əksinə, dövlət maraqlarını önə çəkiblər. Neo-liberalların uzun müddət mövqeyinin üstün olması demokratik dəyərlərin qurban verilməsi və dövlət maraqlarının öndə olmasına təsir edib. Indi isə Obamanın timsalında idealistlər əsrin əvvəllərindən başlayan prosesi yeni mərhələyə daşıyırlar. Bu baxımdan yanaşsaq, yeni dünya düzəni formalaşır və bu düzən ədaləti, təhlükəsizliyi demokratik dəyərlər üzərində qurur. Artıq açıq rejimlərlə qapalı rejimlərin bərabər yaşamalarının qeyri-mümkünlüyü ortaya çıxıb. Avtoritar rejimlər adını balanslı siyasət qoyub, hərəyə bir yalan deməklə özlərini acınacaqlı vəziyyətə salır.
Azərbaycan hakimiyyətinin balanslaşdırılmış siyasət taktikası Heydər Əliyevin dövründən başlayıb. Bu, Qərb-Rusiya müstəvisində manevr cəhdləri kimi təqdim edilir. Əslində bu, balanslaşdırılmış siyasət deyil, hakimiyyətin qorunub saxlanması taktikası idi. Bu baxımdan qərb avtoritar rejimlərə birbaşa xəbərdarlıq edir, onların yürütdüyü daxili və xarici siyasəti ictimailəşdirir. Bir məqamı da nəzərə almaq lazımdır ki, Azərbaycan ictimaiyyətində belə bir fikir var idi ki, Qərb hakimiyyətlə münasibətlərdə enerji məsələlərini ön plana çıxarır, demokratiyanın pozulmasına göz yumur. Amma hadisələrin gedişatı göstərir ki, Qərb diplomatları Azərbaycan hakimiyyəti ilə nə qədər sərt və kəskin danışıblar.

Türkiyə ilə Fransa avtoritar rejimlərə qarşı mübarizədə yarışa girib

- Bu günlərdə Türkiyənin baş naziri Ərdoğanın diktatorlara ünvanlanan sərt mesajı oldu. Bu mesajın ardınca  diktatorlara daha bir xəbərdarlıq Fransadan gəldi. Bütün bu tendensiyalar nəyin təzahürüdür?
- Bu bəyanatlar yeni dünya düzəninin qurulması ilə bağlıdır. 2008-ci ildə baş verən iqtisadi böhran çox ciddi siyasi dəyişikliklərə gətirib çıxardı. Bu böhran mövcud dünya düzənində “soyuq müharibədən” qalma problemlərin həllinə yönəlmişdi. Artıq demokratiya tərəfdarı olan ölkələr ciddi şəkildə o mövqeyə gəliblər ki, qloballaşan dünyanın prinsiplərinə uyğun yeni dəyərlər, ədalətli düzən qurulmalıdır. Belə düzəndə isə qapalı rejimlərlə demokratik rejimlər yanaşı yaşaya bilmir. Digər tərəfdən sübut olundu ki, avtoritar rejimlər ciddi problemlərin yaranmasında iştirak edir. Narkoticarət, qaçaqmalçılıq, insan alveri məhz avtoritar rejimlərin olduğu bölgələrdən qabarır. Ona görə indi Qərbin verdiyi vədlər yerinə yetirilir. Sarkozi kifayət qədər səmimi olduğunu sübut etməyə çalışır. Ərdoğan da öz növbəsində demokratiyanın dəstəklənməsində geri çəkilmədiyini sübut etməyə çalışır. Təbii ki, o da nəzərə alınmalıdır ki, bu bəyanatlar fonunda Yaxın Şərqdə Fransa ilə Türkiyə arasında nüfuz uğrunda mübarizə gedir. Sanki avtoritar rejimlərə qarşı daha sərt təpkini hansı dövlətin nümayiş etdirəcəyi ilə bağlı yarış gedir. Bu baxımdan Sarkozinin Cənubi Qafqaza da səfərinin planlaşdırılması təsadüfi deyil.

- “WikiLeaks” saytı eyni zamanda çox ciddi korrupsiya faktlarını açıqlayır. Saytın məlumatlarına görə, Azərbaycan hökuməti Bakı-Aeroport yolunun hər kilometrinin inşası üçün 5 milyon dollar təklif edən Almaniya şirkətindən imtina etsə də, daha sonra özü həmin yolun bir kilometrini 17 milyona reallaşdırıb. Bu cür ciddi yeyintiyə yol verənlər azadlıqda olduğu halda, demokratiya uğrunda mübarizə aparanlar həbsə atılır...- Avtoritar rejimlər heç zaman öz istəkləri ilə geri çəkilmək, siyasi, iqtisadi islahatlar aparmaq fikrində olmurlar. Kondaliza Rays Yaxın Şərqə səfərindən sonra bəyan etmişdi ki, Amerikanın regionla bağlı siyasəti iflasa uğrayıb. Çünki regiondakı avtoritar liderlər islahat aparacaqları ilə bağlı vədlərini icra etməyiblər.
Əgər sistem korrupsiyalaşıbsa bu korrupsiyaya qarşı mübarizə Ilham Əliyevdən başlamalıdır. Beynəlxalq ictimaiyyətə məlum olan faktlar, “WikiLeaks” saytının ortaya çıxartdığı məlumatlar sübut edir ki, rejim öz istəyi ilə islahatlara getməyəcək. Öz hüquqlarını tələb edənləri də həbs edərək, onların üzərində məhkəmə şouları quracaq. Bütün bunlar xalqı qorxu içində yaşatmaq üçün ediləcək. Hazırda Azərbaycanda tarixi bir proses gedir və Azərbaycan ondan yan keçə bilməz. Dünyada gedən demokratikləşmə dalğasının qarşısını almaq mümkün deyil. Azərbaycan hakimiyyəti tarixi qanunauyğunluğun məntiqini dərk etmək qabiliyyətində olduğunu göstərmir. Ramiz Mehdiyevdən tutmuş Əli Həsənova qədər “WikiLeaks” saytına qarşı çıxırlar. Yəqin ki, bir azdan səbr kasası daşan Ilham Əliyev də baş verənlərə münasibət açıqlayacaq. Bu baxımdan demokratiya uğrunda mübarizəni ciddi aparmaq lazımdır. Azərbaycanda cəmiyyətlə hakimiyyət arasında uçurum o qədər dərindir ki, bu tip ölkələrdə ciddi inqilabi dəyişikliklərə ehtiyac duyulur. Müxalifət yaranmış vəziyyətdə təşəbbüsü ələ almalı, həbs olunanların müdafiəsi ilə bağlı demokratik dəyərlərin də genişlənməsinə çalışmalıdır.

Ilham Əliyevin ətrafı qorxu içərisindədir

- “WikiLeaks”in məlumatlarından açıq şəkildə görünür ki, Ilham Əliyev ciddi islahatlara dəvət olunur. Amma hakimiyyət yalnız korrupsiyaya qarşı mübarizə şousu ilə kifayətləndi. Ilham Əliyev özü islahatlara getmək istəmir, yoxsa komandasından qorxur?
- Ilham Əliyevin islahatlara getməsi ilə bağlı 2005-ci ildə yaxşı şans yaranmışdı. O zaman Ilham Əliyevin həm daxildə, həm də xaricdə islahatçı obrazını yaratmışdılar. Amma o, sübut etdi ki, islahatçı deyil. Daxildə diktator olub, xaricdə demokrat imicini qorumaq uzun müddət davam edə bilməzdi. Bu hakimiyyətin, o cümlədən Ilham Əliyevin özünün mahiyyəti ilə forması arasında ziddiyyətlər var. 2005-ci ildə Ilham Əliyev normal parlament formalaşdıra, proseslərin müzakirəsini parlamentin üzərinə ata, Heydər Əliyevdən qalma komandaya qarşı mübarizə apara bilərdi. Ona görə bu tezis düzgün deyil ki, Ilham Əliyev islahata getmək istəyir, sadəcə ətrafından çəkinir. Bu, Ilham Əliyevə xidmət edən tezisdir. Amma Ilham Əliyevin ətrafı Azərbaycanın gec-tez demokratik islahatlara məcbur ediləcəyini anlayır. Və qorxur ki, belə danışıqlarda Ilham Əliyev təhlükəsizliyini təmin edib, onları qurban verə bilər. Hakimiyyət daxilində belə qorxu olsa da, heç kim cəsarət edib ciddi güc mərkəzinə çevrilmiş və piramidanın başında dayanan Ilham Əliyevə qarşı söz deyə bilməz. Bunu nə Ramiz Mehdiyev, nə Kəmaləddin Heydərov, nə də Ramil Usubov edə bilər. Əgər hakimiyyət doğurdan da islahata getmək istəyirsə, Ictimai Palata iqtidara bunun üçün bir şans verib. “Demokratiyaya yumşaq keçid” layihəsi məhz bu məqsədlə verilib. Amma Ictimai Palatanın bu sənədini belə, hakimiyyət qəbul etməyə hazır deyil. Bu onu göstərir ki, daha təsiredici metodlardan istifadə olunmalıdır.

Cəmiyyətə daha artıq təzyiq əks effekt verə bilər

- Ölkədə baş verən proseslərə hakimiyyət daxilində iki münasibətin şahidi oluruq. Bir münasibət loyal, ikincisi isə daha radikaldır. Məsələn, “WikiLeaks”in məlumatlarına görə, “Azadlıq” qəzetinin redaksiyasından çıxarılması və “ANS” telekanalının yayımının dayandırılmasını xarici işlər naziri Elmar Məmmədyarov “məmur özbaşınalığı” kimi şərh edib...

- Hakimiyyət daxilindəki qüvvələrin əksəriyyəti Rusiya meyllidir. Çox az hissə Qərbə meyllidir. Qərbə meylli qüvvələrin proseslərə təsir imkanı da zəifdir. Xarici işlər nazirinin statusu Azərbaycanda başqadır. Hakimiyyət daxilində Qərbyönlü qüvvələrin mövqeyinin zəif olması və onların zaman-zaman vurulması belə nəticə yaradıb. Hazırda Azərbaycanda Rusiyanın suveren demokratiya modeli tətbiq olunur. Hakimiyyətdaxili demokratiyaya qarşı Rusiyayönlü qüvvələr daha sərt dayanır. Hələlik hakimiyyətdə daha çox bu qüvvə möhkəmdir. Amma xarici işlər nazirinin bu açıqlamasından sonra onun cəzalandırılması da mümkündür. Bu zaman biz görəcəyik ki, Elmar Məmmədyarov Əli Həsənovdan daha kəskin mövqe sərgiləyir.

- Son zamanlar Azərbaycanda vəkillərə, hüquq müdafiəçilərinə qarşı təzyiqlər gücləndirilib. Bunu necə qiymətləndirirsiniz?
- Əgər bu hakimiyyət doğrudan da islahata getmək istəyirsə, sosial gərginliyi yumşaltmaq istəyirsə, vəkillərə qarşı bu cür münasibət niyə sərgilənir? Çünki Azərbaycana qarşı qaldırılan ittihamlardan biri müstəqil məhkəmə sisteminin olmamasıdır. Müstəqil məhkəmə sisteminin bir elementi olan Vəkillər Kollegiyasının vəziyyəti göz önündədir. Hazırda hakimiyyət cəmiyyəti sıxır, amma bu, sona qədər davam edə bilməz. Bundan sonrakı təzyiq əks effekt verə bilər. Vəkillərə bu cür münasibətin sərgilənməsi onu göstərir ki, hakimiyyət daha ciddi addımlar atmaqdan uzaqdır. Hakimiyyətin yürütdüyü siyasət ona gətirib çıxarıb ki, cəmiyyət hazırda inqilabla sosial partlayış arasındadır. Hakimiyyət bir növ Azərbaycan cəmiyyətini inqilaba sürükləyir.


Hikmət