17.09.2011

Hakimiyyətdə parçalanma təhlükəsi

İqtisadi və siyasi rıçaqlar uğrunda ziddiyyətli mövqe Ilham Əliyevə etimadı azaldıb
“WikiLeaks” materialları davam etməkdədir. Ilham Əliyev və komandası illər ərzində bir-birini təkzib edən, dövlətçiliyimizi biabır edən diplomatik söhbətlərin açıqlanmasından sonra da 2013 seçkisindən danışırlar. “Naxçıvan klanı” şərti adı ilə təqdim olunan qrupun sözçüsü deyib ki, bizim bundan sonrakı liderimiz də Ilham Əliyevdir. Ilham Əliyev hakimiyyəti Naxçıvana və naxçıvanlılara tanrının ən böyük fəlakətidir desək, inanın. Ona görə də mən bu cür regional adlandırmaları şərti qəbul edirəm. Fəqət reallıq odur ki, özünü bu cür təbliğ etməkdə olan qrup artıq mesajını verib. Ola bilsin ki, bu açıqlamadan öncə məsələnin cəmiyyətə nə vaxt və necə açıqlanması barədə müzakirələr də olub. Bütün bunlar isə xırda detallardır. Yəni, mahiyyətə mühüm təsiri olmayan elementlər. Elə isə bu bəyanat niyə ortaya çıxıb? Yəni, işin məmmədqulusu nədir? Fikrimizcə, hər kəs üçün başlıca sual odur ki, hakimiyyətdə Ilham Əliyevin 2013-cü il seçkilərində namizəd olacağını səsləndirmək zərurəti nədən doğub? Bu məsələ ətrafında geniş ictimai diskussiyanın olmayacağı indidən görünsə də, biz öz versiyalarımızı cəmiyyətə təqdim edək.

Başqa bir “naxçıvanlı” ola bilərmi?

Bir versiya bu ola bilər ki, sözü gedən regional qrupun içərisində 2013-cü ilə və ya bundan öncəki hər hansı fors-majora iddialı şəxs var. Buna görə də gücün parçalanmasından ehtiyat edən həmin konservator qrupun daxilindən belə bir bəyanatın verilməsi ağlabatan ola bilər. Fəqət bir qədər dərin analiz göstərir ki, sözügedən klan daha çox “xarici” - hakimiyyətin başqa bir qruplaşmasına cavab vermək zərurətindən belə yola əl atıb.

Paşayevlər qorxulu röyaya çevrilib...

Hakimiyyətdaxili münasibətlərdə mürəkkəbliyin dərinləşməsinə iki mühüm amil təsir edir. Birinci məsələ iqtisadi rıçaqlara sahiblənmək və mülkiyyətə nəzarət məsələsidir. Ikinci amil isə siyasi hakimiyyətin təşkili və idarə olunmasıdır. Birinci məsələdə Ilham Əliyevlə Paşayevlərin arasında elə də ciddi ziddiyyət yoxdur. Əksinə, Ilham Əliyevin dəstəyi ilə bir çox ticarət və təsərrüffat holdinqlərinin, beynəlxalq ticari münasibətlərə nəzarətin paşayevlərin nəzarətinə keçdiyini görürük. Bu zaman köhnə hakimiyyət klanı - “naxçıvanlılar” şərti adı ilə birləşən qrupun maraqları mexaniki olaraq tapdanır. Iqtisadi cəhətdən itirən bu qrup siyasi varlığını qorumaq çabalarında çətinliklərlə üzləşir. Siyasi məsələdə isə vəziyyət bir qədər başqadır. Ilham Əliyev Paşayevlərin namizədi kimi təqdim olunmur. Hakimiyyətin daxilindən sızan məlumatlar, hətta daxili diskussiyalarda ikihakimiyyətliliyin gizlədilməsinin mümkünsüzlüyü istiqamətindədir. Bu mənada Ilham Əliyev konservativ “Naxçıvan klanı”na yaxın olmağa məcburdur. Çünki onun üçün indi ən başlıca məsələ siyasi mövcudluğunu qorumaqdır. Ancaq onun iqtisadi məsələlərdə bir tərəfə, siyasi məsələlərdə isə digər tərəfə yaxın olması hər iki qanadda ciddi narazılıq yaradıb. Bu baxımdan “müstəqil təşəbbüslər”in hər iki qanadda baş qaldırması gözləniləndir.

Birləşdiricilik də itir...

Ilham Əliyevin hakimiyyətə gətirilməsi daha çox onun Heydər Əliyevin oğlu kimi hakim komandanın daxilində birləşdirici fiqur olması idi. Amma onun hakimiyyəti illərində hakim elitanın içərisində siyasi iddiaları hüdudsuz olan yeni bir qrupun yaranması və eyni vaxtdan da başqa qruplaşmaların iqtisadi maraqlarının tapdanması regional klanların maraq qruplarına çevrilməsinə səbəb oldu. Bu da Ilham Əliyevin əvvəlki status-kvonu qorumaq gücündə olmadığını göstərdi. Heç şübhəsiz ki, sərvətlərini və mövqelərini itirmiş qrupların həbsxanalardakı acı taleləri başqalarına da özlərinə bir çarə qılmağı zəruriləşdirib. Bu isə o deməkdir ki, 2013-cü il bəyanatı indidən hakimiyyətin daxilində ciddi həyəcanın və parçalanmanın qarşısını almaq üçündür.


Seymur Həzi