19.09.2011

Əliyev Qarabağı nəyə dəyişdi?

Dövlət başçısının BMT-yə getməməsinin üç səbəbi...

BMT-də Qarabağı müzakirə etdilər. Amma Azərbaycanın dövlət başçısı orada yox idi. Təbii ki, bu olay diqqəti çəkməyə bilməz. Birincisi, ona görə ki, Əliyevlər hakimiyyəti hər zaman işğal faktorunun yaratdığı üstünlüklərdən yararlanıb, Qarabağ məsələsilə can-dildən məşğul olduqlarını təbliğatın əsas tezisinə çeviriblər. Həm Heydər Əliyev, həm də oğlu bütün mühüm problemlərin həllinə başlıca maneə kimi Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini göstərirdilər. Uzun illər Qərbdən Azərbaycana akkreditə olunan və ya öz vətənində oturub bizim ölkə ilə maraqlanan diplomatlar üçün aydınlaşmayan məsələlərdən biri də o oldu ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib deyə, bu ölkədə keçirilən seçkilər mütləq saxtalaşdırılmalıdırmı? Yaxud da Azərbaycanın bir milyon əhalisi qaçqın düşübsə, yerdə qalanlarının da hüquqları mütləq pozulmalıdırmı?
Bu suallar hələ də aktuallığını itirməyib. Hərçənd, Ilham Əliyev artıq onun üçün “bir nömrəli” olduğu deyilən Qarabağ münaqişəsinin müzakirəsi üçün BMT Baş Assambleyasının toplantılarına da qatılmayıb.

Əliyev Irandan çəkinirmi?

Ilham Əliyev Kazan görüşündən əvvəl Əhmədinejadla telefon danışığında ondan belə bir təklif almışdı ki, Qarabağ münaqişəsini region dövlətlərinin iştirakıyla həll etməyə cəhd göstərsin, bu məsələdə Qərb dövlətlərinin, BMT-nin mandatına etibar olunmasın. Bu təklifdən sonra isə ardıcıl olaraq Irandan Azərbaycana və Ilham Əliyevə qarşı təhdidlər də oldu. Ilham Əliyev Qarabağ məsələsinin BMT-də, yəni Qərb ölkələrinin nüfuzu altında müzakirəsini istəmədiyini Irana nümayiş etdirmək üçün bu addımı ata bilər. Hərçənd, belə bir jest düşünülsə belə, bu, xeyli uğursuz və məntiqsiz addım ola bilər. Çünki artıq Iranla Azərbaycan arasındakı etimadsızlıq geridönməzlik xarakteri alıb.

ABŞ-a getməyin başqa tərəfi...


Digər versiya ondan ibarətdir ki, Ilham Əliyev BMT Baş Assambleyasının bundan öncəki sessiyasında iştirak etdi və ABŞ prezidenti ilə də görüşdü. Lakin o görüş ABŞ-Azərbaycan, daha doğrusu, Obama-Əliyev münasibətlərinin çox gərgin olduğunu göstərdi. Ilham Əliyev üçün bu sessiya həm də ona görə maraqlı tədbir ola bilərdi ki, o, həm də ABŞ-da heç olmasa, vitse-prezident və ya dövlət katibi səviyyəsində görüşlər keçirib, qarşılıqlı münasibətlərə dair isti mesajlar verə bilsin. Münasibətlərin kəskin pisləşməsi, eləcə də Avropa liderlərindən diktatorlara vaxtaşırı kəskin çağırışların olması açıq göstərir ki, Ilham Əliyev üçün bu şans da olmayıb. Ona görə də onun üçün başlıca məsələnin Qarabağ deyil də, kürsünü qorumaq olduğu asanlıqla üzə çıxır. Bu olaydan çıxmalı olan digər nəticə isə Ilham Əliyev üçün artıq ABŞ-a getməyin ona diskomfort yaratmasıdır. Bu psixoloji vəziyyətdə isə gərginlik sadəcə, arta bilər. Söhbət həm Ilham Əliyevin daxili gərginliyindən, həm də ABŞ-la münasibətlərdəki gərginlikdən gedir.

Üçüncü eşelondan irəli...

Azərbaycan hakimiyyəti üçün Qarabağ məsələsinin faktiki yeri isə təbii ki, cəbhə xəttinin 3-cü eşelonu rolundadır. Birinci yerdə siyasi hakimiyyəti əldə saxlamaq və tam nəzarətə keçirmək, ikinci yerdə iqtisadi rıçaqları əldə etməklə ölkənin sərvətlərini talamaq durur. Qarabağ məsələsi isə bu proseslərə pərdə salmaq üçün nəzərdə tutulan mediatik instrument rolunu oynayır. Beləliklə, Ilham Əliyev üçün bu dəqiqə birinci və ikinci eşelonlardakı ağır döyüş Qarabağı “haqlı” olaraq unutdurub.

Seymur Həzi