19.09.2011

Gömrük şefi Əliyev komandasını satıb

Aydın Əliyev ABŞ səfirinə iqtidardaxili savaş barədə məlumat verib

O özünü Kəmaləddin Heydərovun müttəfiqi adlandırıb və Eldar Mahmudovdan daha yaxşı işlədiyini deyib

Baş gömrükçü "Əliyevin yeni komandası"nın pul tələbindən şikayətlənib
ABŞ diplomatlarının gizli teleqramlarını açıqlayan “WikiLeaks” saytının Azərbaycanla bağlı yayımladığı məxfi sənədlərin dərcini davam etdiririk. ABŞ-ın ölkəmizdə səfiri olmuş Enn Dersinin 2006-cı il noyabrın 11-də Vaşinqtona ünvanladığı məxfi teleqramda diplomatın Dövlət Gömrük komitəsinin (DGK) sədri Aydın Əliyevlə görüşü barədə təfərrüatları və qeydləri öz əksini tapır.
Diplomat yazır ki, sentyabrın 28-də DGK sədri Aydın Əliyevlə görüşdə ölkəmizin gömrük sistemindəki nöqsanlar, aparılan islahatlar, eləcə də, gömrükdən gələn gəlirlərin Azərbaycan iqtisadiyyatının inkişafında rolu müzakirə olunub.

Samir Şərifovdan şikayət

Dersinin məxfi teleqramında DGK sədrinin hakimiyyətdaxili çəkişmələrə də toxunduğunu yazıb. Amerikalı diplomat bildirib ki, Əliyev rəhbərlik etdiyi qurumun ölkədə ən çox korrupsiyalaşmış dövlət təşkilatı imicinin olduğunu da etiraf edib. Aydın Əliyev Maliyyə Nazirliyinin gömrük komitəsindən dövlət büdcəsinə daxil olan gəlirlərin artırılmasını tələb etməsindən narahatlıq keçirdiyini də Enn Dersinin diqqətinə çatdırıb: “Aydın Əliyev bildirdi ki, dövlət büdcəsinə daxil olan gəlirlərin artırılması fövqəladə hallar naziri Kəmaləddin Heydərov və müttəfiqləri ilə Ilham Əliyevin yeni iqtisadi komandası arasında yaşanan gizli savaşı şiddətləndirə bilər. Aydın Əliyev özünü Heydərovun müttəfiqləri sırasında gördüyünü dedi”.

Aydın Əliyev MTN-i “baqaja” qoyub

ABŞ-ın ölkəmizdəki keçmiş səfiri “mərkəz”ə göndərdiyi məxfi teleqramında Irandan Azərbaycana daxil olan narkotik maddələrin aşkarlanmasıyla bağlı da fikir mübadiləsi aparıldığını qeyd edib. DGK sədri ABŞ səfirinə Azərbaycana daxil olan narkotik maddələrin aşkarlanması istiqamətində görülən işlər barəsində məlumat verib:"Aydın Əliyev Iran ərazisindən Azərbaycana keçirilməsi planlaşdırılan külli miqdarda narkotik maddənin gömrük əməkdaşları tərəfindən aşkarlandığını bildirdi". DGK sədri narkotik maddələrin ölkə ərazisinə keçirilməsinin qarşısının alınmasında rəhbərlik etdiyi qurumun Milli Təhlükəsizlik Nazirliyindən daha effektli çalışdığını da amerikalı səfirə söyləyib.

Iranın Naxçıvanda “yeraltı” fəaliyyəti

Enn Dersinin 2006-cı il noyabrın 10-da qələmə aldığı məxfi məktubunda Naxçıvan Muxtar Respublikasındakı ictimai-siyasi durum və Iranın bölgəyə təsir gücündən bəhs edib. Diplomat məktubunda Azərbaycan rəsmiləri, Naxçıvan rəhbərliyi və muxtar respublikada fəaliyyət göstərən Qeyri Hökumət Təşkilatlarının (QHT) təmsilçiləri ilə keçirdiyi görüşlərlə bağlı qeydlərini yazıb.
“Azərbaycan rəsmiləri bildirir ki, Naxçıvan Muxtar Respublikası tamamilə izolə olunmuş vəziyyətdədir və iqtisadi cəhətdən Irandan asılı durumdadır. Hətta Naxçıvandakı türkiyəli konsul və qeyri hökumət təşkilatlarının fəalları muxtar respublikada Iranın ”yeraltı” təsirinin olduğunu etiraf edirlər”, - deyə Dersi teleqramda yazıb.

Naxçıvan MTN-i SSRI KQB-si kimi fəaliyyət göstərir

Naxçıvandakı ictimai-siyasi duruma toxunan amerikalı diplomat qeyd edib ki, muxtar respiblika rəhbərliyi cəmiyyət üzərində ciddi nəzarət həyata keçirir. Muxtar respublikanın təhlükəsizlik xidməti sovetlər birliyi zamanı olduğu kimi indi də vətəndaş cəmiyyətinin fəallarını izləyir. Onlar bu fəaliyyətini muxtar respublika sakinlərinin xarici dövlətlərin təsirinə düşməsi narahatlığıyla əlaqələndirirlər:"Ictimai fəallar muxtar respublikada müxalifət partiyalarının açıq fəaliyyət göstərmək imkanının olmadığını bildirir. Muxtar respublikada müxalifyönlü qəzetlərin satışına da qadağa qoyulub. Naxçıvan rəhbərliyi müstəqil QHT-lərin fəaliyyətinə də maneələr törədir".

Vasif Talıbovun əməlləri Irana geniş imkanlar açıb


Dersinin ictimai fəallarla görüşdə Iran xüsusi xidmət orqanlarının Naxçıvanda gizli fəaliyyəti də müzakirə olunub: “QHT təmsilçiləri bildirdilər ki, Iran muxtar respublikanın kəndlərində sosial problemlərlə üzləşən insanlara yardımlar etməklə öz təsirini artırmağa çalışır. Bəzi mənbələr isə Iran xüsusi ximət orqanlarının əməkdaşlarının muxtar respublika sakinlərinə nəğd pul paylamaqla, onlara tibbi yardımlar göstərməklə öz tərəflərinə çəkməyə çalışıblar. Naxçıvan rəhbərliyinin muxtar respublika sakinlərinin problemlərinin həllinə səy göstərməməsi də Iranın bu boşluqdan istifadə etməsinə yol açır”.

Dersi Bakını kriminal şəhər kimi təsvir edib

Enn Dersinin 2006-cı il 29 sentyabr tarixli gizli məktubunda Azərbaycana səfərə hazırlaşan amerikalı rəsmilərin Bakıda üzləşəcəyi təhlükələrdən bəhs edir. Amerikalı diplomatın teleqramında paytaxtımızda kriminogen durumun azərbaycanlı rəsmilərin söylədiyi kimi nəzarətdə olmadığını inkar edən qeydlər var: “Bakı kriminal hadisələrin tez-tez yaşandığı şəhərdir. Təklif edirəm ki, qonaqlar şəhərdə gəzərkən ehtiyatlı olsunlar. Qaranlıq küçələrdə tək-tək gəzməsinlər. Çünki xuliqanlıq halları, qiymətli əşyaların oğurlanması və silahlı soyğunçuluq kimi hadisələr adətən belə yerlərdə və gecə saatlarında baş verir. Küçədə naməlum şəxslə qarşılaşdığınız zaman heç bir müqavimət göstərməyib üzərinizdəki qiymətli əşyaları vermək məcburiyyətində qalırsınız. Naməlum şəxslər əsasən baş nahiyəsinə ciddi xəsarətlər yetirir. Qonaqlar şəhərdə gəzdikləri vaxt mütləq özləri ilə pasport və ya şəxsiyyətlərini təsdiq edən sənədin surətini gəzdirməlidilər. Bakıda saxta dollarların dövriyyəsinə tez-tez rast gəlinir. Buna görə də qonaqlar üzərlərindəki dolları iri banklarda və ya səfirlikdəki kassalarda yerli manata dəyişdirməlidirlər.


Siyasət şöbəsi