29.09.2011

ABŞ səfirindən Əliyevləri sarsıdacaq açıqlama

Metyu Brayza «Azərbaycanda mərkəzi hakimiyyətin yoxluğu»na eyham vurub

ABŞ səfiri oliqarxları orta əsrlər xanlarına bənzətdi

ABŞ səfiri Metyu Brayza Azərbaycandakı iqtisadi vəziyyətə dair maraqlı fikirlər səsləndirib. O eyham vurub ki, Azərbaycanda son beş ildə korrupsiyaya qarşı ciddi mübarizə aparılmayıb. O, bir neçə il əvvəl Azərbaycanın iqtisadi inkişaf naziri ilə aralarında olan bir zarafata istinad edib. “Azərbaycanın keçmiş iqtisadi inkişaf nazirlərindən biri bir neçə il əvvəl mənə zarafatla demişdi ki, dünyada korrupsiya səviyyəsinə görə ölkə beşinci yerdədir. Yəni, o mənə anladırdı ki, ölkəsi birinci yerdə deyil. Baxmayaraq ki, neçə illər keçib, amma, amerikalılar Azərbaycanda biznesə münasibətdə yenə həmin zarafata inanmaqda qalır”, - səfir Amerika biznesmenlərinin Azərbaycan iqtisadiyyatına hələ də dərindən bələd olmadığını xatırladıb.
Onun fikrincə, iqtisadiyyat sahəsində səlahiyyətlər çox konsentrasiyalıdır: “Iqtisadiyyat hakimiyyət qruplarının əlində cəmləşib. Doğrudur, vaxtilə xanlıqlar var idi, indi xanlıqlar yoxdur. Azərbaycan müstəqil dövlətdir. Amma iqtisadiyyatda qruplar yenə də qalır. Amerika şirkətlərinə burada işləmək çətindir. Onlar kiminlə işləməyin vacibliyini anlaya bilmir və bu səbəbdən də Amerika şirkətləri genişlənə bilmir”.
Səfirin sözlərindən belə aydın olur ki, ABŞ-da Azərbaycanda mərkəzi hakimiyyətin yoxluğu qənaətindədirlər. Xanlıqlar dövrü ilə müqayisə etməklə və vəziyyətin eyni olmasına işarə vurmaqla səfir demək istəyib ki, ölkədə çoxhakimiyyətlilik var və regional - iqtisadi qruplar arasında bölüşdürülmə aparılıb. Bu çıxışın başqa şərhi isə Ilham Əliyevin simasında siyasi hakimiyyətin tanınmamasıdır. Yəni, ABŞ hökuməti Ilham Əliyevin ölkəyə nəzarət edə bilmədiyini düşünür və durum o qədər ciddidir ki, onu ifadə etməkdən çəkinmir.
Səfir Azərbaycan hökumətinin iqtisadiyyatın qeyri-neft sektoruna, xüsusilə kommunikasiyaların inkişafı sahəsinə böyük maliyyə vəsaitləri ayırdığını diqqətə çatdırıb: “Ölkədə aqrobiznesin inkişafı sahəsində potensial böyükdür. Əhalinin 40 faizi kənd təsərrüfatında məşğuldur. Amma ümumi daxili məhsulun formalaşdırılmasında kənd təsərrüfatının payı cəmi 6 faiz təşkil edir”. Avropa və Amerika investorlarını Azərbaycanda aqrobiznesin inkişafına, monopoliyadan kənar emal müəssisələrinin yaradılmasına yardım etməyə çağırıram”.
Bu isə o deməkdir ki, Azərbaycan əhalisinin 40 faizinin əmək fəaliyyəti ölkə iqtisadiyyatının cəmi 6 faizi üçün çalışır. Qeyri-neft sektorunun inkişafına diqqət ayrılmamasının əsas göstəricisi sayılan bu fakt həm də hakimiyyətin qurama rəqəmlərinin ifşasıdır.


Seymur