
Türkiyə filmlərinə Azərbaycanda nədən yasaq qoyulduğunu faş edən «WikiLeaks» sənədi qardaş ölkədə ciddi əks-səda doğurub
ABŞ diplomatlarının məxfi yazışmalarını yayan “WikiLeaks” saytının sonuncu dəfə açıqladığı sənədlərdən Azərbaycana aid biri qardaş Türkiyədə ciddi əks-səda doğurub. Bu, Türkiyə seriallarının Azərbaycanda nədən qadağan olunması haqda ölkə başçısı Ilham Əliyevin izahatını özündə əks etdirən məktubdur. ABŞ səfirliyindən Vaşinqtona göndərilən məktub 2009-cu ilin yanvarında hazırlanıb.“WikiLeaks”in açıqladığı bu sənəd barədə Türkiyənin “Hürriyet”, “Milliyet”, “CNN Türk” kimi ən populyar media quruluşları və bir sıra başqa KIV-i xəbər yayıb.
Xəbərlərdə bildirilir ki, Azərbaycanda Türkiyə film və seriallarının qadağan edilməsi səbəbinin indiyədək açıqlanandan fərqli olduğu üzə çıxdı. Əgər indiyədək bu qadağa Azərbaycan Milli Teleradio Şurasının televiziyalarda bütün proqram və filmlərin Azərbaycan dilində səsləndirilməsi qərarı ilə izah edilirdisə, “WikiLeaks”in yaydığı yeni sənədlər göstərdi ki, Türkiyə filmlərinə embarqonun qaynağı ölkə başçısı Ilham Əliyevdir. Əsəs səbəbsə hicab problem imiş.
“ABŞ-ın Bakıdakı səfirliyində hazırlanan 23 yanvar 2009-cu il tarixli kriptoqramda ABŞ rəsmisi ilə Əliyev arasında keçirilən görüşün xülasəsinə yer verilir. “Başörtüsündən rahatsızız” Əliyev bu görüşdə Türkiyə seriallarına qadağanın “Islamcılıq” qorxusundan qaynaqlandığını söyləyərək, seriallarda qadınların başörtüsüylə göstərilməsinin onları narahat etdiyini bildirib. Sənəddə Əliyevin bu sözleri sitat verilir: “Iranlılar qadınlarını qapadanda gülürük. Amma insanlar Türkiyədə də qadınların örtündüyünü görsələr, bu, ciddiyə alına bilər”. Sənədə görə, Əliyev televiziya rəhbərlərinə “qeyri-rəsmi müraciətlə” bundan sonra yayınlara hicablı qadınların dəvət edilməməsini tələb edib”, deyə “WikiLeaks”in açıqladığı sənəd barədə xəbər verən Türkiyə media quruluşlarından biri “Milliyet”də yazılıb.