20.09.2011

«Rəsmi Bakı çətin dilemma qarşısındadır»

Elxan Şahinoğlu: «Türkiyənin siyasi və ictimai dairələrinin inamını itirmək rəsmi Bakıya baha başa gələ bilər»
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Misir, Tunis və Liviyaya səfərinin nəticəsi hələ də müzakirə olunur. Ankaranın bölgədə söz sahibi olmaq istəyi göz qabağındadır. Türkiyənin liderlik yükünü daşımağa gücü çatacaqmı? “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu ilə söhbətə elə bu sualla başladıq:

- Bölgədə elə vəziyyət yaranıb ki, Türkiyənin lider olmaqdan başqa seçimi yoxdur. Türkiyə bütün parametrlərinə görə bu rola iddialıdır. Müsəlman əhalisi olan Türkiyədə azad və ədalətli seçkilər keçirilir, çoxpartiyalı sistem fəaliyyət göstərir, bütün qüsurlara rəğmən, fikir müxtəlifliyi var, müxalifət liderlərinin yazılı və elektron KIV-lərə çıxış imkanları mövcuddur. Türkiyədəki dünyəvilik də model rolunu oynayır. Inqilab edən dövlətlərin dünyəvi siyasi qüvvələri də gələcək inkişaflarında Türkiyəyə ümidlidirlər. Türkiyənin iqtisadi qüdrəti də önəmli amildir. Liviyaya ilk maliyyə yardımını edən Türkiyə oldu. Xarici işlər naziri Əhməd Davudoğlu Benqaziyə yollanaraq insanların maaşlarını ödəməkdə çətinlik çəkən Liviya müxalifətinə nəğd 100 milyon dollar verdi.
Konkret suala gəlincə, həqiqətən liderlik yükünü daşımaq asan olmayacaq. O böyüklükdə ABŞ belə, artıq liderlik yükünü Avropa dövlətlərilə bölüşməyə başlayıb. Təsadüfi deyil ki, Liviyaya qarşı hərbi əməliyyatlarda ABŞ nisbətən kölgədə qaldı, liderliyi Fransa və Böyük Britaniyaya ötürdü. Məncə, Türkiyə də gələcəkdə bu təcrübədən yararlanmağa çalışacaq. Türkiyə yaxın ətrafına təkbaşına deyil, bir və ya iki dövlətlə birgə liderlik edəcək. Bu dövlətlərdən biri gələcəkdə Misir ola bilər. Hüsnü Mübarəkin dövründə Misirlə Türkiyə arasında gizli rəqabət var idi. Keçmişin Misir-Türkiyə rəqabəti gələcəyin müttəfiqliyinə çevrilə bilər. Bu, Qərb ölkələrinin də maraqlarına cavab verir.

- Ərdoğan Türkiyənin regional liderliyinə can atarkən Suriya və Israilin hazırkı hakimiyyətlərilə körpüləri yandırıb. Bu, Türkiyəyə əlavə problemlər yaratmaz ki?- Yəqin ki, Ərdoğan Suriya rejiminin çökəcəyini doğru hesablamasaydı, Əsədlə körpüləri yandırmazdı. Deməli, Ankara bu qərara qədər xeyli götür-qoy edib, Qərbdəki müttəfiqləri ilə məsləhətləşib və sonda hərəkətə keçib. Qətliamlar törədən Əsədin vaxtı hər keçən gün daralır. Minlərlə insanın qətlini ona nə daxildə, nə də xaricdə bağışlayacaqlar. Ərdoğan Misir və Liviyada qərar verməkdə bir qədər ləngidisə, Suriyada hadisələri qabaqlamağa üstünlük verdi, bu ölkənin müxalifətinə dayaq durdu. Şübhə etmirəm ki, Ankara bunun bəhrəsini görəcək.

- Bəs Iranda hadisələr məcrasından çıxsa, Ərdoğan onda nə edəcək?
- Iran adını çəkdiyimiz digər dövlətlərin heç birinə bənzəmir. Irandakı siyasi və dini hakimiyyət asanlıqla təslim olmayacaq. Buna baxmayaraq, Suriyadan sonra növbənin Irana çatacağı çoxlarında şübhə doğurmur. Odur ki, başda beynəlxalq aləm olmaqla, Türkiyə də həmin günə ciddi hazırlaşır. Türkiyə-Iran münasibətləri hələ ki, hamardır, əməkdaşlıq davam edir. Ancaq bir gün Tehran, Təbriz və ya Ərdəbil küçələrində insanlara atəş açılsa, Ankara Tehran rejimindən də üz çevirmək məcburiyyətində qalacaq. Türkiyə Cümhurbaşqanı Abdullah Gülün “Biz rejimlərin deyil, xalqların yanındayıq” sözləri də bundan xəbər verir. Güneydəki soydaşlarımız Türkiyə hakimiyyətinin onların mübarizəsinə biganəliyindən şikayətçidilər. Hətta Avropanın televiziya kanalları belə, Urmiya gölünün qurumasına Türkiyənin elektron KIV-lərindən daha çox yer ayırdılar. Düşünürəm ki, bu, müvəqqəti haldır. Türkiyənin hakim və ictimai dairələri bir gün Güneydəki olaylara kəskin reaksiya vermək məcburiyyətində qalacaqlar.

- Yerdə qaldı Azərbaycan...
- 2003-cü ilin prezident seçkisində Ilham Əliyevi ilk təbrik edənlərdən biri Ərdoğan oldu. Ancaq Ankara sonrakı illərdə məyusluğa uğradı. Ilham Əliyev Türkiyə ilə strateji münasibətləri üst səviyyəyə qaldırmaq üçün gərəkli addımlar atmadı. Əksinə, “WikiLeaks” saytındakı yazışmalar göstərir ki, rəsmi Bakı ən böyük təhlükəni Türkiyədən gözləyir. Ən böyük məyusluğu o yaradır ki, Azərbaycan rəsmiləri sözdə Türkiyəni strateji müttəfiq adlandırdıqları halda, əməldə həmin müttəfiqdən üçüncü tərəfə - amerikalı diplomatlara şikayət edirmişlər. Abdullah Gül Ilham Əliyevlə görüşdə “WikiLeaks”də yazılanlara inanmadığını deyib. Ancaq bu, sözdə belədir. Məndə olan məlumatlara görə, Türkiyə XIN-də “WikiLeaks”dəki yazışmaları qeydə alan və analiz edən xüsusi qrup fəaliyyət göstərir. Həmin qrupun hazırladığı hesabatlar zaman-zaman Ərdoğan və Gülün masası üzərinə qoyulur. Bu ondan xəbər verir ki, hər ikisi bu sənədlərə ciddi əhəmiyyət verirlər.
Ərdoğan və Gül bu sənədlərə necə inanmasınlar ki, rəsmi Bakı Türkiyə ilə adi viza məsələsini həll etməyə maraq göstərmir. Əliyev Ərdoğanla iyul ayında Bakıdakı ortaq mətbuat konfransında “Biz viza məsələsini həll etməyə hazır deyilik?” deməklə qardaş ölkənin baş nazirini pis vəziyyətdə qoydu. Çünki bundan təxminən bir il öncə Ərdoğan Əliyevlə birgə keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən “Viza məsələsi yaxınlarda həll olunacaq” demişdi. Ankaranın rəsmi Bakıya inamı qalmayıb. Əlbəttə, görüşdükdə yenə dost və qardaşlıqdan danışacaqlar, ancaq reallığın bundan fərqli olduğunu elə həmin “dost və qardaşlıqdan” danışanların özləri də aydın təsəvvür edirlər. Adi misal: Azərbaycan rəsmilərinin sentyabrın 15-də Şəhidlər Xiyabanındakı Türk əsgərlərinin məzarını ziyarət etməməsi Türkiyənin siyasi və ictimai dairələrində çox mənfi qarşılanır. Bunun nəyi qardaşlıqdır?

- Bu o deməkdirmi ki, Ankaranın Azərbaycan hakimiyyətinə baxışı dəyişib?
- Bütün yumurtaların eyni səbətə qoyulmasının yanlışlığını Ankarada anlayıblar. Təsadüfi deyil ki, türkiyəli diplomatlar qərbli həmkarları ilə birgə Ictimai Palatanın liderlərilə görüşlərə qatılırlar. Azərbaycandakı korrupsiyanın miqyası, insan haqlarının pozulması Türkiyənin müxtəlif dairələrində müzakirəyə çıxarılıb. Doğrudur, 1990-cı illərin ortalarında olduğu kimi, müxalifət liderləri Türkiyəyə dəvət edilmir, səfir onlarla görüşlərə həvəsli deyil, ancaq bu hal da müvəqqəti xarakter daşıyır. Azərbaycanda demokratiya və insan haqları tələblərinin artması Türkiyəni də hərəkətə gətirəcək.

- Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıçın ANS-ə son müsahibəsində Azərbaycanın Israillə münasibətlərinə göz gəzdirməsi tələbinə münasibətiniz necədir?
- Bu, gözlənilən açıqlama idi. Ankara ilə Təl-Əviv arasında münasibətlər gərginləşəndə rəsmi Bakının Türkiyənin istəklərini nəzərə almasının gərəkliyini bildirmişdim. Müttəfiqlik qarşılıqlıdır. Əgər Azərbaycan rəsmiləri daim Türkiyədən Ermənistanla sərhədi qapalı saxlamağı və diplomatik münasibətləri qurmamağı tələb edirlərsə, indi də Ankara oxşar tələblə rəsmi Bakıya müraciət edib: Israillə əməkdaşlığa göz gəzdirin. Müttəfiqlikdə belə məfhum yoxdur ki, ancaq bir tərəfin istəkləri həyata keçməlidir. Rəsmi Bakı çətin dilemma qarşısındadır. Əgər Hulusi Kılıç kimi ehtiyatlı diplomat rəsmi Bakıdan Israil siyasətinə göz gəzdirməsini dilə gətiribsə, şübhə etmirəm ki, bu mövzu Ankarada ciddi müzakirə olunub.

- Ilham Əliyev Ankaranın istəyini qulaqardına vursa, bu halda nə baş verə bilər?
- Bu halda Türkiyə Ermənistan siyasətini Azərbaycana boylanmadan həyata keçirməyə başlayacaq. Doğrudur, Ankaranın Irəvanla öz hesabları qalır, ancaq Türkiyə hökuməti indiyə qədər Ermənistan siyasətində rəsmi Bakı ilə təmas içində idi, bundan sonra isə bu təmasa və fikir mübadiləsinə ehtiyac duyulmayacaq. Bu, Türkiyənin haqqıdır. Azərbaycan Israillə əməkdaşlığı bir qədər aşağı səviyyəyə endirsə, bu ölkəyə BTC üzərindən neft satışını dayandırsa, ciddi itki ilə üzləşməz. Ancaq strateji müttəfiq, qardaş Türkiyənin siyasi və ictimai dairələrinin inamını itirmək rəsmi Bakıya baha başa gələ bilər. Belə olan halda, Azərbaycan hakimiyyətinə bayraq böhranından tutmuş, Şəhidlər Xiyabanındakı Türk camisinin qapalı saxlanması və vizaya qədər bütün məsələləri xatırladacaqlar.


Aytən Məmmədova