20.09.2011

Sarkozi hakimiyyəti qorxuya salıb

Prezident Administrasiyasında Fransa liderinin arzuolunmaz səfərindən əndişə yaşayırlar
Fransa prezidenti Nikola Sarkozinin Bakıya səfərinin vaxtı dəqiqləşdikcə Azərbaycan hakimiyyətində daxili gərginlik artır. Prezident Administrasiyasına yaxın mənbənin verdiyi məlumata görə, hazırda bu qurumda bir neçə vəziyyət üzrə fors-majora hazırlıq gedir.
Hakimiyyətdə narahatdırlar ki, Sarkozi Azərbaycanda demokratiyanın vəziyyətinə dair bəyanatlar səsləndirə bilər. Belə olan halda, siyasi fəallığın hansı istiqamətdə dəyişəcəyi ciddi sual olaraq qalır. Başlıca məsələ odur ki, Fransa prezidenti Fil Dişi Sahillərindən tutmuş, ərəb ölkələrinə qədər bütün siyasi dəyişikliklərin əsas dəstəkçilərindən biri kimi tanınır. Onun Azərbaycana səfərinin ən yumşaq nəticəsi kimi isə, Azərbaycanla Avropa Birliyi arasındakı dialoqların tezliklə nəticələnməsi ola bilər. Belə olan halda isə hakimiyyət siyasi azadlıqların təmin olunması üçün tədbirlər görməyə məcburdur. Bir sözlə, Sarkozi arzuolunmaz və qarşısıalınmaz qonaq statusunda hakimiyyətin yuxusunu qaçırıb.


Informasiya şöbəsi