29.09.2011

“WikiLeaks”də Naxçıvan dəhşətləri

ABŞ səfiri muxtar respublikadakı vəziyyəti gizli teleqramında necə təsvir edib?

MR-in baş naziri səfirə «Rusiya və Irandan heç nə öyrənə bilmərik. Onlar bizi «həbs» etməyə çalışırlar» deyib

Amerikalı diplomatların Vaşinqtona yazdığı hesabat xarakterli məxfi teleqramları açıqlayan “WikiLeaks” saytının ölkəmizlə bağlı yaydığı sənədlərin dərcini davam etdiririk. ABŞ-ın ölkəmizdə səfiri olmuş End Dersi 2007-ci il oktyabrın 18-də qələmə aldığı məktubda Naxçıvanda müxalif düşüncəli insanlara qarşı aparılan repressiyalara toxunub. Diplomat muxtar respublika rəhbərliyi tərəfindən təqib olunan və mövcud sosial vəziyyətdən şikayət etdiyinə görə həbs edilərək psixiatrik xəstəxanaya salınan AXCP üzvü Ələsgər Ismayılovun başına gətirilən tükürpədici olayın təfərrüatlarını qeydə alıb.

71 yaşlı Cəbhəçinin başına gətirilənlər səfirin məktubunda

Enn Dersi yazır ki, oktyabrın 10-da səfirlik əməkdaşları ilə görüşən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) 71 yaşlı fəalı Ələsgər Ismayılov həbsi və psixiatrik xəstəxanaya yerləşdirilməsiylə bağlı məlumat verib. Ismayılov bildirib ki, o, Naxçıvanın yerli hakimiyyətinə yazdığı şikayət məktubundan imtina etmədiyi üçün həbs olunub. Sentyabrın 27-28-i aralığında Naxçıvana səfər edən səfirlik əməkdaşları Ismayılovun yaxınları və ailə üzvləri ilə görüşüb. Onlar Ələsgər Ismayılovun siyasi baxışlarına görə təqib olunduğunu və Naxçıvan rəhbərliyinin qəzəbinə tuş gəldiyini bildiriblər. 
“Ələsgər Ismayılov kommunal xidmətlərdə yaranmış problemlərlə bağlı yazdığı etiraz məktubunu dəyişdirmədiyi üçün Sədərək polis şöbəsinin rəisi Fariz Məmmədov tərəfindən təzyiqlərə məruz qalıb. Polis rəisi Ismayılovun şikayət məktubunu geri götürməsini israrla tələb edib. AXCP üzvü isə bundan imtina etdiyinə görə polis rəisi onun həbsinə göstəriş verib. Fariz Məmmədov ”Onunla danışmaq mümkün deyil. Götürün bunu”, - deyə polis əməkdaşlarına əmr verib. Ismayılov bildirib ki, onun ailəsi nə baş verdiyini anlamayıb. O, məcburən patrul maşınına əyləşdirilib. AXCP üzvü qeyd edib ki, o polis şöbəsində 8 saat ərzində ac-susuz saxlanılıb. Hətta onun ayaqyoluna belə, getməsinə icazə verilməyib”,- deyə Enn Dersi məktubunda yazıb.

Polis bölməsində işgəncələr

Keçmiş səfir daha sonra qeyd edir ki, polis bölməsində saxlanılan Ələsgər Ismayılova qarşı heç bir ittiham irəli sürülməyib, hüquq-mühafizə orqanı onun həbsiylə bağlı açıqlama verməkdən imtina edib. Səfir yazır ki, Ismayılov Naxçıvan rəhbərliyinin istəyinə uyğun olaraq ona diqtə olunan sənədi imzalasaydı həbs edilməyəcəkdi. Dersi Ələsgər Ismayılovun saxlandığı polis bölməsində fiziki işgəncələrə məruz qaldığını da vurğulayıb.

Ismayılovun “ruhi xəstə” elan olunması

Qanunsuzluqlara etiraz etdiyinə görə 71 yaşlı AXCP üzvünə “ruhi xəstə” damğası vurulması isə məktubda belə təsvir olunub: “Bir müddət sonra AXCP üzvü saxlandığı polis bölməsindən Naxçıvandakı psixiatrik xəstəxanaya yerləşdirilib. Orada ona qarşı qeyri-insani hərəkətlər edilib. Xəstəxanada onun hüquqları kobud şəkildə məhdudlaşdırılıb. Ələsgər Ismayılov təxminən 5-6 gün xəstəxana palatasında tək saxlanılıb. Onun ailə üzvləri ilə görüşməsinə imkan verilməyib. Halbuki xəstəxanada müalicə olunan digər xəstələrin ailə üzvləri ilə görüşməsinə heç bir maneə törədilməyib.
Daha sonra Bakıya gətirilən Ələsgər Ismayılov Maştağadakı ruhi-əsəb xəstəlikləri dispanserinə yerləşdirilib. Ismayılovun sözlərinə görə, həkimlər onun xəstəxanada saxlanılmasına heç bir səbəb olmadığını bildiriblər. AXCP fəalı bildirib ki, həkimlər hər gün onun tezliklə xəstəxanadan buraxılacağını söyləyirdilər. Ələsgər Ismayılov səfirlik əməkdaşlarına bildirib ki, o üzləşdiyi qanunsuzluqlara görə məhkəməyə şikayət edəcək. Sədərək polis şöbəsinin rəisi Fariz Məmmədovun həbs edilməsinə çalışacaq".

ABŞ səfiri Naxçıvanda

Enn Dersi Naxçıvanla bağlı başqa bir gizli teleqramı isə 2007-ci il noyabrın 26-da yazıb. Diplomat həmin məktubda muxtar respublikaya baş tutmuş səfərin, orada keçirdiyi görüşlərin və apardığı müzakirələrin təfərrüatlarını qeyd edib. Amerikalı diplomat yazır ki, Naxçıvana səfərində demokratik inkişafın mühümlüyünə dair ciddi açıqlamalar verib. O, Naxçıvanda fəaliyyət göstərən siyasi partiyaların və QHT təmsilçiləri ilə də görüşüb. Naxçıvanın baş naziri Əlövsət Baxşıyevlə görüşündə isə muxtar respubilkada insan hüquqlarının məhdudlaşdırıldığı barədə məlumatlı olduğunu və ABŞ hökumətinin Azərbaycanda qanunun aliliyinin qorunmasına xüsusi önəm verdiyini diqqətə çatdırıb. Baxşıyev cavabında diplomata bildirib ki, ABŞ-la əməkdaşlıq Azərbaycan üçün mühümdür. “Biz ABŞ-la ikitərəfli münasibətlərin daha da sıxlaşmasını istəyirik. Çünki Rusiya və Irandan heç nə öyrənə bilmərik. Onlar bizi ”həbs” etməyə çalışırlar”, - deyə Baxşıyev əlavə edib.

MR-in baş naziri Iran haqqında

Muxtar respublikayla həmsərhəd olan Iranın nüvə proqramına dair atdığı addımlar və bunun region, xüsüsən Naxçıvanın təhlükəsizliyi baxımından ciddi narahatlıq yaratdığını söyləyən Baxşıyev Enn Dersiyə söyləyib ki, Iranda mövcud rejim dəyişməyənə qədər rəsmi Tehranın nüvə proqramından və nüvə silahı əldə etmək niyyətindən imtinası mümkün deyil.

Səfirin Naxçıvan müxalifətçiləri ilə söhbəti


Naxçıvanda fəaliyyət göstərən müxalif partiyaların təmsilçiləri ilə keçirilən görüşlə bağlı qeydlərini yazan Enn Dersi bildirir ki, danışıqlarda muxtar respublikada demokratik institutların bərpası, antikorrupsiya addımları və qanunun aliliyinin qorunması məsələləri müzakirə olunub. Müxalifət təmsilçisi Meydan Babayev bildirib ki, muxtar respublikada insan haqları və demokratik prinsiplər kobudcasına pozulur. Iran isə bu vəziyyətdən öz maraqları naminə istifadə edir.
Nurəddin Babayev isə səfirə söyləyib ki, Naxçıvanda müxalifətçi olmaq böyük cəsarət tələb edir. Hətta həmin şəxsə “milli qəhrəman” kimi baxırlar.

***

Enn Dersi məktubun sonunda - şərh hissəsində Naxçıvanın coğrafi vəziyyəti barədə qısa məlumat verib. Diplomat muxtar respublikanın Azərbaycan siyasətində mühüm regionlardan biri olduğunu xatırladaraq yazır ki, Naxçıvan Heydər Əliyevin və hakim elitanın siyasi dəstəyinin ən mühüm təminatçısıdır. Eks prezident Heydər Əliyev və onun ətrafındakı kadrların əksəriyyəti əslən naxçıvanlıdırlar. Muxtar respublikada demokratik azadlıqlar Bakıdan xeyli geridə qalıb.


Siyasət şöbəsi