12.09.2011

Xalq artıq talan və yalandan qurtuluş üçün axtarışdadır

“İlham Əliyev qərarların qəbulunda dövlət yox, ailə maraqlarını əsas tutur”

Əli Kərimli: "Elliklə mübarizənin qarşısında diktatorlar duruş gətirə bilmir"


Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) ötən gün genişləndirilmiş müşavirə keçirdi. ADP-nin ofisində baş tutan müşavirə partiyanın yaxın dövr fəaliyyətinə və ölkədəki ictimai-siyasi vəziyyətə həsr edilmişdi. AXCP sədrinin müavini Asəf Quliyevin aparıcılıq etdiyi müşavirədə ilk məruzəçi partiya sədri Əli Kərimli oldu.
Əli Kərimli ictimai-siyasi durumu beynəlxalq aləmdə baş verən əlamətdar hadisələr - ərəb inqilabları və “WikiLeaks” teleqramları kontekstindən dəyərləndirdi. AXCP sədri vurğuladı ki, Yaxın Şərqdə baş verən inqilablar, ərəblərin mübarizəsi bizim xalqda da özünə inamı artırıb: “Xalqımız artıq anlayır ki, elliklə mübarizə olan yerdə heç bir diktator onun qarşısında davam gətirə bilmir. Qorxunu dəfn edən istənilən xalq diktaturanı yenməyə qadirdir. Gözümüzün önündə bir neçə ay əvvəl öz xalqına ”mən sizin hamınızı qıraram” deyib, hədə biçənlərin özlərinin və ailə üzvlərinin faciəvi taleyi indi göz önündədir, bu isə istər-istəməz xalqlarda özünə inamı bərpa edir”.
“Avtoritar rejimlər azad mətbuatın düşmənidir”

“WikiLeaks” teleqramlarını dəyərləndirən AXCP sədri bildirdi ki, bu sənədlərin açılması bir daha göstərdi ki, Azərbaycan daxil olmaqla bütün avtoritar rejimlər nəyə görə azad mətbuatın düşmənidir: “Onunçün ki, bu rejimlərin gizlədəsi çox şeyləri var. Sənədlər yayıldıqca biz görürük ki, bütün ”ümummilli heykəllərin” kölgəsi altında necə acgözlük, hərislik, mənəviyyatsızlıq varmış”.
Əli Kərimli ABŞ səfirliyinin Bakıdan göndərdiyi teleqramlara toxunaraq dedi ki, o sənədlərdən bəlli olur ki, illərdir onların səsləndirdiyi fikirlərin həqiqət olduğunu dünayanın ən nüfuzlu dövlətinin diplomatları da qəbul edir: “Bizim illərdir dediyimiz kimi, bu sənədlərdə də göstərilir ki, Azərbaycanda ailə hakimiyyəti var. Ilham Əliyev qərarları qəbul edəndə dövlət maraqlarını yox, ailə maraqlarını əsas tutur; xalqa çatası sərvətləri öz yaxınlarının adına sənədləşdirir. Bu rejimin oğru olduğu bütün dünyaya bəlli imiş”.

Xalqı səfərbər etmək...

Baş verənləri ümumiləşdirərək AXCP sədri dedi ki, Azərbaycan xalqından narazı qalmağa heç kimin haqqı yoxdur; xalq artıq talan və yalandan qurtuluş üçün axtarışdadır. Siyasi partiya üzvlərinin də bir nömrəli borcu xalqı səfərbər etmək, onların sayıqlığını yüksəltmək və geniş təbəqələrlə dəyişiklik üçün maarifçilik işini aparmaqdır.
Əli Kərimli dedi ki, əhalinin çoxu indi siyasi fəallıq göstərməsə də, onlar haqla nahaqqı, doğru ilə yalanı dəqiq müəyyən edib qiymətləndirə bilir. Bu sözlərinə misal kimi, o, həbsdə qalan vicdan məhbuslarına cəmiyyətin münasibətini göstərdi: “Kim məni inandıra bilər ki, xalqımız məhbəsdə olan o dostlarımıza, saxta hökm və ittihamı oxuyan hakim və prokurorlardan daha az hörmət edir. Əksinə, bizim o məhbus qardaşlarımız bu dəqiqə cəmiyyətdə ən hörmətli insanlar kimi qəbul edilir. Buna görə xalqdan narazı qalmağa dəyməz”.
Siyasi məhbusların məhkəmə prosesinə diqqət çəkən Əli Kərimli bütün partiya üzvlərini bu prosesdə aktiv mövqe tutmağa səslədi. O dedi ki, əslində bu gün məhkəmələrdə vicdan məhbusları ittiham olunmurlar, onlar əsl vətəndaş necə olmalıdır sualına cavab verib, nümunə yaradırlar.
Ictimai Palatanın hazırladığı “demokratik dəyişikliklər üçün yol xəritəsi” barədə müşavirə iştirakçılarına məlumat verən sədr dedi ki, bu sənəd hər kəs üçün faydalıdır. Özündə dinc və sivil dəyişiklikləri ehtiva edən sənədin Əli Həsənov timsalında hakimiyyətin rədd etməsini AXCP sədri təəssüflə qarşıladıqlarını dedi. “Yol Xəritəsi”nə cavab kimi Əli Həsənovun dediyi “vaxtından əvvəl seçki keçirmək üçün nə daxildən, nə də xaricdən təzyiq var” fikrində yaxşı mesaj gizləndiyini söyləyən Əli Kərimli bu mesajın “haydı, iş başına, gedin yaxşıca təşkilatlanın, biz öz xoşumuza, öz mədəniyyətimiz hesabına normal dəyişiklik etməyəcəyik” formasında izah etdi.

Xilasımız öz əlimizdədir
Təşkilati işlərin sürətləndirilməsi üçün AXCP sədri üzvləri virtual və real həyatda xalqın ən müxtəlif təbəqələri ilə polemikaya getməyə çağırdı: “Bizim xilasımız öz əlimizdədir. Hamılıqla qorxu hissinə qalib gəldiyimiz anda, bizdə də köklü dəyişikliklər baş verəcək”.
Əli Kərimli çıxışını Güney Azərbaycanda baş verən son hadisələrə münasibət bildirməklə yekunlaşdırdı. O, Təbriz və Urmiyada insanların böyük haqq və özgürlük savaşı apardığını dedi. Güneydəki mübarizənin dinc və bəşəri haqlar uğrunda olduğunu vurğulayan Əli Kərimli AXCP-nin bu prosesə dəstək verdiyini ifadə etdi: “Güneydəki qardaşlarımız əmin olsun ki, bizim ürəyimiz Səttarxanın, Bağırxanın, Xiyabaninin, Pişəvərinin yetirmələrinin, ardıcıllarının ürəyi ilə bir vurur”.

Türkiyə xalqımızın yanındadır

Daha sonra partiya sədrinin müavinləri - Asəf Quliyevin, Fuad Qəhrəmanlı və Razi Nurullayevin məruzə ətrafında çıxışları dinlənildi. Çıxışçılar Azərbaycanda demokratik dəyişiklik üçün münbit zəminin yarandığını vurğuladılar. Fuad Qəhrəmanlı əminliyini ifadə etdi ki, 2003, 2005-ci illərdə ortaya qoyulan siyasi iradəni müxalifət indi də təkrarlaya bilsə, ölkədə dinc və köklü dəyişikliklərin baş verməsi çox rahatlıqla olacaq.
Asəf Quliyev isə çıxışında Güneydə gedən proseslərə partiyanın diqqətinin artırılmasını müsbət hal kimi dəyərləndirərək, ideoloji istiqamətdə işlərin daha da gücləndirilməsini vurğuladı.
Razi Nurullayev də çıxışında dəyişikliklərin labüdlüyünü vurğuladı. O, son vaxtlar Türkiyənin demokratiya istiqamətində fəaliyyətini müsbət qiymətləndirərək dedi ki, əvvəllər Türkiyə müxalifət və iqtidarından müəyyən şübhələr və narazılıqlar olsa daç daha onlara son verilməlidir. Çünki Türkiyə hökuməti dünyada demokratiyanın bərqərar olması üçün prinsipial mövqe sərgiləyir, bu mövqenin Azərbaycan xalqının meydana çıxacağı gün də təkrarlanacağına şübhə edilməməlidir.
Daha sonra partiya üzvlərinin təşkilatlanma istiqamətində, yeni mediadan və internet resurslarından yararlanması istiqamətində çıxışlar oldu.
Müşavirədə partiyaya daxili işlər orqanlarından vaxtından əvvəl istefa verib AXCP sıralarına qoşulan polis zabiti Asif Isasoyun da çıxışı maraqla qarşılandı. O bildirdi ki, zabit olduğu müddətdə öz yoldaşları ilə Azərbaycandakı haqsızlığı, ədalətsizliyi daim müzakirə ediblər, bu vəziyyətdən çıxış yolunun ancaq demokratikləşmə olduğuna əminlikləri olub: “Polis olarkən sizin mübariz fəaliyyətiniz daim məni heyrətləndirib, sizlərlə fəxr etmişəm. Ona görə bu partiyaya yazılıb xalqımızın azadlığa, demokratiyaya qovuşmasına xidmət göstərməyə qərar verdim”.
A.Isasoy dedi ki, müxalifət tərəfdarları polis haqqında ifadələr işlədəndə ümumiləşdirmələrdən qaçmalıdırlar. Çünki polisin içində bu dəqiqə də vətənini, xalqını sevən insanlar var, belə ifadələr onlarda müxalifətə qarşı aqressiya, antipatiya doğura bilər.

“Yeni üzvlər iyrənc repressiya silahını sıradan çıxarır”

Müşavirənin sonunda partiyaya yeni qəbul olan 75 nəfərin adı açıqlandı. AXCP sədri onlara şəxsən partiya vəsiqələrini təqdim etdi. Yeni üzvlərin arasında gənclər üstünlük təşkil etsə də, onların arasında keçmiş hərəkatçılar da vardı. AXCP sədri yeni üzvləri təbrik edərək onların bu addımını rejimin iyrənc repressiya silahını sıradan çıxartma kimi qiymətləndirdi. “Onlar bizi həbs etməklə fəaliyyətimizi və sıralarımızı azaltmaq istəyirdilər. Lakin təkcə bu 75 nəfərin qəbulu onların necə böyük səhv etdiyini göstərdi”.

Natiq Güləhmədoğlu