13.09.2011

XİN əməkdaşları İlham Əliyevi satıb

Onlar xarici diplomatlara deyiblər ki, blogerlərin həbsinin arxasında Prezident Administrasiyası durur

Azərbaycan hakimiyyəti beynəlxalq ictimaiyyətin blogerlər Adnan Hacızadə və Emin Millinin işi üzrə obyektiv araşdırma aparmaq tələblərinə açıq-aşkar məhəl qoymadı.
Bu, həbs sifarişinin ən yuxarılardan gəldiyini hesab etmək üçün əsas verir. ABŞ-ın Bakıdakı səfirinin müavini Donald Lunun 2009-cu ilin iyulunda blogerlərin işinə aid teleqramından bu nəticəni çıxarmaq olar. Teleqramı Vikileaks saytı dərc edib. Belə ki, ATƏT üçlüyünün Bakıya səfəri zamanı Isveç XIN rəhbəri Karl Bild blogerlər haqqında Ilham Əliyevə sual verib. Buna cavabda Əliyev bildirib ki, bəzən Azərbaycan “özünü müdafiə etmək üçün addımlar atmalıdır, bu, amansız görünsə belə".
Almaniya ombudsmanı Günter Nooke “Deutsche welle” radiosuna müsahibəsində üç dəfə Əliyevi “diktator” adlandırıb, onun rejimini isə tiranlıqla müqayisə edib.
Avropa Ittifaqı da blogerlərin həbsi ilə bağlı narazılığını bildirib, Ilham Əliyevə məktub göndərib. Bu arada, Avropa Şurası və ATƏT baş verənlərə reaksiya verməyib.

Elnur Aslanov blogerlərdən məsləhət alırmış

Donald Lu bu məsələni prezident administrasiyasının şöbə müdiri Elnur Aslanovla da müzakirə edib.
Aslanlı blogerlərin həbsindən təəccübləndiyini qeyd edib.
O bildirib ki, gənclərin hər ikisini tanıyır və bəzən məsləhət üçün onlara müraciət edir. Aslanov, eləcə də XIN rəhbəri Məmmədyarov və PA şöbə müdiri Novruz Məmmədov Ilham Əliyevin blogerlərin həbsində əli olduğunu təkzib ediblər.
Azərbaycan XIN-in əməkdaşları daha açıq danışaraq, nazir Məmmədyarovun baş verənlərdən heyrətə gəldiyini və Karl Bild onun qarşısında blogerlər haqqında məsələni qaldırdıqda çətin vəziyyətə düşdüyünü iddia ediblər. Onlardan biri faktiki olaraq etiraf edib ki, bütün bunların arxasında Prezident Administrasiyası durur.

Emin Milli Ilham Əliyevə tərcüməçilik edib

Donald Lu öz şərhində yazır ki, Ilham Əliyevin davranışı və sözləri onun blogerlərin həbsində əli olduğunu sübut edir və bu, Bakı rəsmilərinin iddialarına baxmayaraq, hüquq-mühafizə orqanlarının işi deyil. Ikinci dəfə Ilham Əliyev blogerlər mövzusuna avqustun 17-də dövlət katibinin köməkçisi Metyu Brayza ilə görüşündə qayıdıb. Əliyev işi adi xuliqanlıq kimi göstərməyə çalışıb və baş verənlərdə əli olduğunu inkar edib. O inandırırdı ki, blogerləri tanımır və hətta 2005-ci ildə Almaniyada görüşləri zamanı Emin Millinin onun tərcüməçisi olduğunu xatırlatdıqda belə xatırlamayıb. Əvəzində Əliyev Emin Millinin Nyu-Yorkda BMT-nin binası qarşısında Azərbaycanda konstitusiya referendumuna qarşı etiraz aksiyası təşkil etdiyini xatırlayırdı.
“ABŞ-da həqiqətən düşünürlər ki, hadisə eşşəyə aid videoyla bağlıdır?”, deyə prezident Əliyev sual edib. Metyu Brayza cavab verib ki, blogerlərin ailələri və yaxınları məhz belə düşünürlər, amma əslində bu süjetdə prezidentə qarşı hörmətsizlik yoxdur. “Baxarıq, görək nə etmək olar?, deyə Əliyev qeyri-müəyyən fikir bildirib(“Turan”).