27.09.2011

Azərbaycanlı məmurların ABŞ-a yolu bağlanır

Bir neçə aydan sonra Obamanın tapşırığı ilə beynəlxalq təşkilatların hesabatları əsasında tərtib edilən «qara siyahı» hazır olacaq
Azərbaycan məmurlarının ABŞ-a səfərlərinin təhlükə altında olması barədə məlumat vermişdik. Bildirmişdik ki, ABŞ prezidenti Barak Obamanın tapşırığı ilə öz xalqlarının hüquqlarını tapdalayan hakimiyyətlərlə bağlı siyahı hazırlanır. Siyahıya avtoritar rejimlərin rəhbərləri və onların məmurlarının adları salınacaq. Azərbaycanlı məmurlardan da bir çoxunun bu siyahıya düşəcəyi istisna deyil. “Qara siyahı”ya salınan məmurlar isə ABŞ-a səfər edə bilməyəcək.
Həmçinin qeyd etmişdik ki, bu günlərdə ABŞ-a səfər etmək istəyən daxili işlər nazirinin müavini Vilayət Eyvazova viza verilməyib. Nazir müavininin diqqətinə çatdırılıb ki, 2003-cü il 15-16 oktyabr hadisələrinə görə onun adı beynəlxalq hesabatlara düşdüyündən ABŞ hökuməti onun ölkəyə buraxılmasına qadağa qoyub.
Bundan başqa, Özbəkistan prezidenti Islam Kərimovun qızı Gülnarə Kərimova da eyni aqibətlə üzləşib. O, Nyu-Yorkdakı “Cipriani” hotelində moda nümayişi təşkil edib. Lakin sentyabrın 15-də 25-dən artıq etirazçı otelin qarşısına yığışaraq Gülnarə Kərimovanın şousuna icazə verilməməsini tələb edib. Etirazçılar tələblərini Islam Kərimovun diktator olması və Özbəkistanda insan haqlarının pozulması, uşaq əməyinin istismarında onunla yanaşı qızının da rol alması ilə əsaslandırıblar. Həmçinin “Human Rights Watch” təşkilatı Gülnarə Kərimova ilə bağlı narahatlığını ifadə edib. Bundan sonra Nyu-York City həftəlik moda nümayişinin təşkilatçı IMG şirkəti onun moda nümayişini ləğv edib. IMG şirkəti öz açıqlamasında bildirib ki, Özbəkistanda insan hüquqlarının pozulması halları dəhşət doğurur. Beləliklə, Gülnarə Kərimova şousunu və onun brendi olan “Guli”ni moda nümayişindən yığışdırmalı olub.
Əldə etdiyimiz məlumatlara görə, Barak Obamanın tapşırığı ilə hazırlanan siyahıda “Freedom House”, “Human Rights Watch”, “Amnesty international”, “Sərhədsiz reportyorlar” və digər nüfuzlu beynəlxalq təşkilatların hesabatları əsas götürüləcək. Bu təşkilatların bütün hesabatlarında isə Azərbaycan hökuməti ilə bağlı kifayət qədər sərt tənqidi məqamlar var. Ilham Əliyevlə yanaşı bir çox məmurların adı həmin hesabatlarda qırmızı xətlə keçir. Barak Obamanın tapşırığı ilə “qara siyahı” 120 günə hazır olmalıdır. Bu barədə qərar isə avqust ayında verilib. Deməli, bir neçə aydan sonra Azərbaycan məmurlarının yolu ABŞ-a bağlana bilər.


Informasiya şöbəsi