25.09.2011

Hacı Məmmədov havalanıb

Sabiq əməliyyat müvəkkilinin psixikasını pozublar
DIN-in sabiq əməliyyat müvəkkili, adam oğurluğunda və qətllərdə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilən Hacı Məmmədovla bağlı qəzetimizin elektron ünvanına  ilginc məlumat daxil olub. Həmin məlumatda iddia  olunur ki, sabiq əməliyyat müvəkkilinin ruhi vəziyyəti qaydasında deyil. Hacı Məmmədovda psixi pozğunluq yaranıb. Ehtimal olunur ki, sabiq əməliyyatçının ruhi xəstəliyə mübtəla olması kənar təsirlərdən qaynaqlanır.
Yəni, Hacı Məmmədovu məqsədli şəkildə və müxtəlif vasitələrlə ruhi xəstəyə çevirirlər. Bu proses Milli Təhlükəsizlik Nazirliyinin (MTN) xüsusilə mühüm işlər üzrə sabiq müstəntiqi Ramin Nağıyevin Afiyyədin Cəlilovla Şəmsi Rəhimovun qətlləri ilə bağlı gündəmə bomba kimi düşən açıqlamalarından sonra başlayıb. Həmin qətllərdə Hacı Məmmədovun adı qırmızı xətlə keçirdi. Hakimiyyət ehtiyat edir ki, sabiq əməliyyat müvəkkili Ramin Nağıyevin açıqlamalarından sonra nələrisə danışa bilər. Kifayət qədər məlumatlı şəxs olan Hacı Məmmədovun Ramin Nağıyevin açıqladığı bu və digər faktlar barədə danışması təbii ki, hakimiyyətə ciddi zərbə olar. Ona görə də Hacı Məmmədovu susdurmaq, yaxud onun açıqlamalarının qeyri-ciddi olması rəyini yaratmağa ehtiyac var. Sabiq əməliyyat müvəkkilinin ölümünün cəmiyyətdə böyük rezonansa səbəb olacağı şübhəsizdir. Hətta Hacı Məmmədov indiki vəziyyətdə öz əcəli ilə dünyasını dəyişsə belə, bu, qətl kimi dəyərləndiriləcək və bütün şübhələr hakimiyyətin üzərinə yönələcək. Hacı Məmmədovu ruhi xəstəyə çevirməklə isə onun açıqlamalarının təsirini azaltmaq mümkündür.
Bu məlumatın nə dərəcədə səhih olduğunu söyləmək çətindir. Lakin Hacı Məmmədov barədə məhkəmə hökmü olmasına baxmayaraq sabiq əməliyyat müvəkkilinin hələ də MTN-in təcridxanasında saxlanılması və son vaxtlar yaxınlarının, hüquq müdafiəçilərinin onun yanına buraxılmaması bir qədər şübhəlidir. Doğrudur, milli təhlükəsizlik naziri Eldar Mahmudov bir dəfə bunu Hacı Məmmədovun təhlükəsizliyi ilə izah etmişdi. Guya sabiq əməliyyat müvəkkilinin MTN-in təcridxanasında saxlanılması onun öz xahişidir. Lakin nazirin bu əsaslandırması ciddi arqumentə və fakta söykənmədiyindən inandırıcı görünmür. O zaman “Azadlıq” və digər mətbuat orqanları Hacı Məmmədovun MTN-də saxlanılmasını hakimiyyətin ondan ehtiyat etməsilə əlaqələndirmişdi. MTN rəhbərliyi hələ ki, ortaya bu iddianın əsassız olduğunu sübut edən fakt qoymayıb. Bu günlərdə isə məlum olub ki, Hacı Məmmədov Qobustan həbsxanasına köçürülməsini istəyir. O, bu barədə anasına xəbər göndərib.
Maraqlıdır, öz “xahişi” ilə MTN-də saxlanılmasını istəyən sabiq əməliyyat müvəkkili, niyə qəfildən fikrindən daşınıb? Başqa bir sual: Hacı Məmmədov son vaxtlar niyə yaxınlarından təcrid olunub? Axı qanun yaxınlarının onunla görüşməsinə, hətta bir müddət yanında qalmasına imkan verir. Niyə tez-tez Hacı Məmmədova baş çəkən işgəncələr əleyhinə komitənin sədri Elçin Behbudov artıq sabiq əməliyyat müvəkkilinin yanına buraxılmır? Bu sualların cavabı açıq qalır.
Hacı Məmmədovla bağlı müəmmalara, həmçinin hakimiyyətin onu müxtəlif vasitələrlə ruhi xəstəyə çevirməsilə bağlı iddialara son qoyulması üçün MTN rəhbərliyi vətəndaş cəmiyyəti və media nümayəndələrinin sabiq əməliyyatçı ilə görüşünü təşkil edə bilər. Vaxtilə sabiq baş nazir Surət Hüseynovla da bağlı təxminən oxşar problem yaşanmışdı. O, həbsxanada müxtəlif təzyiqlərə məruz qaldığını, sağlamlığına zərər yetirən addımlar atıldığını iddia edirdi. ANS telekanalına onunla həbsxanada görüşmək və müsahibə götürmək imkanı yaradıldı. Bu müsahibədən sonra ictimaiyyət Surət Hüseynovun iddialarının əsaslı, yaxud əsassız olduğunu müəyyən etdi. Hacı Məmmədov isə əksinə, hamıdan gizlədilir. 


Analitik informasiya şöbəsi