25.09.2011

Hakimiyyətdaxili savaş səfirin məxfi məktubunda

«Ramiz Mehdiyevə qarşı Kəmaləddin Heydərov və Eldar Mahmudovun üzv olduğu qruplaşmalar dayanır»

Sirus Təbrizli ABŞ diplomatlarına deyib ki, Ilham Əliyev «sağlam olmayan insanlar»la əhatə olunub

Dünyanın müxtəlif ölkələrində çalışan ABŞ diplomatlarının Vaşinqtona ünvanladığı hesabat xarakterli məxfi teleqramları açıqlayan “WikiLeaks” saytının Azərbaycanla bağlı yayımladığı sənədlərin dərcini davam etdiririk. ABŞ-ın ölkəmizdə səfiri olmuş Enn Dersi 2008-ci ildə “mərkəz”ə göndərdiyi məxfi teleqramında Sirus Təbrizlinin YAP sıralarından xaric olunması, hakim partiya daxilində yaşanan gizli savaş və hakimiyyətdəki qruplaşmaların nüfuz mübarizəsinin pərdəarxası məqamları öz əksini tapıb.
Enn Dersi gizli məktubun giriş hissəsində da yazır ki, YAP sədrinin müavini Sirus Təbrizlinin və eks səhiyyə naziri Əli Insanovun partiya sıralarından xaric olunması qərarından sonra hakim partiya daxilində böhran yaşandığı haqda iddialar yayılıb. Bu qərar hakim partiyanın 2008-ci il prezident seçkiləri öncəsi mümkün parçalanmalardan sığortalanmağa hesablanıb. Bu addımın Prezident Administrasiyanın rəhbəri Ramiz Mehdiyevin diqtəsi ilə atıldığı daha real görünür. Çünki Mehdiyev hakim partiya üzərində güclü nəzarətə sahibdir.

Cəlal Əliyev prezident olmaq istəyirmiş?

Amerikalı diplomat daha sonra qeyd edir: “Bəzi mənbələr Sirus Təbrizlinin hakim partiyadan ayrı müstəqil partiya yaradacağını bildirir. Təbrizlinin YAP-dan uzaqlaşdırılmasının səbəbi kimi, onun hazırkı ölkə başçısının əmisi Cəlal Əliyevlə birlikdə hərəkət etdiyinə görə cəzalandırıldığını da söyləyirlər. Iddialara görə, Cəlal Əliyev 2008-ci il seçkilərində namizədliyini vermək fikrindədir və buna görə də Təbrizli ilə eyni mövqedə dayanaraq vahid güc formalaşdırmağa çalışır. Təbrizlinin Cəlal Əliyevin namizədliyini dəstəkləyəcəyi də bildirilir. Lakin səfirliyin müşahidələrinə görə, Təbrizli-Əliyev tandeminin baş tutması real görünmür. Çünki 1999-cu ildə parlamentin iclası zamanı Cəlal Əliyevin müxalifət nümayəndələrini “xain” və “casus” adlandırmasına Sirus Təbrizlinin sərt təpki verməsindən sonra tərəflər arasında ciddi fikir ayrılığı yaranmışdı.

Əli Əhmədov Sirus Təbrizlini nədə günahlandırıb?

YAP-ın icra katibi Əli Əhmədov səfirliyimizin əməkdaşları ilə söhbəti zamanı Təbrizlinin 2 ildən artıq müddət ərzində hakim partiyanın işində iştirak etmədiyini söyləyib. Əhmədov qeyd edib ki, Təbrizli hakim partiyanın ideologiyasına əks mövqedə dayanıb və onun tutduğu xətt YAP-ın strategiyasıyla uzlaşmırdı. Əhmədov Təbrizlinin YAP-ın təsisçilərindən biri olduğunu xatırladaraq, onun hakim partiyadan uzaqlaşdırılmasını “itki” adlandırıb. Əli Əhmədov Sirus Təbrizli ilə bağlı olayın hakim partiya daxilində parçalanmalardan qaynaqlandığı və bundan sonra da partiyadan qopmalar olacağı barədə iddiaları təkzib edib.
O, qeyd edib ki, YAP üzvləri ayrı-ayrı şəxslərə görə hakim partiyanın sıralarına qoşulmayıb. Onların hakim partiyada Heydər Əliyev ideyaları ətrafında birləşdiyini səfirlik əməkdaşlarına söyləyib.

Əli Əhmədov Cəlal Əliyevlə bağlı hansı xəbərə gülüb?


Əli Əhmədov Cəlal Əliyevlə Sirus Təbrizlinin birlikdə, ya da Əliyevin ayrıca partiya yaratmaq cədhləri ilə bağlı yayılan xəbərlərə gülərək bildirib ki, ölkə başçısının əmisi emosional çıxışlarla mətbuatın gündəminə gəlsə də, onun YAP-dan ayrılmaq niyyəti yoxdur. Keçmiş səhiyyə naziri Əli Insanovun məhkəməsi zamanı hakim partiyanın ünvanına sərt ittihamlar səsləndirməsiylə bağlı sualları susqunluqla qarşılayan Əli Əhmədov eks-nazirin fikirlərinin əsassız olduğunu söyləyib. O, Insanovun özünü müdafiə etmək üçün bu yola əl atdığını səfirlik əməkdaşlarına bildirib.
Əli Əhmədov Əli Insanovun başqalarını günahlandırmağa çalışdığını söyləyib.

Sirus Təbrizlidən Ramiz Mehdiyevə sərt ittiham

Səfirlik əməkdaşlarının Sirus Təbrizli ilə ayrıca keçirdiyi görüşdə onun hakim partiya sıralarından uzaqlaşması müzakirə olunub. Təbrizli səfirlik əməkdaşlarına bildirib ki, o, 2 il yarıma yaxın müddət ərzində hakim partiyanın işində yaxından iştirak etmir. Təbrizli eks ölkə başçısı Heydər Əliyevə daha çox yaxın olduğunu söyləyərək, Ilham Əliyevlə də eyni münasibətdə qadlığını bildirib. O, Ilham Əliyevin “sağlam olmayan insanlar”la əhatə olunduğunu amerikalı diplomatlara söyləyib. Sirus Təbrizli Ramiz Mehdiyevin kurasiyasında olan yerli icra strukturlarının və bürokratların regionlarda yaşayan insanlara süni maneələr yaratdığını və onları incitdiklərini diplomatlara bildirib.

Keçmiş YAP-çının Ilham Əliyevə məsləhəti

Təbrizlinin sözlərinə görə, eks nazirlər Fərhad Əliyev və Əli Insanovun partiya sıralarından xaric olunması onların iradələrindən asılı olmayıb. Onların YAP-dan uzaqlaşdırılması keçmiş nazirlərin cinayət məsuliyyətinə cəlb olunması və barələrində bir sıra dövləti cinayətlər barədə ittiham qaldırılmasıyla əlaqəlidir. Sirus Təbrizli hakim partiya daxilində “köhnələrlə” hazırki ölkə başçısı Ilham Əliyev arasında uçurum olduğunu da səfirlik əməkdaşlarına söyləyib. O, Heydər Əliyevin bu balansı qorumağa çalışdığını, lakin “köhnələr”in hökumətdə güclü olduğunu və hazırda dominantlıq etdiyini bildirib. Bundan başqa, Təbrizli söyləyib ki, Ilham Əliyev atasının etdiyi kimi hakim partiya üzvləri ilə tez-tez görüşməlidir. Sirus Təbrizli mətbuat və informasiya naziri olduğu illərdə rüşvət almadığını və korrupsiyaya uğramadığını söyləyərək, onun üçün şəxsi fikirlərini açıq söyləməyin əsas olduğunu bildirib. Təbrizli bu xarakterini özü üçün həm uğur, həm də bədbəxlik adlandırıb.
Təbrizli hakim partiyadan uzaqlaşdırılmasında onu ölkə başçısına qarşı qoymaq məqsədi güdüldüyünü bildirib.

Ramiz Mehdiyevin “uzun əli”

Mehdiyevin dövlət siyasəti və hakim partiyanın daxili strategiyasına yönəlik bütün işlərdə əlinin olduğu görünür. Onun Təbrizlinin partiyadan uzaqlaşdırılmasında məsul olduğu istisna edilmir. YAP-ın icra katibi Əli Əhmədovun Ramiz Mehdiyevə sadiq olduğu, hakim partiya ierarxiyasından kənarda da PA rəhbərinə bağlı olduğu söylənilir. PA başçısı “köhnə qvardiya”nı idarə edir. Mehdiyevin hazırda hökumət üzvləri, yaxud hakim partiyada baş verənlərə tam nəzarət etdiyinə dair dəqiq məlumatlar olmasa da, o, hakimiyyət daxilində güclü qruplaşmalardan birinə başçılıq edir. Mehdiyev hökumətin və hakim partiyanın seçki strategiyasını müəyyənləşdirir. Onun qruplaşmasına daxili işlər naziri Ramil Usubov kimi nüfuzlu məmur daxildir. Onlara qarşı isə fövqəladə hallar naziri Kəmaləddin Heydərov və milli təhlükəsizlik naziri Eldar Mahmudovun üzv olduğu başqa bir qruplaşma dayanır.

Mehriban Əliyeva Ilham Əliyevdən daha populyardır

Ölkənin birinci xanımı Mehriban Əliyevanın 2013-cü il prezident seçkilərində həyat yoldaşını əvəz edəcəyinə dair iddialar gündəmdədir. Əliyeva həyat yoldaşı Ilham Əliyevdən daha populyardır. O, humanitar və mədəni fəaliyyətlərinə görə beynəlxalq ictimaiyyətin diqqətini özünə cəlb edə bilib. Həmçinin, prezidentlik müddətinin 7 ilə qədər artırılması təklifləri də gündəmə gəlib.
Hakim partiyanın rəhbərliyində təmsil olunan Mübariz Qurbanlı və “cib müxalifəti” adlandırılan Ana Vətən partiyasının sədri Fəzail Ağamalı prezidentlik müddətinin artırılması təklifi ilə çıxış edirlər”.


Siyasət şöbəsi