25.09.2011

Əliyevin Xaçmaz səfərində fövqəladə olay

Anası öldürülən şəhər sakini yaşadığı binanın damından Ilham Əliyevə şikayət edib

«Anamı öldürüblər, qatil isə yanınızda dayanan icra başçısı Şəmsəddin Xanbabayevdir»

Ilham Əliyevin Xaçmaz rayonuna səfəri zamanı fövqəladə olay yaşanıb. Ölkə başçısı Xaçmaz şəhərinin mərkəzindəki “Heydər parkı”nda mərhum atasının abidəsi önünə gül dəstəsi qoyarkən gözlənilmədən yaxınlıqdakı beşmərtəbəli binanın damından qadın səsi eşidilib. Qadın Ilham Əliyevə müraciətlə qışqırıb ki, onun anasını öldürüblər, qatil isə prezidentin yanında dayanan icra başçısı Şəmsəddin Xanbabayevdir.
Bu barədə “Yeni Müsavat”ın saytında hadisə şahidlərindən birinə istinadla məlumat yerləşdirilib. Mənbənin bildirdiyinə görə, bu gözlənilməz qışqırıq hər kəsin, o cümlədən prezidentin diqqətini cəlb edib. Dövlət başçısının təhlükəsizliyinə cavabdeh olan mühafizəçilər dəstəsi çaşqınlıq keçiriblər, amma toparlanaraq hərəkətə gəliblər və dama çıxmış qadını aşağı endiriblər.
Məlum olub ki, bu qadın Xaçmaz bazarının ötən il qətlə yetirilmiş sahibi Nəcibə Babayevanın qızı Gülnarə Həbibovadır. O, artıq neçə müddətdir ki, sahibkar anasının vəzifəli şəxslər tərəfindən qəsdən öldürüldüyünü bildirir və iddiasından geri çəkilmir.
Mərhum sahibkarın qızı saxlanılaraq sorğu-sual edildikdən sonra sərbəst buraxılıb.
Gülnarənin qardaşı Fuad Həbibov “Azadlıq”a açıqlamasında xəbəri təsdiqləyib. O deyib ki, sözügedən hadisə ölkə başçısı Heydər Əliyev Mərkəzinin açılışına gələrkən olub. Bacısı Mərkəzin yaxınlığındakı binalardan birində yaşayır və Ilham Əliyevin ora gələcəyini bilib, yaşadığı binanın damına çıxaraq oradan ona müraciət edib. Fuad Həbibov da deyir ki, bacısını mühafizəçilər damdan düşürüb, şikayətini dinləyib sərbəst buraxıblar.
Qeyd edək ki, N.Babayevanın meyiti 2010-cu ilin sentyabrında yaşadığı Xaçmaz şəhərində Muskal küçəsindəki evində tapılıb.