25.09.2011

Mahir Abdullayevin oğurlandığı maşın Bakıdadır

Əyyub Kərimov: «Eldar Mahmudov həm Hilal Əsədovu, həm Akif Çovdarovu açıqlama verməyə məcbur etməlidir»

«Mahir Abdullayevin oğurlanması məsələsini araşdırarkən mənə ən çox Elşad Abdullayev mane olurdu»

Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin qardaşının oğurlanması və bundan sonra başına gətirilənlərlə bağlı ölkə başçısı Ilham Əliyevə məktubu cəmiyyətdə böyük rezonansa səbəb olub. O, MTN-in sabiq müstəntiqi, hazırda Fransada mühacir həyatı yaşayan Ramin Nağıyevin vasitəsilə “Azadlıq”a göndərdiyi məktubunda qardaşı Mahir Abdullayevin oğurlanmasında MTN və DIN-də yüksək vəzifə tutan zabitləri ittiham edib.
Ötən sayımızda Mahir Abdullayevin oğurlanması faktını uzun müddət araşdırmış “Femida-007" qəzetinin baş redaktoru, hüquqşünas Əyyub Kərimovun 2004-cü ildə verdiyi müsahibəni dərc etmişdik. Elşad Abdullayevin müraciətinin dərcini bitirəndən sonra, dünən onunla yenidən görüşərək fikirlərini öyrəndik.

Mənə ən çox Elşad Abdullayev mane olurdu

- Müraciətdə qeyri-dəqiq məsələlər çoxdur. Elşad Abdullayev heç də bütün həqiqətləri demir. Dediklərini də özünə sərf edən formada verir. Həmin müraciətdə göstərilir ki, bu adam 7 il bu məsələ ilə bağlı mübarizə aparıb və heç bir nəticə əldə edə bilməyib. Ona görə də Azərbaycan vətəndaşlığından imtina edib və xaricdə sığınacaq almaq istəyib. Bir detalı deyim ki, o dövrdə üç ay bu məsələ ilə bağlı araşdırma aparmışam. Ancaq mənə ən çox hədə-qorxu gələn, araşdırmağımı dayandırmağımı tələb edən, başqa üsullarla hədələyənlərdən biri elə Elşad Abdullayev olub.

- Niyə mane olurdu, araşdırmaları dayandırmağı tələb edəndə, bunu nə ilə izah edirdi?
- Guya, mən onun qardaşını oğurlayanların dəstəsindəyəm. Ona görə bu qədər detalları bilirəm. Ancaq mənim bildiklərim qəzetçi, hüquqşünas kimi topladığım materiallar idi. O, məni hədələyib deyirdi ki, əgər mənim qardaşıma bir şey olsa, bütün məsuliyyət sənin üzərinə düşür. Bildirirdi ki, qardaşımı oğurlayanlarla artıq əlaqə yaratmışam və onlar deyir ki, Əyyub Kərimov araşdırmaları dayandırmasa, qardaşını qaytarmayacağıq. Ona görə sən bilərəkdən qardaşımın qaytarılmasına mane olursan. Bunun ən kluminasiya nöqtəsi 30 dekabr 2003-ci il tarixində oldu. “Xalqın səsi” adlanan bir qəzetdə dörd akademikin, bir neçə millət vəkilinin, o cümlədən 15 professorun imzası ilə bir bəyanat çap olundu. Bəyanat mənə qarşı, rəhbərlik etdiyim qəzetə, araşdırmalarıma qarşı yönəlmişdi. Hətta təhqiredici formada kollaj verərək, hədə-qorxularını davam etdirirdilər. Bəyanatın sonunda DIN, Baş prokurorluq, Ədliyyə Nazirliyinə müraciət olunurdu ki, mənim hərəkətlərimə son qoyulsun.
Indi sual yaranır, bu 7 ildə mübarizə aparırdısa, onda özündə olan məlumatları mətbuata, digər qurumlara niyə çatdırmırdı, əvəzində bunu araşdıranlara mane olurdu.

- Bəlkə özünün dediyi kimi, qardaşı ilə bağlı müəyyən razılaşma olub?
- Onda hədə-qorxuya, bəyanat verməyə nə ehtiyac var idi? Bəyanat verməyə, barəmdə DIN-ə müraciət etməyə əsas görmürdüm. Sizin dərc etdiyiniz müsahibəmdən sonra reaksiya olmadı. Orda deyirdim ki, müvafiq qurumlar müəyyən suallara cavab verməlidir. Məni hədələyənlərdən biri Elşad Abdullayevin qardaşı Elsevər Abdullayev idi. Məni məhv edəcəyi ilə hədələyirdi. Bu gün özlərini elə qələmə verirlər ki, guya, bu araşdırmalarda maraqlı olublar.

Azərbaycansayağı adam oğurluğu

- 2004-cü ildə verdiyiniz müsahibədə deyirsiniz ki, Elşad Abdullayev qardaşının oğurlanmasıyla bağlı heç yerə rəsmi müraciət etməyib. Ancaq o, dövlət başçısına müraciətində yazır ki, bununla bağlı 77 dəfə müraciət edib.
- O vaxtadək Elşad Abdullayev heç bir rəsmi müraciət etməyib. Çünki daxili işlər naziri demişdi ki, bizə rəsmi müraciət edilmədiyinə görə araşdırma gedə bilməz. Elşad Abdullayev bu məsələnin ictimailəşməməsi üçün gizli yolla bu məsələni yoluna qoymağa cəhdlər göstərib. Ona görə də rəsmi müraciət olmayıb. Onun bütün müraciətləri ondan sonrakı dövrdə olub. Onların bəyanatlarından qorxmayaraq müsahibə verib xeyli detallara toxunmuşdum. Əgər Elşad Abdullayevin itkin düşməsi ilə bağlı müəyyən fikirlər söyləyirdisə, onda doğrudan da mübarizə aparmalı idi. Elşad Abdullayev müsahibəsində bir neçə yerdə “Azərbaycansayağı adam oğurluğu” ifadəsini işlədir. Bunu mən o vaxt deyirdim. Çünki bu adam oğurluğundan çox, başqa xəttə bənzəyir.

- Üç aylıq araşdırma sizə nə verdi? Hansı qənaətə gəlməyə əsas verdi? Ortada olmayan adamın taleyi nə ilə bağlıdır?- Mən bir neçə versiya üzərində dayanardım. Birincisi, bu, Mahir Abdullayevin etik olmayan davranışları ilə bağlı idi. Digər tərəfdən, biznes fəaliyyəti, üçüncü tərəfdən isə, universitetin fəaliyyəti ilə bağlı idi. Çünki Mahir həmin universitetdə prorektor idi. Elşad Abdullayevin dediklərində qeyri-dəqiq məsələlərdən biri odur ki, deyir, qardaşının buraxılması üçün Zahid Dünyamalıyevə pul verib.
“Qara kəmər” əməliyyatından sonra iki nəfər DIN-dən işdən çıxarıldı. Onlardan biri Zahid Dünyamalıyev, biri Zakir Nəsirov idi. Əgər Zahid Dünyamalıyevə o pul verilmişdisə və əldə danılmaz sübutlar var idisə, Zakir Nəsirovla bağlı məsələ həll olunanda, Zahid Dünyamalıyevlə məsələ də həllini tapmalı idi.

- Bəlkə burda oturub rektor olmaq, bizneslə məşğul olmaq ona hər şeyi açıb deməyə mane olurdu? Bəlkə qorxub?- Elşad Abdullayevin dedikləri fikirlərin xeylisi dəqiq sübutlara söykənməyən fikirlərdir.

Mahir Abdullayevin oğurlandığı maşın Bakıdadır

- Ancaq O, Avropa Məhkəməsinə müraciət edib...
- O deyir ki, qardaşının qaytarılması ilə bağlı həm MTN-də, həm DIN-də kimlərəsə rüşvət verib. E.Abdullayev niyə qardaşı ilə bağlı məsələləri deyəndə demir ki, bəs qardaşının maşını hanı?

- Siz necə hesab edirsiniz, maşın hardadı?- Əlbəttə ölkədə. Araşdırmamda gəlib o məqama çatmışdım ki, qardaşının maşınında olan sənədlər Respublika Prokurorluğuna və DIN-ə yaxın zibilxanaya atılıb. Sonra Elşad Abdullayevə zəng olunub ki, sənədlər ordadı və onlar ordan götürülmüşdü. O sənədlər əldə olunubsa, orada nə var? Bu günə qədər maşından danışmır. Axı bu həmin günü maşında olub. Düzdür, bəzi adamlarla söhbətləri, müəyyən xətlər ola bilər. Ancaq qardaşının itməsi ilə bağlı universitetə hücum olması yalandı. Bu universitetin Moskva, Dubay filialları saxta idi. Bu barədə araşdırmalarım var idi. Bircə suala cavab versin. Mübarizə apara-apara, 77 məktub yaza-yaza onu attestasiya qurumunda müəyyən şöbəyə sədr olmasına kimlər razılıq vermişdi? Həmin mübarizəni apara-apara ayda bir dəfə “Azərbaycan” qəzetində bir səhifəlik yazı necə gedirdi? Bu gün deyir ki, Azərbaycanda demokratiya yoxdur, 37-ci il hökm sürür. Biz onu çoxdan demişik. Qardaşı itkin düşən andan ölkəni tərk edənə qədər “Azərbaycan” qəzetində onun imzası ilə gedən yazılarda bir dənə o işartı yoxdur.

MTN rəhbəri işçilərini izahat verməyə məcbur etməlidir

- Hər halda o, çox ciddi ittihamlar irəli sürüb. Sizcə, niyə hüquq-mühafizə orqanları buna cavab vermir?
- Hüquq-mühafizə orqanlarının ən böyük günahı ondan ibarətdir ki, bu barədə nə o dövrdə rəsmi açıqlamalar yaydılar, nə də indi. Bu adam məsələni ictimailəşdirib və bu yolla Fransadan sığınacaq almaq istəyir. Mən bu məsələdə DIN-də çox böyük günah görürəm. Onlar dərhal bununla əlaqədar açıqlamalar yaymalıdırlar. Heç olmasa, daxili işlər naziri öz qardaşını müdafiə etmək üçün bunu etməlidir.

- Bəs konkret adı çəkilən MTN zabitləri necə?
- Onların da susmasını məqbul saymıram. Çünki istəsək də, istəməsək də, bu adam fikirlərini deyib. Daha çox milli təhlükəsizlik nazirindən gözləyirəm ki, öz işçilərini məcbur etsin. Deyə bilmərəm, onun o barədə dedikləri həqiqətdir ya yox. Eldar Mahmudov həm Hilal Əsədovdan, həm Akif Çovdarovdan, həm digərlərindən tələb etməlidir ki, bu məsələ ilə əlaqədar ölkə ictimaiyyəti məlumatlandırılsın. Ölkə ictimaiyyəti məlumatlandırılmayana qədər bu o demək olacaq ki, susmaq razılıq əlamətidir. Bu, birmənalıdır.
Daxili işlər naziri bununla əlaqədar fikir deməlidir. Ramil Usubovun qardaşı fikir deməlidir. Ramiz Mehdiyev özü bununla əlaqədar mövqe ifadə etməlidir. Bir sözlə, orda adı çəkilən şəxslər ictimaiyyəti məlumatlandırmalıdır. Ictimaiyyət görməlidir ki, Elşad Abdullayev nə deyir, əks tərəf nə deyir. Hər halda, ictimaiyyət öz nəticəsini çıxaracaq.
E.Abdullayev bleflə məşğuldur, O, Azərbaycan təhsilinə zərbə vurub. Misir Mərdanov da danışmalıdır. Mərdanov ABU-nu ən fəxri universitet sayırdı. Digər tərəfdən, bu, dövlətin imicinə böyük zərbədir. Bu məsələ Avropada araşdırılacaq. Elşad Abdullayev çox böyük provokator idi. Mən MTN-in mətbuat xidmətini də anlamıram. Həmin fikri deyən mətbuat xidmətinin rəhbərini Eldar Mahmudov bir gün də orada saxlamamalıdır. Mətbuat xidmətinin rəhbəri ondan ötrü təyin olunmur ki, ümumi bir söz desin. Guya bu cəfəng söhbətdir, biz də ona cavab vermirik. Yayılan məlumatdan asılı olmayaraq müvafiq qurumun sözçüsü ağla batan formada ona şərh verməlidir. Elşad Abdullayevin nə qədər qohum-əqrabası rəhmətə gedibsə, bunların hamısını qardaşının oğurlanması və ailəsinə olan hücumlarla bağlayır. Bu, Avropa Məhkəməsinə olunan müraciətlərdə şərtlərdən biridir.


Fizzə