25.09.2011

İran-Ermənistan münasibətləri “WikiLeaks”də

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Vaşinqtona göndərdiyi teleqramlarda bu münasibətlərə dair ilginc məlumatları açıqlayıb

"Baxmayaraq ki, İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, «pərdəarxası» söhbətlərdə Azərbaycan dövlətinin legitimliyini tanımadıqlarını bildirirlər"
Dünyanın siyasi gündəmini qarışdıran və ona yeni istiqamət verən “WikiLeaks” saytının yayımladığı ABŞ diplomatlarına məxsus məxfi teleqramları incələdikcə, Azərbaycanın yerləşdiyi mürəkkəb geopolitik regionda hansı siyasi oyunların getdiyi, hansı hesabların tutulduğu haqda dolğun, çoxtərəfli informasiyalar əldə etməklə yanaşı, həm də baş verənləri daha aydın şərh etmək imkanı qazanırıq. Belə məlumatlardan növbətisi ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Enn Dersinin 2007-ci ildə Vaşinqtona göndərdiyi teleqramlarda öz əksini tapıb. Sənəddə səfirliyin Iran-Ermənistan münasibətləri haqqında apardığı dərin araşdırma, bu münasibətlərin bölgə üçün hansı perspektivlər vəd etməsi və region üçün xarakterik təbii reallıqlardan söhbət gedir. Maraqlı olduğunu nəzərə alıb, teleqramlardakı diqqət çəkən məqamları təqdim edirik.

Iran regionda Türkiyə-Azərbaycan birliyindən ehtiyatlanır

Enn Dersi yazır ki, Sərkisyanın da ifadə etdiyi kimi, Iranın Ermənistanla xarici siyasətinin əsasən enerji və ticarət maraqları ətrafında dövr etməsi bu ölkələr arasındakı münasibətlərin başlıca xarakteristikasını təşkil edir: “Sarkisyan Tehranın Ermənistanı tələbat malları üçün yaxşı bir ixrac bazarı kimi görməyə davam etdiyinə inanır. Sərkisyan, həmçinin əmindir ki, Iran Avropaya təbii qaz ixrac etmək məqsədilə Şimal-Cənub enerji dəhlizini (Iran-Ermənistan-Gürcüstan) çəkmək arzusundadır. Onun fikrincə, Iran sözügedən enerji dəhlizinin perspektivini “ən yüksək prioritet” kimi görür və Iranın bölgə ilə bağlı səylərinə bütövlükdə bu prizmadan yanaşılmalıdır. Bu enerji dəhlizilə bağlı fikrini tamamlayan Sərkisyan qeyd edib ki, Iran eyni zamanda, malların ixrac-idxal imkanlarının inkişaf etdirilməsi məqsədilə Şimal-Cənub nəqliyyat dəhlizinin də tikintisində maraqlıdır. Sərkisyanın sözlərinə görə, başqa maraqlar da burada rol oynayır. Əlavə olaraq qeyd edib ki, həm Ermənistan, həm də Iran “Türk Zolağı”nın (Türkiyə Gürcüstan üzərindən Azərbaycanla bağlıdır; Türkiyə bunun köməyilə Qafqazda və Mərkəzi Asiyada öz təsirini daha asan layihələndirə bilər) peyda olmasından da ehtiyat edib. Sərkisyan, həmçinin əmindir ki, Iran Dağlıq Qarabağ probleminin həll olunmamasından bölgəni Türkiyə-Azərbaycan təsirindən qorumaq və bu təsirin geniş yayılmasını əngəlləmək üçün istifadə edir”.

Ermənistan şirkəti Azərbaycana yük daşıyıb

Enn Dersi Vaşinqtona göndərdiyi başqa bir teleqramda isə yazır ki, Bəndər-Abbas limanında yerləşən iranlı bir erməniyə məxsus “Sati” Beynəlxalq Nəqliyyat Daşımaçılığı şirkətində nəqliyyat departamentinin rəhbəri Albert Xaçaturyan, prezident Köçəryanın Iranla ticarətə dair şikayətlərini təkrarlayıb: “Xaçaturyanın dediyinə görə, Iranla ticarət etmək, oradakı gömrük prosedurları və bərbad infrastruktur (liman təsisatları və yollar) səbəbindən çox çətindir. ”Sati” şirkəti Çin, Uzaq Şərq və Birləşmiş Ərəb Əmirlikləri mənşəli malların daşınması ilə bağlı tranzit ölkə kimi yalnız Irandan istifadə edir. Bununla belə, Xaçaturyan şikayətlənib ki, Iranın gömrük qaydaları qarmaqarışıq və dəyişkəndir, onun şirkəti hər dəfə ziyanla üzləşir. Məsələn, Xaçaturyan Bəndər-Abbasdan Yerevana bir ədəd konteyner daşımaq məqsədilə icazə almaq üçün ən azı bir həftə vaxtın gərəkdiyini söyləyib. Xaçaturyan əlavə etdi ki, plastik, quru mallar və ən son tələbat malları Iranın Ermənistana ixracının əsasını təşkil edir. Ermənistandan Irana isə ixrac çox aşağıdır. Irandan Gürcüstana tranzit malların daşınması barədə isə, Xaçaturyan deyib ki, Ermənistan üzərilə müqayisədə Bəndər-Abbasdan birbaşa Poti limanına konteyner daşımaq çox ucuzdur. Eyni yükü quru yolu ilə daşımaq dəniz yoluyla daşımaqdan dörd dəfə bahadır. Xaçaturyan, həmçinin bildirdi ki, onun şirkəti Bəndər-Abbas limanından Azərbaycan üçün nəzərdə tutulmuş yükləri də daşıyıb və öz şirkətindən əlavə, Iranla Ermənistan arasında iş quran daha iki “ciddi” nəqliyyat şirkəti mövcuddur”.

Ermənistana yük daşıyan sürücülər azərbaycanlılar olub

Enn Dersi daha bir teleqramında Iranla əsas sərhəd rayonu olan Meğrinin bələdiyyə rəisi, ABŞ-ın Yerevandakı səfirliyinin əməkdaşı və ABŞ Energetika Nazirliyinin nümayəndələri ilə gömrük rəsmiləri arasında ticarət əlaqələri haqqında müzakirələrdən yazıb: “ABŞ təmsilçilərinin hesablamalarına görə, xüsusilə gecə saatlarında təxminən 400-600 yük maşını Irandan Meğri sərhəd-nəzarət buraxılış məntəqəsi vasitəsilə Ermənistana daxil olub. Yük avtomobilləri sərhədi təxminən bir-iki saata keçməyə müvəffəq olurdu (Sürücülər gecənin çox soyuq vaxtlarında işə təhkim olunmalarına baxmayaraq, onlar üçün  sərhədi bir-iki saata keçmək baxımından bu, sərfəli idi). Iranlı gömrük nəzarətçisi sərhəddə Iran mənşəli malların sonrakı hərəkəti üçün Ermənistandan olan maşınlara yüklənməsini müşahidə edirdi. Bizim müşahidə etdiyimiz əksər Iran yük avtomobillərinin sürücüləri azəri türkləri idi. Erməni bələdiyyə sədri bu faktı onunla əlaqələndirdi ki, çoxlu sayda azəri türkü əvvəldən Ermənistanda yaşayanlar olub, ancaq Azərbaycanla müharibə başladıqdan və münasibətlər pisləşdikdən sonra onlar buraları tərk etmək məcburiyyətində qalıblar. ABŞ hökumətinin qulluqçusu olduğu asanlıqla tanınsa da, bir neçə iranlı azəri türkü olan sürücülər onun yanında Iran nəzarətçisilə azərbaycanca söhbət etmək istəyində görünürdülər (QEYD - əslində, aydın deyildi yük maşınlarının sürücüləri Iran nəzarətçisilə təmasda olmaqda niyə o qədər də maraqlı deyildilər. Hiss olunurdu ki, onlar Ermənistanda Azərbaycan dilində danışmaqdan rahatsız olurdular. Ola bilsin, onlar sadəcə, səfərlərini davam etdirmək istəyirdilər, yaxud tamamilə başqa səbəb olub).
Orada diqqət çəkən daha bir məqam isə yeni 42 kilometrlik qaz borusunun çəkilməsi idi. Iran nəzarətçisi tikintinin hələ də davam etdiyini nəzərindən qaçırmadı”.

Iran müharibə təhlükəsinin qonşularından gələ biləcəyindən ehtiyatlanır

Növbəti teleqramında da Strateji Sahələr üzrə Analiz Mərkəzinin rəhbəri Sərkisyanın fikirlərinə istinad edən Enn Dersi yazır ki, erməni ekspert Iranın Qafqazdakı niyyətlərindən kifayət qədər şübhələrinin olduğunu bildirirdi. Deyirdi ki, Iran hər üç ölkə ilə fərqli siyasət aparır. Onun fikrincə, Ermənistanın “qarşılıqlı asılılıq” prinsipinə dayanan xarici siyasəti elə də təhlükə vəd etmədiyindən qənaətbəxş sayıla bilər: “Sərkisyan düşünür ki, Iran, çox güman, Gürcüstanla da isti münasibətlərini davam etdirməkdə maraqlı olacaq. Ən azı, Şimal-Cənub enerji dəhlizi layihəsini inkişaf etdirmək marağının olması baxımından. Sərkisyan, həmçinin əlavə etdi ki, Tehran Gürcüstandan həm də ehtiyat edir, xüsusən də rəsmi Tbilisinin Türkiyə ilə əlaqələri sıxlaşdırmasından və həvəslə NATO-ya inteqrasiya olmaq istəməsindən sonra. Sərkisyanın fikrincə, Iran müharibə təhlükəsinin qonşularından gələ biləcəyindən ehtiyatlanır. Azərbaycana gəldikdə isə, Sərkisyan bildirir ki, Iran tez-tez müharibə təhlükəsi səbəbindən bu ölkəyə hədələrini açıq bəyanatlarla bildirir. Bundan başqa, onun fikrincə, baxmayaraq ki, Iran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, ”pərdəarxası” söhbətlərdə Azərbaycan dövlətinin legitimliyini tanımadıqlarını bildirirlər”.

Xamneyinin kürəkəni ABŞ telekanallarını izləyir

Enn Dersi yazışmalarında Izaqalian soyadlı başqa bir Iran ermənisinin də fikirlərinə yer verib: “Izaqalian bildirdi ki, onun Iranda əlaqədə olduğu əksər adamlar xarici peyk televiziyalarını izləyir və ABŞ-da yaşayan iranlı musiqiçiləri dinləyirlər. O dedi ki, Iran dövlət televiziyasının rəhbəri şəxsən ona bildirib ki, bu telekanallar aktiv şəkildə nəzarət altındadır və bu informasiya axınına qarşı dövlət televiziyası olaraq öz proqramlarını hazırlayırlar. Daha sonra Izaqalian Zarqami adlı bir nəfərdən söhbət açdı və əlavə etdi ki, o, Iranın ali dini lideri Əli Xamneyinin kürəkənidir və onu kifayət qədər oxumuş və təhsilli insan kimi təsvir etdi. Daha sonra əlavə etdi ki, Zarqami ilə görüşlərinin lap əvvəlində kürəkən, əsasən ABŞ-da yerləşdirilən Iran peyk telekanallarını izləyirmiş. Ancaq Izaqalian bir şeydən əmindir ki, Zarqami bunu görüntü üçün edib. Bununla belə, Izaqalian Zarqaminin Irandakı xarici radioötürücülərə qarşı şəxsən açıq olduğuna inandığını qeyd etdi. Əlavə olaraq, vurğuladı ki, etnik azərbaycanlıların əksəriyyəti özlərini iranlı hesab etdikləri halda, ölkənin şimal-şərq bölgəsində yaşayan azərbaycanlıların böyük bir hissəsi belə düşünmür və orada narahatlıq var”.

Köçəryanın müşaviri Iran ermənisi olub

Keçmiş səfirin teleqramında adı keçən, prezident Köçəryanın iqtisadi məsələlər üzrə məsləhətçisi olmuş Vahram Nercissyants Tehranda doğulub. O, atasına və digər qohumlarına baş çəkmək üçün mütəmadi olaraq Irana səfərlər edirdi: “Nercissyantsın qohumlarının dediklərinə görə, rəhbərləri Iran ermənləri olan böyük şirkətlər Yerevana investisiya yatırmağa və mülk sahibi olmağa başlayandan sonra Iranda iqtisadi vəziyyət daha da pisləşib. Amma Iran hökumətilə erməni toplumu arasında münasibətlər normal məcradadır. Nercissyants inanır ki, həmvətənlərinin mülk alarkən Yerevanı seçmələri Iranla əlaqələri birdəfəlik kəsmək deyil, əksinə, onlar sadəcə, sərmayələrini yatırmağa daha təhlükəsiz yer axtarırlar. Nercissyants, həmçinin əlavə edib ki, ABŞ ordusunun Irana mümkün hərbi müdaxilə qorxusu Iran ermənilərinin Ermənistanın real sərmayə bazarındakı yatırımları üçün ciddi təhlükə yaratmır”.

Iranda ölüm-dirim mübarizəsi aparan iki qrup


Vaşinqtona göndərilən teleqramlarda Ermənistanın Suriyadakı keçmiş səfiri, indi isə Yerevan Dövlət Universitetində Şərq Məsələləri üzrə professor olan Devid Hovanisyanın da fikirləri öz əksini tapıb: “Devid Hovanisyana görə, Iran daxilində iki qrup ölkənin gələcəyi uğrunda ölüm-dirim mübarizəsi aparır. Qruplardan birinə ayətullah Yezdi və onun tərəfdarları, digərinə isə Rəfsəncani və onun tərəfdarları rəhbərlik edir. Hovanisyan güman edir ki, Rəfsəncaninin düşərgəsi az öncə siyasi vəziyyətə dominantlıq etməyə başlayıb, hazırda siyasətin strateji və xarici istiqamətini təşkil etmək imkanlarına malikdir. Hovanisyanın fikrincə, ali dini lider Xamneyi indilərdə Rəfsəncaniyə öz dəstəyini hiss elətdirməyə başlayıb. Çünki Xamneyi prezident Əhmədinejadın yürütdüyü daxili və xarici siyasətin (Qərblə münasibətlərdə gərginliyin pik həddinə çatması və iqtisadiyyatın düzgün idarə olunmaması) rejimin stabilliyinə təhdid yaratmasından narahat olmağa başlayıb. Iki il əvvəllə müqayisədə isə Xamneyinin siyasət meydanında təsir dairəsi artıb. Hovanisyan hesab edir ki, hazırda ali dini lider ölkənin xarici siyasi qərarlarında daha aktiv rol oynamaqdadır”.

Rəşad Alp