Ben-Qurionda 50 kq quzu ətilə tutulan nazir kimdir?
Azərbaycanı rüsvay edən olay ABŞ və İsrail mediasında ciddi rezonans doğurub
“Washington Post” qəzeti Israilin “Haaretz” qəzetinə istinadən ölkəmizlə bağlı sensasion məlumat yayıb. Xəbərdə bildirilir ki, Azərbaycan nazirlərindən biri yük baqajında 50 kq çəkilikdə təzə quzu ətini özü ilə Israilə apararkən, Ben-Qurion Beynəlxalq Aeroportunun əməkdaşları tərəfindən saxlanılıb.
Hava limanının əməkdaşları əvvəlcə bunun bir qaçaqmalçılıq aktı olduğunu düşünüblər, lakin mal sahibinin bir ölkənin naziri olduğunu öyrənincə, özləri də təəccübləniblər. Bu barədə dərhal Azərbaycan Nazirlər Kabinetinə məlumat verilib. Nazirlər Kabineti isə baş verən hadisəyə izah tapa bilmədiyindən, axmaq vəziyyətinə düşüb.
Vergi idarəsinin mətbuat xidmətinin rəhbəri Lev-Zerahiya baş verən olayı təsdiqləyib. O, məlumat verib ki, həftənin dördüncü günü, yəni dünən, həqiqətən də Ben-Qurion Beynəlxalq Hava Limanında yoxlama aparıldığı zaman sözügedən nazirin baqajından 100 funtluq (təxminən 50 kq) təzə ət aşkarlanıb. Onun sözlərinə görə, aşkarlanmış ət məmulatı gömrük əməkdaşları tərəfindən dərhal müsadirə olunduqdan sonra protokollaşdırılaraq məhv edilib. Lev-Zerahiya söhbətin hansı nazirdən getdiyini açıqlamayıb. Mətbuat xidmətinin rəhbəri əlavə edib ki, Israilə qanunla sadəcə bir kiloqram (2,2 funtluq) çəkidə ət məmulatı gətirmək mümkündür.
“Washington Post” “Haaretz” qəzetinə istinadən daha sonra yazır ki, nazirin köməkçiləri baş verən olayla bağlı utandıqlarından xəcalət təri töküblər. Onlar izah etməyə çalışıblar ki, sözügedən quzu əti nazirin Israil səfəri ərzində qidalanması üçün nəzərdə tutulubmuş.
“Azadlıq” olaraq qeyd edək ki, bu olayla bağlı araşdırmalarımız davam edir və söhbətin hansı nazirdən getdiyini tam dəqiqləşdirdikdən sonra məlumat verməyə çalışacağıq.
Hazırladı: Rəşad Alp