24.09.2011

Bakıdakı “məmur toyxanası”nda insan alveri

Wikileaks «Buta Palace» və digər obyektlərdə çalışan əcnəbilər barədə məlumat yayıb
Wikileaks Azərbaycanda əmək bazarına həsr olunan məxfi məlumatla cəmiyyəti yenidən təəccübləndirib. Saytın məxfi məlumatına əsasən, Bakıdakı ABŞ səfirliyinin nümayəndəsi Robert Garverick vəziyyəti çılpaqlığıyla ortaya qoyub.  Məlumat 2010-cu ilin iyul ayında göndərilib. Orada qeyd olunub ki, Azərbaycana neft pulları axmaqda davam edir və Bakı böyük tikinti meydançasına bənzəyir. Lakin buna baxmayaraq, insanların gəlirləri artmır. Tikintiyə, əsasən aşağı kvalifikasiyalı mütəxəssislər cəlb olunur və onlara çox kiçik əməkhaqqı ödənilir. Ölkədə iş yeri tapa bilməyən insanlar Rusiya, Ukrayna və Türkiyəyə üz tuturlar. AYIB rəsmi statistikaya görə ölkə əhalisinin 18 faizinin xaricdən göndərilən vəsaitdən asılı olduğunu bildirib. Saytın məlumatında daha sonra deyilir:
“Ölkənin paytaxtında bir çox tikinti layihələri həyata keçirilir. Bu da öz növbəsində kənd əhalisinin paytaxta axışmasına səbəb olur. Onlarla əmək müqaviləsi imzalanmır ki, iş verən şirkətlər vergi ödəməkdən yayınsın və lazım olan anda işçiləri işdən azad edə bilsin. Hər hansı bədbəxt hadisə baş verərsə, işçinin heç bir təminatı həyata keçirilmir. Bədbəxt hadisələr isə tez-tez baş verir, buna səbəb isə təhlükəsizlik qaydalarına riayət olunmamasıdır. Tikintidə çalışan işçilərin gündəlik əməkhaqqı 15 dollar təşkil edir. Maliyyə böhranı başlanandan sonra işsizlik xeyli artıb, baxmayaraq ki, rəsmi məlumat 6.5 faiz miqdarında qaldığını bəyan edir. Ölkədən Rusiya, Ukrayna və Türkiyəyə iş dalınca gedənlərin sayı artmaqdadır. Onların əksəriyyəti ya ticarətlə məşğul olur, ya da tikintilərdə fəhləlik edir. Bir çox insanların yeganə qazanc yeri məhz xaricdən göndərilən vəsaitdir. Bankların xaricə pulköçürmə reklamlarını ən kiçik şəhərlərdə belə, tapmaq mümkündür. AYIB məlumat verir ki, 1,5 milyon azərbaycanlıya xaricdən pul köçürülüb. 523 min vətəndaşa daimi əsaslarla pul göndərilir. Orta hesabla hər adam ildə 6 köçürmə, hər köçürmədə orta hesabla 169 dollar göndərilib. Köçürmələrin 79 faizi Rusiyadan daxil olub. Soruşulanların 80 faizi aldığı pulu yeməyə, geyimə və dərmana xərclədiyini bildirib.
Səfirliyin məlumatında daha sonra Azərbaycanın əmək bazarındakı insan alveri məsələsinə toxunulub. Belə ki, Serbiyaya məxsus “Serbaz” şirkəti 346 bosniya serbini ölkəyə gətirərək onların əməyindən dövlət əhəmiyyətli “Buta Palas” tikinti layihəsində və Mingəçevir Olimpiya mərkəzinin tikintisində istifadə edib. “Serbaz”ın Gənclər və Idman Nazirliyi, konkretləşdirsək, Azad Rəhimovla əlaqələri haqda sübutlar var. Sülh Korpusunun nümayəndələrinə Çindən olan miqrantlar bildirib ki, onlar iki ildir Azərbaycanda çalışır və borclarını qaytarmaq üçün (?) daha iki il də çalışmalıdırlar.
Məlumatın sonunda bildirilir ki, Azərbaycanda kasıblığın səviyyəsi çox yüksəkdir və hakimiyyət vəziyyəti düzəltməyə həvəsli görünmür. Buna səbəb odur ki, azərbaycanlılar qonşu Gürcüstan və Ukraynadan fərqli olaraq daha səbirlidir və ağır vəziyyətlərini dilə gətirməyi xoşlamır. Bu səbəbdən də ölkədən getməyi üstün tuturlar".
Məlumatda adı keçən “Serbaz” şirkətinin bosniya serblərini Azərbaycana gətirməsi və onlardan əmək qüvvəsi kimi istifadə olunması faktını dəqiqləşdirmək istədik. Bununla bağlı şərhini dinlədiyimiz Miqrantların Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Əlövsət Əliyev öncə söylədi ki, əslində, onların sayı daha çox, 1500 nəfərdir: “Onlar əsasən Bosniya və Herseqovinadan gətirilib. Həmin adamlar Azərbaycanda işləyib və yenə də işləyir. Buta Palasda, 28 May metrostansiyasının çıxışında inşa edilən tikintidə, Mingəçevir Olimpiya Mərkəzində, aeroporta gedən istiqamətdəki Eksposentrdə, Səadət sarayının təmirində və s.
Biz Ali Məhkəmədə onların hüquqlarını müdafiə etmək üçün iddia qaldırmışıq. Yəni serblər Azərbaycanda işləsə də əmək haqlarını ala bilməyiblər, onlara maddi-mənəvi ziyana görə kompensasiya tələbi qoymuşduq. Ali Məhkəməyə qədər gedib çıxsaq da iddia təmin olunmadı. Amma mübarizəni davam etdirəcəyik. 
Qeyd edim ki, serblərin burda istismar olunması üçün münbit şərait var. Eyni zamanda, onlar işdən qaça bilmir, çünki keyfiyyətli iş görməlidirlər və qapalı yerdə saxlanılaraq qapalı müəssisədə işlədilirlər. Səsini qaldıran işçiləri isə ölkədən deportasiya edirlər. Çin vətəndaşlarıyla da vəziyyət yaxşı deyil, bu, “Azərenerji”nin Mingəçevir DRES-ində çalışan miqrantlardır ki, onlarla bağlı məlumatı Dövlət Miqrasiya Xidməti və Insan Alverinə qarşı Müdarizə Idarəsinə göndərmişik. Həmin faktlarla bağlı hazırda yoxlama apırılır".


Informasiya şöbəsi