24.09.2011

İlham Əliyevin “ciddi işləri”

Müxalifət liderlərinə qarşı təxribat və Ərdoğanın Qarabağ çıxışı haqqında...
BMT-də Qarabağla bağlı növbəti çıxış oldu. Təbii ki, müəllif Ilham Əliyev deyil. Azərbaycanın dövlət başçısının başı daha mühüm dövləti problemlərə qarışıb. Bu dəqiqə onun əsas işi Əli Kərimli və Isa Qəmbərə qarşı təxribatlar hazırlamaqdır. Qarabağ məsələsi isə BMT-də Ərdoğanın ümidinə qalıb.
Görəsən, Azərbaycanın dövlət başçısı niyə bu cür ciddi məsələnin müzakirəsində iştirak etmək istəməyib? Hələ o da başqa məsələdir ki, Ilham Əliyevin “diplomatlar ordusu” Məmmədyarovun sərkərdəliyi altında Azərbaycanı BMT Təhlükəsizlik Şurasının 10 qeyri-daimi üzvündən biri etmək istəyirlər. Bu qədər ciddi məqsədləri elan edəndən sonra öz ölkəsilə bağlı münaqişənin müzakirəsində iştirak etməyən dövlət başçısına hansı kənar ölkə etimad göstərər? Kim öz taleyinin müzakirəsini Ilham Əliyevə tapşırar? Ilham Əliyevin ABŞ-la münasibəti elə səviyyədədir ki, hətta Əhmədinejad da BMT-nin sammitlərinə qatılır, amma Ilham Əliyev üçün bu, başağrısı olur.
Ərdoğanın BMT Baş Assambleyasındakı çıxışı həm də ona görə maraqlıdır ki, bu dəstəyin ifadəsi Azərbaycanın Türkiyə və Israil arasında vurnuxduğu bir zamana düşür. Ilham Əliyev isə seçimini edib. Onun üçün başlıca iş daxildəki rəqibləri sıradan çıxarmaqdır. Böyük siyasətə qarışmır Azərbaycanın dövlət başçısı. Düşünür ki, onlar necə olsa, dil tapacaqlar, o, daxildəki rəqiblərini “təmizləməlidir”.

Lukaşenkonun velosipedi...

Ermənistanı Azərbaycana nümunə göstərməyə bizi vadar edən nədir? Azərbaycan hökumətinin, hətta Ermənistan hökumətindən də qəddar olması... Təbii ki, söhbət öz xalqına, daxili siyasi təşəbbüslərin boğulmasına və dəstəklənməsinə olan münasibətdən gedir. Irəvan artıq Avropa Ittifaqı ilə viza rejimini yumşaltmağa çalışır. Azərbaycan hakimiyyəti isə bir ildir bizim üçün Qərbin yaratdığı fürsətdən yararlanmaq istəmir. Beləliklə, biz dünyanın bir nömrəli hərbi cinayətkarının idarə etdiyi dövlətdən də geridə qalırıq. Hələ sərbəst toplaşmaq azadlığının təmin olunması və müxalifətlə müstəqil dialoqa cəhddən danışmırıq. Bu bir tərəfə, bütün siyasi dustaqları azad edən Lukaşenko da Ilham Əliyev üçün heç bir nümunə ola bilmir. Nə diktatorların acı taleyindən nəticə çıxarır, nə də demokratların uğurlu siyasətindən. Ölkə açıq-aşkar uçurumun başına çəkilir. Ilham Əliyevin yeni velosiped ixtirasına ehtiyac yoxdur. Ondan tələb olunan budur ki, Hüsnü Mübarəkin, Ben Əlinin yolunu getməkdənsə, daha mütərəqqi nümunələrə diqqət yetirsin. Heç olmasa, Lukaşenkonun velosipedinə baxsın. Axı Avropaya doğru gedən bir ölkənin ilin günün bu vaxtında onlarla siyasi və əqidə dustağının olması yolverilməzdir. Bu, siyasi intihardır. Iqtisadi sanksiyalara aparan kursdur.
Bəs Azərbaycanda “boz kardinallar”, qara magiya ilə məşğul olanlar, qırmızı medalı pulla alanlar bilmirlər ki, hər şeyin bir sonu var və ən qorxulu iş də süni şəkildə sonu yaxınlaşdırmaqdır? Sadəcə, düşünürəm ki, daha necə açıq yazmaq olar ki, hamı hər şeyi anlasın. Ya da nə zamansa “anlamamışam” deyə bilməsin?!


Seymur Həzi