24.09.2011

Qəsəbələri qara günə bürünmüş Qaradağ

Rayonun qəsəbələri sosial problemlər burulğanındadır; yollar bərbad, kanalizasiya işləmir; ev tikmək üçün hamıyla «görüşməlisən»; xəstəxanalar ya yoxdur, ya da xəstə qəbul etmir...

Ilham Əliyevin ən çox səfər etdiyi rayondan reportaj

Qaradağ ölkənin ən fəlakətli rayonlarındandır. O biri rayonlarda az-çox Ilham Əliyevin sözü eşidilsə də, sosial problemlərin həlli ilə bağlı hökumətin gördüyü müəyyən işlər buradan yan keçib. Hamı və hər şey pulla ölçülür. Məşhur bir məsəldə deyildiyi kimi - qaçan da pul istəyir, qovan da...

1000 manat şirinlik

Öncə rayonun Lökbatan qəsəbəsindən başlayaq. Qəsəbənin girişində abadlıq işləri aparılıb. Ilk an bu, bizdə yaxşı təəssürat oyatdı. Ara küçələrə daxil olanda bütün yaxşı işləri unutduq. Bərbad yollar, kanalizasiya sisteminin işləməməsi bizi bu cür düşünməyə vadar etdi. Xüsusən də yüzlərlə yarıtikili evləri görəndə təəccübdən donub qaldıq. Mümkün deyil ki, sayı-hesabı bilməyən evlərin sahibləri imkansızlıqdan tikintini dayandırsın. Burada bir qaranlıq məqam var... Qaranlığa işıq salmaq üçün qəsəbə sakinləri ilə söhbət edirik. Məlum olur ki, tikililərin dayanmasının bir səbəbi puldursa, ikinci səbəbi “kupça”dır. Hər bir kəs torpaq alıb tikintiyə başlamaq üçün 1000 manat şirinlik verməlidir. Bünövrə hazır olandan sonra ev yiyəsi sahə müvəkkilini, icra nümayəndəsini, bələdiyyəni, Dövlət Neft Şirkətinin işçilərini “görməlidir”. Ən sonda kəllə-çarxa çıxan qeydiyyat məsələsini həll etməlidir. Bunları etmədən evi tikib ərsəyə gətirə bilməz. Qəsəbədə yüzlərlə həyət var ki, bünövrədən sonra tikinti dayanıb.
Lökbatanın mərkəzi küçəsi - 28 may küçəsində hündür mərtəbəli binanın təməli qoyulub. Müəyyən səbəblərdən sonra iş dayandırılıb.
Adıçəkilən küçənin başında “Cırtdan” uşaq əyləncə parkı salınıb. Deyilənlərə görə, bu park icra başçısı Süleyman Mikayılova məxsusdur. Ilin əvvəlində Ilham Əliyevin qırmızı lenti kəsməsi ilə açılışı olan bu parkdan “Çakır” ləqəbli icra başçısı yaxşı gəlir götürür. Uşaq əyləncə parkında tikilən bütün obyektlər ona məxsusdur və hər ay obyekt işlədənlərdən haqqını alır.
Qəsəbənin mərkəzindən azca aralıda təmizləyici qurğunu sıradan çıxarıblar. Nəticədə çirkab sular birbaşa dənizə axıdılır. Bunun səbəbini soruşduqda məlum oldu ki, neft şirkətinin işçiləri həmin ərazini də satışa çıxarıblar. Hazırda sahibsiz qalan bu torpağa kiminsə yiyələnəcəyinə heç kəs şübhə etmir.

Xəstəxanasız Qızıldaş

Lökbatandan üzü yuxarı - Qızıldaşa gedirik. Buranın da yolları bərbaddır. Ən bərbad yol isə Qızıldaşdan Sahil qəsəbəsinə gedən yoldur. Vəziyyət o qədər acınacaqlıdır ki, balaca maşınlar o yolda hərəkət edə bilmir. Məcbur qalıb əks istiqamətlə, yəni Qızıldaş, Korgöz, AZNS, Lökbatan qəsəbələrindən keçib Sahilə gedəsən. Nəticədə 2 km-lik xaraba yolu 10-12 km-lə əvəzləyirsən.
Qızıldaşda 8 mindən çox əhali yaşayır. Ancaq qəsəbənin xəstəxanası yoxdur. Sovet dövründə tikintisinə başlanılan xəstəxana kranla birgə pas atıb. 1987-ci ildən bu yana tikilib başa çatmayan qəsəbə xəstəxanasının yaxınlığında futbol meydançası da var. Əgər buna meydança demək olarsa. Gənclər yarısı çirkablı su, yarısı da kol-kosla əhatələnən meydançada bir vaxtlar futbol oynadıqlarını söyləyirlər. Düzü, buna inana bilmədik. Yalnız qapı dirəkləri burada nə vaxtsa futbol oynamağın mümkünlüyünə adamı inandırır.
Bu qəsəbədə nəinki qanunsuz tikililərə “kupça” verilir, hətta bələdiyyənin, icra nümayəndəliyinin verdiyi icazə kağızıyla belə, qeydiyyata düşmək mümkün deyil.
Qəsəbədə cəmi bir park var. Kol-kos içində it-bat olan bu parkda istirahət eləmək, uşaqları əyləndirmək mümkün deyil.

Iki mərtəbəli ev üçün 3000 manat

AZNS və Korgöz qəsəbələrinin icra nümayəndəsi Bəxtiyar Gülmalıyevdir. Sözügedən qəsəbənin sakinləri ondan yaman şikayətçidir. Onların sözlərinə görə, Gülmalıyevin işi yeni tikilən ev sahiblərinə “hücum” etməkdən ibarətdir: “Bəxtiyar Gülmalıyev başqa işlə məşğul olmur. Qəsəbə pis gündədir. Yolları bərbaddır, kanalizasiyaya aylarla diqqət yetirilmir, zibilliklər yığışdırılmır. Dəfələrlə şikayət etmişik, heç bir müraciətimizə baxılmayıb. Onu yerində tapmaq mümkün deyil. Ancaq bir adam ev tikməyə başlasa, o dəqiqə həmin ünvanda peyda olur”. Qəsəbə əhli deyir ki, kimsə ev tikmək istəsə, hər mərtəbəsi üçün 1000 manat pul alır. Üstəlik, evin damını örtəndə də 1000 manat ödəməlisən. Əgər bir adam ikimərtəbəli ev tikmək istəyirsə, təkcə icra nümayəndəliyinə 3000 manat verməlidir. Bələdiyyənin, icra hakimiyyətinin, sahə müvəkkilinin də haqqını bu məbləğin üstünə gələndə 6-7 min manat edir. Imkanlılar deyilənlərlə razılaşır. Maddi durumu zəif olanlar isə ya ev tikmir, ya da bünövrədə işləri dayandırmalı olur.

Buta, Səngəçal və Sahilin məktəb problemi

Qaradağın Buta və Səngəçal qəsəbələrində də vəziyyət ürəkaçan deyil. Belə ki, adıçəkilən qəsəbələrə son illər asfalt çəkilməyib. Buta lap mezazoy dövrünü xatırladır. Məktəbi, yolları, kanalizasiya sistemi, parkı belə, xarabazara bənzəyir. Orada olan kəs inanmaz ki, bu cür sosial durumla insan yaşaya bilər.
Səngəçalın ərazisində isə qanunsuz evlərin sayı yüzlərlədir. Nə o evlərdə yaşayanları qeydə alırlar, nə də ciddi bir tədbir görürlər. Həmin evlərdə yaşayanlar isə seçkilərdə iştirak edə bilmirlər. Əsasən Laçından olan məcburi köçkünlər yaşayışdan çox narazıdır. Qışda vəziyyətləri daha da ağır olur. Belə ki, məktəbə getmək üçün kilometrlə yol qət edən uşaqları valideynlər əksər vaxtı soyuq havalarda dərsə göndərmirlər. Eyni hal Sahil qəsəbəsinə də aiddir. Evləri ilə məktəbləri arasında bir kilometrlik məsafə olan qəsəbə sakinləri uşaqlarını çox vaxt məktəbə göndərə bilmirlər. Səbəbini belə izah edirlər: “Çünki yol bağlıdır. Məktəbə getmək üçün məcbursan ki, 7-8 kilometrlik yolu qət edəsən. Bu, bizim üçün çox ağırdır. Şəxsi maşını olanlar uşaqlarını dərsə apara bilirlər. Imkanı olmayanlar ya avtobusla gedir, ya da piyada. Bəzən heç getmirlər. Ancaq yolun bir tərəfindən o biri tərəfinə keçid olsa, bu qədər əziyyət çəkmərik”.

***

Adətən əyalətlərdən yazanda deyilir ki, gözdən uzaqdır. Ilham Əliyev tez-tez o yerlərə gedə bilmir. Ona görə sosial problemlər dizə çıxır. Bəs Qaradağ? Bu rayona ki Ilham Əliyev tez-tez baş çəkir. Ancaq nə faydası. Problemlər dizdən aşağı enmir, əksinə qurşağa qalxır...


Ramin DEKO