23.09.2011

“Qohumlarım MTN-in «podvallarından» tapılırdılar»

Elşad Abdullayev: «Bu terroristlər ümumbəşəri dəyərləri «vor zakon» qaydaları ilə idarə edirlər»
MTN-in xüsusilə mühüm işlər üzrə sabiq müstəntiqi Ramin Nağıyev “Azadlıq”a Beynəlxalq Universitetin sahibi, hazırda Fransada mühacir həyatı yaşayan Elşad Abdullayevin Ilham Əliyevə ünvanladığı müraciətin mətnini təqdim edib. Həmin müraciətdə Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin oğurlanması ilə bağlı dəhşətli faktlar əks olunub. Ramin Nağıyev həmin müraciətlə bağlı arayışında qeyd edir ki, əks olunan faktların hamısı sənədlərlə, gizli kamera ilə həyata keçirilən video çəkilişlərlə, pulların alınmasını təsdiq edən notarial sənədlərlə, mobil rabitə əlaqələrinin açılmış danışıqları ilə, məhkəmənin hökmü və s. və i. sübut olunur.

əvvəli ötən saylarımızda

“Mən hüquq elmləri doktoru, professor və akademik kimi ölkə prezidenti Ilham Əliyevə, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevaya və Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyevə 77 şikayət məktubu ilə müraciət etmişəm. Bu şikayətlərdən 70-i xahiş xarakterli olub, çünki artıq bilirdim ki, şikayətlərə cavab vermirlərsə, deməli, onların adam oğurluğundan xəbəri var. 7 şikayətlə Mahirin adam oğrularının güdazına getməsini konkret faktlarla açıqlayırdım. Eyni zamanda, 13 dövlət və elm xadimi də Mahirin oğurlanması faktı ilə bağlı ölkə başçısına müraciət etmişdi. Onlar xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı,  ”Şöhrət” ordenli professor Isgəndər Quliyev, həmin ordenlə təltif edilən Şamil Şahməmmədov, prezident təqaüdçüsü akademik Hüseyn Əhmədov, “Tərəqqi” medalıyla təltif olunmuş əməkdar müəllim Hacı Əyyub Əzizov, “Istiqlal” ordenli xalq rəssamı Ömər Eldarov, xalq rəssamı Arif Əziz, “Şöhrət” ordenli xalq yazıçısı, Yazıçılar Birliyinin katibi, hüquq elmləri doktoru Çingiz Abdullayev, professor, şair Ənvər Əhməd idi. Eləcə də filologiya elmləri doktoru, professor Mahirə Quliyeva, tarix elmləri doktoru, professor Hacı Ismayıl Məmmədov, “Şərəf” ordenli xalq şairi Zəlimxan Yaqub, Azərbaycan-Türkiyə Qadınları Assosiasiyasının prezidenti Tənzilə Rüstəmxanlı idi.
Qanuna görə vətəndaşını qorumaq vəzifəsi olan orqanlar zərərçəkmişi və onun ailə üzvlərini genosid terror və şantaj edirlər.
Azərbaycan Respublikası Konstitusiyasına görə hər bir vətəndaşın şikayətinə konkret zaman müddətində baxılıb cavab verilməlidir. Lakin hazıra qədər, 7 il müddətində qarşı tərəfdən bir cavab ala bilmədim, əksinə, bu şikayətlərdən sonra mənə və ailə üzvlərimə dövlət səviyyəsində təzyiqlər, şantajlar və terrorlar başladı. Hər şikayət edəndən sonra yaxın adamlarımı oğurlayırdılar, bir neçə gündən sonra isə onlar Banditizm və MTN-nin podvallarından tapılırdılar. Belə ki, Kamil, Həsən, Mahmud, Mirzə və digərlərinin oğurlanması danılmaz faktdır.
Dəhşətlisi odur ki, bu adamlar hər şeydən əvvəl dövlət qarşısında, cəmiyyət və Azərbaycan xalqı qarşısında hüquqi məsuliyyət hissini itiriblər. Bu terroristlər ümumbəşəri dəyərləri “vor zakon” qaydaları ilə idarə edirlər.
Bu adamlar nəinki Azərbaycan xalqı üçün, hətta bütün dünya üçün təhlükə mənbəyidir və bu qəddarlığa görə ən ağır cinayət məsuliyyətinə cəlb olunmalıdırlar!!!
Cənab prezident! Siz 9 milyon Azərbaycan xalqı qarşısında, dövlət bayrağının önündə əlinizi müqəddəs kitaba - Qurana və Konstitusiyaya basaraq prezident seçilərkən iki dəfə and içmisiniz. And içmisiniz ki, hər bir azərbaycanlının hüquqlarını qoruyacaq, hər bir Azərbaycan vətəndaşının qarantı olacaqsınız.
Yuxarıda qeyd olunan problemləri həll etməkdən ötrü, Azərbaycan Respublikasının vətəndaşı kimi sizdən xahiş edirəm ki, elmlər namizədi, Milli Təhlükəsizlik Nazirliyinin mayoru Mahir Abdullayevin oğurlanmasında günahı olan terrorçuları cəzalandırıb cinayət məsuliyyətinə cəlb etməyə göstəriş verəsiniz. Əgər mənim müraciətim nəzərə alınmasa, ABU rektoru, hüquq fakültəsinin 30 illik professoru, akademik, prezident yanında Hüquq Ekspert Şurasının sədri kimi Azərbaycan Respublikasının vətəndaşlığından imtina edirəm.

Elşad Abdullayev,
hüquq elmləri doktoru,  professor, akademik