23.09.2011

Heydər Əliyev Fondunun adından dələduzluq

«Azərbalıq»ın sabiq prezidenti Ənvər Mustafayev türk iş adamının külli miqdarda pulunu necə mənimsəyib?

Nizami Qocayevin həbsində mühüm rolu olan bu şəxsi kimlər himayə edir?

“Azərbalıq”ın sabiq prezidenti Ənvər Mustafayev dələduzluqda təqsirləndirilir. Onun bu əməli ilə bağlı “Azadlıq”a ilginc məlumatlar daxil olub. Həmin məlumatlarda deyilir ki, Ənvər Mustafayev türk iş adamlarından birini aldadaraq onun 224 min manat pulunu mənimsəyib. Hadisə 2007-ci ilin dekabr ayının sonlarında baş verib. Ənvər Mustafayev türk iş adamı Ali Aras Zəkəriyyə oğlu və onun ortağı Həşimov Yusif Zülfüqar oğlunu inandırıb ki, onları Heydər Əliyev Fondunun xəttilə Balakən və Zaqatala rayonunda məktəb tikintisinə cəlb edəcək.
 Bu üsulla “Azərbalıq”ın keçmiş prezidenti Xarici Dillər Universitetinin qarşısında adıçəkilən şəxslərlə görüşüb və onlardan 224 min manat pul alıb. Bir müddət keçəndən sonra türk iş adamı və ortağı Ənvər Mustafayevin onları aldatdığını anlayıb. Ali Aras və Yusif Həşimov Ənvər Mustafayevin dələduzluq əməli barədə ilk olaraq DIN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinə (BMCQMI) müraciət ediblər. Sözügedən qurum dərhal araşdırmalara başlayıb və fakt təsdiqini tapıb. Ənvər Mustafayev pulun 50 min dollarını geri qaytarıb. Bundan başqa, zərərçəkənlərə dəyəri guya 25 min dollar olan qızıl-zinət əşyası təklif edib. Həmin pul BMCQMI-nin əməkdaşı Canpolad Daanovun iştirakı ilə qaytarılıb. Pulun qaytarılması barədə qəbz də mövcuddur.
“Azərbalıq”ın keçmiş prezidenti həmçinin vəd edib ki, məbləğin yerdə qalanını da qısa müddətdə geri çəkəcək. Lakin vaxt tamam olanda Ənvər Mustafayev vədinə xilaf çıxıb. Bu halda işin araşdırılması aidiyyəti üzrə Nəsimi Rayon Polis Idarəsinə göndərilib. Bu barədə BMCQMI-nin rəisi Mirqafar Seyidovun imzaladığı 30 dekabr 2009-cu il tarixli məktubu mövcuddur. Nəsimi Rayon Polis Idarəsində faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsilə cinayət işi başlanıb. Ənvər Mustafayev istintaqa cəlb edilib. Lakin istintaq zamanı Ali Arasla Yusif Həşimovu aldatdığını danıb. O, bildirib ki, türk iş adamı və ortağından aldığı pulu Elçin Əsgərov adlı şəxsə verib. Həmin şəxs isə sonradan bəlli olmayan səbəblərdən intihar edib. Müstəntiq Valeh Nəbiyev bu faktı əsas gətirərək 2010-cu il oktyabrın 30-da cinayət işinin icraatını dayandırıb. Lakin Nəsimi Rayon Prokurorluğu müstəntiqin qərarını ləğv edərək cinayət işinin istintaqının davam etdirilməsi üçün yenidən Nəsimi Rayon Polis Idarəsinin istintaq şöbəsinə qaytarıb. 24 dekabr 2010-cu il tarixdə cinayət işi üzrə icraat təzələnib. Dekabrın 27-də isə Valeh Nəbiyev növbəti dəfə cinayət işinin icraatını dayandırmaq barədə qərar qəbul edib. Bu dəfə müstəntiqin bu hərəkətindən məhkəməyə müraciət edilib. Nəsimi Rayon Məhkəməsinin hakimi Azər Paşayev 11 mart 2011-ci il tarixli qərarı ilə Valeh Nəbiyevin qərarını ləğv edib. Və martın 30-da 8463 saylı cinayət işi yenidən Valeh Nəbiyev tərəfindən icraata qəbul edilib. Müstəntiq isə elə həmin gün  cinayət işinin icraatını dayandırıb. Valeh Nəbiyev yenə də əvvəlki qərarını əsaslandıra bilməyib. Təsəvvür edin, müstəntiq qərarında yazır ki, bu işlə əlaqədar “Azərcell”, “Bakcell” və “Azərfon”a sorğu göndərilib. Amma Valeh Nəbiyev niyə bu sorğuların cavabını gözləmədən cinayət işinin icraatını dayandırmasını izah etmir.
Məlumatlarda bildirilir ki, hazırda zərərçəkən tərəf növbəti dəfə Nəsimi Rayon Məhkəməsinə müraciət edib.
Bir maraqlı məqamı da qeyd etmək yerinə düşər. Cinayət işində adı keçən Ənvər Mustafayev vaxtilə Binəqədi Rayon Polis Idarəsinin rəisi vəzifəsində çalışmış Ələmdar Mustafayevin qardaşıdır. “Azərbalıq”ın sabiq sədri hazırda Ismayıllının polis rəisi vəzifəsində çalışan Nizami Qocayevin həbsində mühüm rol oynayıb. Ənvər Mustafayev istintaqa ifadəsində bildirib ki, Nizami Qocayev onu öldürmək istəyib. Məlumatlarda deyilir ki, hələ də Ənvər Mustafayevlə Nizami Qocayevin arasında düşmənçilik mövcuddur.
Bu məsələdə müəmma olan Ənvər Mustafayevin kimlər tərəfindən himayə edilməsidir. Təsəvvür edin, Nizami Qocayevin həbsində mühüm rol oynamış bir şəxsin adı dələduzluq olayında keçir. Amma hər fürsətdə Ənvər Mustafayevdən qisas almağı düşünən Nizami Qocayev və onun yüksək mənsəb sahibi olan qohumları, o cümlədən Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov bu məsələdə “Azərbalıq”ın sabiq prezidentinə bata bilmir.      


Informasiya şöbəsi