22.09.2011

Elşad Abdullayevdən yeni sensasiyalar

"Azərbaycanda Hacı Məmmədovun dəstəsindən də dəhşətli banda var"

Rektor hansı bandadan söhbət getdiyini konkret adla qeyd edib


MTN-in xüsusilə mühüm işlər üzrə sabiq müstəntiqi Ramin Nağıyev “Azadlıq”a Beynəlxalq Universitetin sahibi, hazırda Fransada mühacir həyatı yaşayan Elşad Abdullayevin Ilham Əliyevə ünvanladığı müraciətin mətnini təqdim edib. Həmin müraciətdə Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin oğurlanması ilə bağlı dəhşətli faktlar əks olunub. Ramin Nağıyev həmin müraciətlə bağlı arayışında qeyd edir ki, əks olunan faktların hamısı sənədlərlə, gizli kamera ilə həyata keçirilən video çəkilişlərlə, pulların alınmasını təsdiq edən notarial sənədlərlə, mobil rabitə əlaqələrinin açılmış danışıqları ilə, məhkəmənin hökmü və s. və i. sübut olunur.

əvvəli ötən sayımızda

Hilal Əsədovun sifarişi ilə qardaşımı zəhərlədilər

“Zərərçəkmişlər aşağıdakı ”dövlət” terrorunun qurbanı oldular. Hər şeydən əvvəl, 56 il yaşadığım doğma Vətənimi tərk etmək məcburiyyəti qarşısında qaldım. Mən - ABU-nun rektoru, BDU-nun hüquq fakültəsinin 30 illik professoru, Heydər Əliyev adına Beynəlxalq Mərkəzin rəhbəri, Prezident yanında Ali Attestasiya Komissiyasının Hüquq Ekspert Şurasının sədri, YUNESKO müəllimi, ailə və özümün  təhlükəsizliyimi təmin etmək məqsədilə xaricə getməyə məcbur oldum. Azərbaycan vətəndaşlığından imtina etdim. Bu cinayəti açdığıma və cinayətkarların hamısı  hüquq-mühafizə orqanlarında işlədikləri üçün məni fiziki cəhətdən məhv etmək istəyirdilər.
21 sentyabr 2010-cu ildə məni ANS-in “Günəbaxan” proqramına dəvət etdilər. Mənim çıxışım 2 saata yaxın davam etdi və öz mövqeyimi tam surətdə ifadə etdim. ABU-nun bağlanmasının əsas səbəblərini açıqladım və bunun arxasında hansı qüvvələrin dayandığını göstərdim. Həmin video-diski məhkəməyə təqdim edə bilərəm. Həmin çıxışımdan dərhal sonra teleaparıcı Turanı işdən azad etdilər. ANS TV-dəki çıxışdan sonra küçəyə çıxanda böyük insan kütləsi məni qarşıladı, 5 minə yaxın adam məni müdafiə etmək üçün gəlmişdi. Prezidentin adına yazdığım ərizələri geri götürmədiyimə görə nazir Misir Mərdanov qanunsuz olaraq ABU-nun fəaliyyətini dayandırdı və bununla da o, universitetin müəllim-tələbə kollektivinə böyük maddi-mənəvi ziyan vurdu. Bu ziyanı kim ödəyəcək?
Mütəşəkkil cinayətkar dəstənin təşkilatçısı MTN-də nazir müavini Hilal Əsədov, general Elçin Quliyev və polkovnik Akif Çovdarovdur. Hilal Əsədovun sifarişilə qardaşımı, hüquq elmləri namizədi Eldəniz Abdullayevi zəhərlədilər və o, stressdən infarkt keçirərək 1-ci qrup əlilə çevrildi. Hazırkı günə qədər nitq qabiliyyətini bərpa edə bilməyib, danışa bilmir, şikəst gəzir.

MTN killeri Elşən iş yerimdə mənə silahlı basqın etdi

Böyük bacım Qubaxanım Abdullayeva keçirdiyi stressdən normal iş fəaliyyətini itirdi və yaxın adamlarını tanıya bilmir.
Dayımın həyat yoldaşı və qardaşım Eldənizin qayınanası bu hadisəylə bağlı qəfil dünyasını dəyişdi. Maddi cəhətdən mənə kömək edən şəxslər - Sabir dayı, Kamal əmi, Əhəd, Canbaba, Oktay və digərlərinə o qədər təzyiq etdilər ki, onları o qədər hüquq-mühafizə orqanlarına aparıb-gətirdilər ki, hamısı müxtəlif tərzdə dünyasını dəyişdi, cinayətkarlar isə mükafatlandırıldı. Yaxşı deyirlər ki, cinayətkarları mükafatlandırmaq Vətənə böyük xəyanətdir.
Zərərçəkənlərin siyahısı isə böyükdür. Mənə yardım edən xalam oğlu Iltifat həyatını itirdi. Böyük qardaşım  Ismayılın həyat yoldaşı qəfil stressdən dünyasını dəyişdi. MTN killeri Elşən iş yerimdə mənə silahlı basqın etdi və  Yasamal rayon məhkəməsi tərəfindən 5 il azadlıqdan məhrum edildi. Akif Çovdarovun doğma bacısı oğlu Azadı həmin işə qataraq 1 il müddətinə həbs etdilər. Hilal Əsədovun  sifarişilə “Yaxo” adlı bandit dəstəsi evimə silahlı basqın etdi. Yasamal rayon icra başçısı Ibrahim Mehdiyev heç bir əsas olmadan tələb edirdi ki, evinin altından zəlzələ keçir, tez burdan çıx. Konstitusiya ilə mənə verilən mənzil hüququm pozulurdu. Metropoliten rəhbəri Tağı Məmmədov hər gün mətbuat vasitəsilə “ABU-nun altından metro keçəcək, ona görə də universitet bağlanmalıdır” deyirdi. 7 il müddətində hər gün Hilal Əsədov, Akif Çovdarov və Mahiri oğurlayan bandit dəstəsi valideynləri və tələbələri min bir bəhanəylə mənim əleyhimə qaldırmağa çalışdılar. Lakin tələbə və valideynlər bu cinayətkar təkliflərdən imtina etdilər.
ABU və ABU Tibb Mərkəzinə vurulmuş milyonlarla maddi-mənəvi ziyanı kim ödəyəcək?

Mahir 600 min dolları Mətanətin evinə gətirərək onlara verib

Terrorçu təşkilatın aktivləri MTN-in nazir müavini Hilal Əsədov, Elçin Quliyev, Akif Çovdarov, Rəsul Rəsulov, Yaşar, Nazim Lətifov Mahiri Mətanət, Sənan və Qulu Cəfərovun əliylə şantaj edərək 2 milyon dollar tələb etdilər. Lakin Mahir  oğurlandığı gün, 2003-cü il oktyabrın 13-ü 600 min dolları Mətanətin evinə gətirərək onlara verib. Terroristlər bu məbləğə razılaşmayıb və orada savaşıblar. Onlar Mahirə xəsarət yetiriblər. Mətanətin mənzilindən Mahiri qanunsuz olaraq DIN-in Banditizm Idarəsinə gətiriblər və 600 min dolları şantaj yoluyla ondan alıblar. Bu barədə Hilal Əsədovun əməkdaşı polkovnik Teymur Quliyevdən soruşanda o,  mənə dedi ki, bu, dövlət sirridir. Görəsən, başqasının əmlakını zorla əlindən alma nə vaxtdan dövlət sirri olub?
MTN və DIN-in Banditizm Idarəsi cinayətkar adam oğrularına qarşı heç bir tədbir görmür, əksinə, zərərçəkmişin ailəsinə qarşı GENOSID tədbirləri həyata keçirir. Bu bir aksiomdur ki, Azərbaycansayağı adam oğurluğunun başlıca xüsusiyyəti  onun MTN və Banditizm Idarəsi tərəfindən edilməsidir ki, 7 ildən çoxdur həmin cinayət işi açılmır.
Zərərçəkmişin ailəsinə qarşı işlədikləri cinayətləri  “fabrikat” edirdilər. Çıxılmaz vəziyyətdə qalıb vətəndaşlıqdan imtina etdim və ailəmin şəxsi təhlükəsizliyinin təminatı üçün Rusiya vətəndaşlığını qəbul etdim. Sonra isə Avropa Insan Haqlarının Müdafiəsi Məhkəməsinə müraciət etdim.
Mahirin oğurlandığı gün şahidlər onu Mətanətin evinə girən görüblər. Terroristlər isə şahidləri 37-ci ilin metodlarıyla şantaj edirdi ki, onlar öz ifadələrindən imtina etsin. Artıq həmin şahidlər də Azərbaycandan qaçıb.
AR CM-nin 120.1 maddəsiylə müvafiq cinayət işinin materiallarını, Mahir Abdullayevin işi üzrə hər il bir müstəntiq dəyişdirilir, indiyədək 6 müstəntiq dəyişib. 30 ildən çoxdur ki, BDU-nun hüquq fakültəsinin professoru kimi bütün müstəntiqlər mənim tələbəm olub. Müstəntiqlərdən soruşuram ki, niyə görə Mahiri oğurlayanları cinayət məsuliyyətinə cəlb etmirsiniz. Bütün istintaq orqanlarının əməkdaşları qeyd edir ki, biz PA rəhbəri Ramiz Mehdiyev və MTN-in işinə müdaxilə edə bilmərik. Terrorçular  cinayətkarların əleyhinə heç bir tədbir görmür, əksinə, zərərçəkmişin ailəsinə qarşı dövlət səviyyəsində  ağıllarına gələn cinayəti “fabrikat” edirlər.

Azərbaycanda 100-dən çox adam oğurlanıb

Terrorçu MTN mənim əleyhimə çoxsaylı cinayətlər “fabrikat” edib: Dubayda, Moskvada, Bakıda, Türkiyədə. Belə ki, ABU Tibb Mərkəzi, Vaqif Hüseynov, Baksovet Nəriman, Azay AQUA Park, müstəntiq Ismayılov və s.
Azərbaycansayağı adam oğurluğunun “mühasibi” Arzu Kazımov mənə deyirdi ki, əgər Azərbaycanı tərk etməsəm, 25 qohum-əqrəbamı öldürəcək. Məlumdur ki, hazırda Azərbaycanda 100-dən çox adam oğurlanıb, kiminin atası, qardaşı, oğlu, arvadı. Onlar ağızlarını aça bilmir, çünki onları öldürməklə qorxudurlar.
Təhsil naziri Misir Mərdanov son vaxtlar məni şantaj edirdi ki, MTN-dən verdiyim ərizələri geri götürüm, yoxsa ABU-nu bağlayacam. ABU Olimpiya Idman Kompleksinə dəyən milyonlarla  maddi ziyanı kim ödəyəcək? MTN “sarı mətbuat” vasitəsilə məni şantaj edirdi. Həmçinin başqa ziyalı şəxsləri də  qorxudurdular ki, danışma, sənin  də başına Elşad Abdullayevin müsibətlərini gətirərik.

Ardı növbəti sayımızda

Redaksiyadan: Bir daha qeyd edirik ki, yazıda adı hallanan şəxslərin və qurumların da mövqeyini dərc edə bilərik. “Azadlıq” təminat verir ki, həmin şəxslərin müraciətdə əks olunan faktlara münasibəti olduğu kimi saxlanılacaq. Necə ki, Elşad Abdullayevin müraciəti ciddi redaktəyə məruz qalmadan çap edilir.