23.09.2011

"Mən sizdən əfv istəməyəcəm"

Hüquq müdafiəçisindən Əliyevə mətin məktub

Vidadi İsgəndərli: "Əsas işimiz şərəf və ləyaqətlə bu dünyanı tərk etməkdir"

Hüquq müdafiəçisi Vidadi İsgəndərli Göyçay rayon Polis İdarəsinin müvəqqəti saxlanma təcridxanasından qəzetimizə məktub göndərib. Qəzetimiz vasitəsi ilə ölkə başçısı İlham Əliyevə müraciət edən hüquq müdafiəçisi bildirir ki, heç bir partiyanın üzvü deyil:
"Mənim üçün "simasız quldurlar", yaxud digər partiyalarda olmağın önəmi yoxdur. Əsas odur ki, haqsızlığa qarşı mübarizə apara biləsən. Mətbuatdan oxudum ki, ABŞ səfirinə ölkədə həbs edilmiş jurnalistlərin beynəlxalq təşkilatdan deyil, əfv olunmaları üçün sizdən xahiş etmələrini demisiniz. Üstəlik, onlara "bura Azərbaycandır" söyləmisiniz. Əfv etmək humanist bir addımdır. Qanunvericiliyə görə, yalnız prezidentin səlahiyyətlərinə aiddir. Əgər insan heç bir cinayət törətməyibsə, qanunsuz yerə sifarişlə həbs olunubsa, o sizdən əfv istəməlidirmi? Mən belə başa düşdüm ki, söhbət o vaxt sifarişlə cibinə narkotik qoyulan Mirzə Sakitdən, guya əxlaqsız bir qadına qarşı "xuliqanlıq" etdiyinə görə Qənimət Zahiddən və Zakir Qaralovun analoqu olmayan bir saxtakarlıq edərək həbsə saldırdığı Eynulla Fətullayevdən gedir. Onlar sizdən əfv yox, bu sifarişi yerinə yetirənlərin məsuliyyətə cəlb olunmalarını tələb etməlidirlər və edirlər də. Lap Azərbaycan yox, Çibuti, Ruanda, Misir, Suriya olsa belə əfv istənilə bilməz. Çünki qanun hər şeydən üstündür".
Vidadi İsgəndərli məktubunda qeyd edir ki, siyasi sifarişi yerinə yetirənlərin, rüşvət və korrupsiyaya bulaşan məmurların həbsini tələb edir: "Heç bir günahım olmaya-olmaya 3 il müddətə girov götürülmüşəm. Girovluqdan xilas olmaq üçün sizə əfv üçün müraciət etməliyəm, bura Azərbaycandır deyə? Məntiq elminə hörmətlə yanaşıram və məntiqlə tələbimi əsaslandırıram. Hüquq müdafiəçisi kimi 2008-ci ildən girov götürülənə qədər (02.04.2011) təhsildə, səhiyyədə, gömrükdə, vergidə, hüquq-mühafizə orqanlarında baş vermiş cinayətlərlə bağlı dəfələrlə sizə yazılı və şifahi müraciətlər, audio və video disklər göndərmişəm. Ancaq bunun heç bir faydası olmayıb. Ancaq yenə də problemləri diqqətinizə çatdırıram".
Korrupsiya ilə mübarizə aparan prokurorluq orqanlarının korrupsiyalaşdığını, meyit alveri ilə məşğul olduğunu deyən Vidadi İsgəndərli məktubunda qeyd edir ki, vergi orqanları, nəqliyyat departamenti işçiləri sürücülərə divan tutur: "Göyçayın icra başçısı Mənsur Məmmədov dələduzluq edərək Qaraməryəm və başqa kəndin sakinlərindən qaz pulu yığaraq on minlərlə manat mənimsəmişdir. Göyçaya su çəkilişi ilə əlaqədar 13 milyon manat yoxa çıxarılmışdı. 2010-cu ildə bələdiyyə hesabından pulu götürərək Almaniyaya istirahətə getmişdi. Mənsur Məmmədov xalası oğlu, nəqliyyat naziri Ziya Məmmədova 100 hektarlıq torpaq sahəsi, dəyəri milyonlarla ölçülən villa hədiyyə edib. Rayonda muzeyin tikintisindən icra başçısı 2 milyon manat mənimsəyib. "GEN" MMC tikinti şirkətinin rəhbəri Elbrus Əliyev ümumilikdə milyonlarla manat mənimsəyib. Təkcə cinayət işində Elbrus Əliyevin 6 icra başçısına verdiyi rüşvətləri prokurorluq araşdırmaqda maraqlı olmayıb. Prokurorluq cinayəti ört-basdır etmək məqsədilə işin araşdırmasını polisə tapşırıb".
Eləcə də Ziya Məmmədovun, Zakir Qaralovun, Vüqar Məmmədyarovun (Göyçay rayon polis idarəsinin keçmiş rəisi - R.D) törətdikləri əməllərlə bağlı İlham Əliyevə yazan hüquq müdafiəçisi ölkədə hüququn bərpa edilməsi üçün mübarizə apardığını deyir: "Mənim mübarizəm ölkədə hüququn bərpa edilməsidir. Ancaq buna baxmayaraq, məni həbs ediblər. Faktiki olaraq həbs edilməmişəm, hakimiyyət məni girov götürüb. Hökumət öz zorakı aparatından istifadə etməklə türmələri girovxanaya çevirib".
"Mübarizə apardım, qanunsuzluqları açıb göstərdim, bununla bağlı ciddi iş görmək əvəzinə məni həbs etdilər. Bütün dünya Azərbaycanda, o cümlədən Göyçayda seçkinin necə saxtalaşdırıldığını gördü. Bu saxtakarlığın qarşısını almaq əvəzinə mənə Cinayət Məcəlləsinin 132, 159 və 160-cı maddələri ilə cinayət işi qaldırdılar. Heç bir günahım olmaya-olmaya sizdən əfvmi diləyim?" - yazır, hüquq müdafiəçisi.
Həbsdən çıxmaq ona nəsib olacağı təqdirdə yenə İlham Əliyevə rüşvət və korrupsiya ilə bağlı müraciət edəcəyini deyən Vidadi İsgəndərli güman edir ki, bu müraciətlərdən sonra onu məhv edəcəklər: "Hamımız bu dünyaya qonaq gəlmişik. Əsas işimiz şərəf və ləyaqətlə bu dünyanı tərk etməkdir. Azərbaycan xalqına, o cümlədən sizə xoşbəxtlik arzulayıram. Bir daha demək istəyirəm ki, mən, cənab prezident, sizdən əfv istəməyəcəm. Bura Azərbaycan olsa da...".


Ramin DEKO