23.09.2011

İctimai Palatanın “yol xəritəsi” Dövlət Departamentində

Aqil Səmədbəyli: «Yaxın günlərdə «yol xəritəsi» səfirliklərə və beynəlxalq təşkilatların nümayəndəliklərinə də göndəriləcək»
Hazırda ABŞ-da səfərdə olan Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı Dövlət Departamentində və QHT-lərin Avropa Sosial Ədalət Şəbəkəsində keçirilən görüşlərdə Ictimai Palatanın “yol xəritəsini” təqdim edib. Eyni zamanda Ictimai Palata tərəfindən 2 aprel məhbuslarının siyahısı da görüş iştirakçılarının diqqətinə çatdırılıb.
IP Koordinasiya Şurasının üzvü Aqil Səmədbəylinin sözlərinə görə, IP-in “yol xəritəsi”nin beynəlxalq təşkilatlara çatdırılması istiqamətində fəaliyyət davam etməkdədir. IP-in sənədinin ABŞ Dövlət Departamentinə təqdim olunması barədə informasiyanı, IP-in “WikiLeaks” dinləmələri keçirilərkən, M.Qəhrəmanlı zəng edərək söyləyib. Bunu deyən A.Səmədbəyli vurğuladı ki, “yol xəritəsi” artıq Prezident Administrasiyasına, Milli Məclisə və YAP-a ünvanlanıb. Hazırda isə sənədin ölkəmizdə fəaliyyət göstərən diplomatik korpuslara, beynəlxalq təşkilatların nümayəndələrinə çatdırılması nəzərdə tutulub: “Əslində Ictimai Palatanın ”yol xəritəsi”nin ilkin variantı ilə diplomatik korpuslar tanışdır. Səfirliklərin nümayəndələrinin Ictimai Palatanın nümayəndələri ilə görüşləri zamanı bu sənəd onlara təqdim olunub. Ingilis dilinə tərcümə olunmuş sənədin son variantı isə yaxın günlərdə Azərbaycanda fəaliyyət göstərən səfirliklərə və beynəlxalq təşkilatların nümayəndəliklərinə göndəriləcək”.

Xəyal