23.09.2011

AXCP “2 aprel” prosesini ifşa etdi

Bu cinayət işi üzrə istintaq və məhkəmə prosesi konkret dəlillərlə darmadağın edildi
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Ictimai Palatanın 2 aprel mitinqilə əlaqədar həbs olunanlara qarşı irəli sürülən ittihamlar və onların barəsindəki məhkəmə prosesini təhlil edib. AXCP-nin mətbuat xidmətinin yaydığı bu dəyərləndirməni qısa ixtisarla nəzərinizə çatdırırıq.

***

Ictimai Palatanın (IP) çağırışıyla 2 aprel 2011-ci ildə Bakıda dinc aksiya keçirilib. Aksiyanın əsas şüarları əvvəlcədən “Azad seçki!”, “Korrupsiyaya son!” olaraq müəyyənləşib. Buna uyğun olaraq, 2 apreldə aksiya iştirakçıları bunlarla yanaşı, “Azadlıq!”, “Istefa!” kimi şüarlar da səsləndiriblər.

Hakimiyyətin gözdənsalma kampaniyası

Mitinqin tamamilə dinc, sivil məqsədli olduğu uzun müddət media və ictimai toplantılarda vurğulansa da, məmurlar, hakimiyyət nümayəndələri, hökumətin nəzarətindəki media aksiyadan əvvəl əsk-təbliğat apararaq, insanlara aksiyanın  cinayətkar, dövlətçiliyə zidd əməl olduğu aşılamağa cəhd göstərib. Başqa sözlə, hələ aksiya baş verməmiş hakimiyyət onu cinayətkar fəaliyyət kimi qiymətləndirib. Aksiyadan əvvəl YAP-ın üzvləri Ictimai Palatanın liderləri Əli Kərimlinin evi, Müsavat partiyasının qərargahı qarşısında sanksiyalaşdırılmamış aksiyalar keçirərək, müxalifətin xarici ekstremis qüvvələr və terror şəbəkəsi tərəfindən maliyyələşdirilməsi barədə şüarlar səsləndiriblər. Polis isə bu qeyri-etik çalarlı aksiyalara qarşı ifrat loyallıq göstərib. Aksiyaçılardan heç biri saxlanılmayıb, xəbərdarlıq olunmayıb. Əksinə, bu aksiyalar telekanallarda dəfələrlə nümayiş etdirilib.
Hətta Ictimai Palatanın terrorla bağlılığı görüntüsünü yaratmaq üçün martın 31-də AXCP Rəyasət Heyətinin üzvü və partiyanın təşkilat şöbəsinin müdiri Şahin Həsənli guya üzərində tapança gülləsi saxladığına görə həbs edilib.  Şahin Həsənli 21 avqustda heç bir ağlabatan sübut olmadan 2 il azadlıqdan məhrum edildi.
Ictimai Palatanın aksiya keçirmək üçün şəhərin mərkəzində istədiyi 5 yerdən heç birini Bakı Şəhər Icra Hakimiyyəti ayırmayıb. Mitinqin təhlükəsizliyinin təmin edilməsi üçün edilən müraciətə isə hüquq-mühafizə orqanları əks reaksiya verərək, yüzlərlə insana qarşı zorakılıba yol verilib.
2 aprel aksiyasından bir gün əvvəl Ictimai Palata rəhbərliyinin ictimaiyyətə və tərəfdarlarına açıqlaması yayılıb. Bu açıqlamada hakimiyyətin aksiyada təxribat törədəcəyi, ictimai və mülki obyektlərə ziyan vuracağı elan olunub. Belə hallara qarşı aksiyaçıların ayıq və önləyici mövqe göstərməsi xahiş olunub.

Polis zorakılığı

2 apreldə saat 14-16 radələrində Bakının mərkəzində keçirilən dinc aksiyaya polis zorakı müdaxilə edib. Aksiyaçıların sifətlərinə, başlarına dəyənək zərbələri vurulub, yüzlərlə insan ağır xəsarət alıb.
Polisin daha ağır qanunsuzluğu qapalı məkana (aksiyaçılar saxlanılan qapı və pəncərəsi bağlı avtobusa) qaz buraxması olub. Bunun da nəticəsində aksiyaçılar boğulub. Bunu hətta avtobus sürücüsü Sarvan Məhərrəmov da məhkəmədəki ifadəsində deyib.

Müxalifətə qarşı repressiya

Aksiyaya cinayətkar mahiyyət vermək və cəmiyyətdə avtoritar xofu gücləndirmək üçün hakimiyyət tamamilə qondarma səbəblə 70 nəfəri inzibati həbslə cəzalandırıb, 15 fəala qarşı isə cinayət işi başlanıb.
Istintaqın ilk gündən qərəzli mövqeyi 2 apreldə dərhal cinayət işinin başlanmasında da özünü göstərib. Azərbaycan qanunlarında aksiyaya görə həbs olunanlara qarşı irəli sürülən ittihamların heç biri üzrə dərhal cinayət işi başlamaq nəzərdə tutulmayıb. Cinayət-Prosessual Məcəllənin 209-cu maddəsində cinayət işinin dərhal başlanması üçün əsas olan hallar göstərilir. Həmin normadan görünür ki, CM-nin 233-cü və 315-ci maddələri bu kateqoriyaya aid deyil.
Aksiyaçıların barəsində dərhal cinayət işi başlanması iddia etməyə əsas verir ki, hakimiyyət bunu əvvəlcədən müxalifətə qarşı repressiya tədbiri kimi planlaşdırıb.

Yerli və beynəlxalq hüquq normaları ayaqlar altında

Bu həbslər zamanı ölkə və beynəlxaq qanunvericiliyin eyni əmələ görə bir şəxsin iki dəfə cəzalandırılmasının yolverilməzliyi prinsipi kobud formada pozulub. Əhəd Məmmədli aksiya günü inzibati qaydada 7 sutka həbs cəzası alsa da, cəza bitdiyi gün aksiyadakı fəaliyyətinə görə barəsində cinayət işi başlanıb.
Barəsində cinayət işi qaldırılanlardan yeddisi - Fuad Qəhrəmanlı, Sahib Kərimov, Məhəmməd Məcidli, Zülfüqar Eyvazov, Arif Alışlı, Elnur Məcidli və Babək Həsənov Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvləri;
beşi - Arif Hacılı, Tural Abbaslı, Elşən Həsənov, Əhəd Məmmədli və Rüfət Hacıbəyli Müsavat partiyasının üzvləri;
ikisi - Vidadi Isgəndərli və Elnur Israfilov bitərəf; biri -
Ülvi Həsənov isə YAP-ın üzvüdür. Onlar CM-nin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak), 186.1-ci (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə), 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsilə təqsirləndirilir.
Eyni zamanda Ictimai Palatanın təhqiqat komissiyasının sədri olan hüquq müdafiəçisi Vidadi Isgəndərliyə qarşı isə hakimiyyət çoxdan yığılan qəzəbini reallaşdırmaq üçün 2 aprel aksiyasını fürsət kimi tanıdı.
2010-cu ildə müstəqil namizəd kimi öz dairəsində YAP namizədinin xeyrinə edilən saxtakarlıqları mötəbər sübutlarla ictimailəşdirən Vidadi Isgəndərli guya, seçki günü komissiyaların işinə müdaxilə etdiyinə, seçkilərdə iştirak qaydalarını pozduğuna görə həbsə atıldı.
“2 aprel”ə görə yaradılan istintaq qrupu ilk gündən qeyri-obyektiv, qərəzli və müxalifətə qarşı repressiv aparat kimi diqqəti çəkib. Yüzdən artıq IP tərəfdarı ifadə vermək adıyla istintaqa cəlb edilib, bu zaman onlara psixoloji təzyiq edilib, şantaj və mənəvi işgəncələrə məruz qalıblar. “2 aprel”də iştirakına görə 10-dək müxalifət fəalı iş yerlərindən qovulub.
Məhkəmələr ittiham olunanlara qarşı ən ağır yanaşma formasını seçərək, onların şəxsiyyətini, səhhətini, cəmiyyətdə tutduqları mövqeyi nəzərə almadan barələrində həbs-qətimkan tədbiri seçilməsi haqda qərar çıxarıb (bircə Fuad Qəhrəmanlı istisna olmaqla). Bu qərarın dəyişdirilməsilə bağlı verilən vəsatətlər gülünc izahlarla rədd edilib.

Istintaqın 37-ci il metodu

Istintaqın qərəzinin növbəti sübutu həbs olunan Babək Həsənov, Tural Abbaslı, Arif Alışlı, Əhəd Məmmədli, Elşən Həsənovun polis idarəsində işgəncəyə məruz qalması faktına göz yumulmasıdır.
Istintaq iş obyektivliyi baxımından mühüm əhəmiyyət kəsb edən faktları da tədqiq etməyib. Aksiya günü mitinq iştirakçıları tərəfindən sındırıldığı iddia edilən mağaza şüşələrini əslində, hakimiyyətin təlimatlandırdığı təxribatçıların sındırdığını sübut edən foto və videolar Ictimai Palata tərəfindən istintaqa təqdim edilsə də, onlara əhəmiyyət verilməyib, kadrlardakıların şəxsiyyətini müəyyənləşdirmək üçün heç bir addım atılmayıb.
Istintaqın daha bir qanunsuzluğu Elnur Israfilova qarşı olub. Müstəntiqlər Israfilovdan təzyiq yoluyla özünə və yaxınlarına qarşı ifadə alıblar. Vəkillərin israrına baxmayaraq məhkəmə həmin müstəntiqlərin əməllərinə qiymət verməkdən imtina edib.
Həbs edilən fəallara qarşı 90 faizi polisdən ibarət olan yalançı şahidlər korpusu formalaşdırılıb. Yerdə qalan şahidlərin əksəriyyəti də cəmiyyətdə heç bir müsbət reputasiyası olmayan və polisin agenti kimi tanınanlar olub. Vidadi Isgəndərliyə qarşı ifadə verən şahidlərin dördünün rəsmən ruhi xəstə olduğu təsdiqlənib.
Istintaqa çoxlu sayda müxalifət fəalı şahid kimi cəlb edilsə də, onlardan heç biri ittihamnamədə şahid kimi göstərilməyib. Məhkəmədə verilən vəsatətlərə baxmayaraq, müdafiə tərəfinin bir şahidi belə, dindirilməyib.

Ziya Məmmədovun oğlu müxalifətə qarşı alət rolunda

Hakimiyyət siyasi maraqlarını təmin etmək üçün polislərdən “zərərçəkən” kimi istifadə edib. Digər zərərçəkənlərin əksəriyyəti isə nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun şirkətləridir. Məhkəmədə mülki iddiaçı kimi iştirak edən bu şirkətlərin nümayəndələri ifadələrində aksiya günü tıxac yarandığını, bu tıxaca görə gündəlik gəlirdən məhrum olduqlarını və buna görə də kompensasiya tələb etdiklərini bildiriblər.
Bakı tıxaclar baxımından problemli şəhərlərdəndir. Demək olar ki, hər həftə paytaxtda müxtəlif dövlət tədbirlərilə bağlı uzun sürən tıxaclar olur. Lakin şirkətlərin 2 aprelə qədər və ondan sonra heç bir quruma qarşı tıxacda qalıb zərər çəkdiklərinə görə kompensasiya tələb etməmələri bu şəxslərin istintaq orqanları tərəfindən yönəldildiyini sübut edir.
Istintaqın bu şirkətlərdən öz məqsədi üçün istifadə etməsinə dair təkzibolunmaz dəlil müxtəlif şirkətlərin mülki iddia ərizəsidir. Bu ərizələrin tərtibatı, cümlə quruluşu, səhvləri, hətta mətnin şriftləri də eynidir. Bu isə o deməkdir ki, mülki iddiaları şirkətlər öz təşəbbüsləri ilə deyil, prokurorluğun tələbilə elə prokurorluqda da hazırlayıblar. Yaxud da hazır ərizələri imzalayıblar.

Şüşə sındıran polis

Cinayət işində əsas ağırlıq verilən məqamlardan biri aksiyaçıların 316 saylı marşrut avtobusunu saxlayıb, guya onu təpikləmələri, şüşələrinı qıraraq oradan 3 nəfər saxlanılan aksiyaçının qaçmasına şərait yaradılmasıdır.
Amma videogörüntülərdən aydın görünür ki, avtobusun şüşələrindən birini polis dəyənəklə vurub sındırır. Amma o polisi istintaq müəyyən etməyib və onun bu hərəkətinin motivi aydınlaşdırılmayıb. Yeri gəlmişkən, bu, içərisinə qaz sıxılan avtobusdur. Polisin bu hərəkətindən vəkillər şikayət versə də, istintaq bu hal üzrə cinayət işi başlamaqdan imtina edib. Məhkəmə də bu mühüm detalı araşdırmağa maraq göstərməyib.
Məhkəmədəki ifadələrində təqsirləndirilən şəxslər bildirdilər ki, içəridə boğulan yoldaşlarını xilas etmək üçün avtobusun qapılarını açmaq istəyirdilər.
Avtobusun şüşəsinin qırıldığı epizodu üzrə şahid olan 30-a yaxın şəxs bu əməli müttəhimlər kürsüsündə oturanların etdiyini deməyib. Hətta polislər də belə bir ifadə verməyib. Buna baxmayaraq, prokuror şahidlərin ifadələrini saxtalaşdıraraq, onların şüşə qıran şəxsləri gördüklərini dediklərini bildirib.

Qanunsuzluqla müşayiət olunan məhkəmə

Məhkəmə proseslərində açıqlıq prinsipi dəfələrlə pozulub. Araşdırılan işin ictimai diqqətdən kənarda saxlanması üçün məhkəmə binasındakı ən kiçik zallar seçilib; məhkəmə önünə dəstək üçün gələn müxalifət tərəfdarlarına qarşı polis zorakılığı olub; jurnalistlərə cəmi bir iclasda (Nəsimi məhkəməsi) 3 dəqiqəlik fotoçəkiliş imkanı verilib; mediaya çəkiliş və audio yazı aparmağa qadağa qoyulub.

Hakimiyyətin təzyiqi müstəqil vəkillərdən də yan keçməyib

“2 aprel” məhbuslarının səmərəli hüquqi yardım imkanları daim hakimiyyət tərəfindən məhdudlaşdırılıb. Onları müdafiə edən vəkillər hakimiyyətin hədəfinə çevrilib. Vidadi Isgəndərli və Elnur Məcidlinin vəkili Xalid Bağırov Bakı Şəhər Baş Polis Idarəsinin rəisi Rafiq Abbasovun şikayəti əsasında Vəkillər Kollegiyasının qərarıyla bir illik vəkillikdən uzaqlaşdırılıb.
Fuad Qəhrəmanlı və Rüfət Hacıbəylinin vəkili Elçin Namazov da hakimin təqdimatı əsasında bir illik vəkillik fəaliyyətindən uzaqlaşdırılıb. Beləliklə, adıçəkilən şəxslər səmərəli və keyfiyyətli hüquqi yardımdan məhrum edilib.
Məhkəmə önündə onlarla polisin əhatəsində “2 aprel”çilərə vəkillik edən Osman Kazımovun avtomobilinin şüşəsini qıraraq, naməlum şəxslərin onun əl çantasını oğurlamasını da vəkil özünə qarşı xəbərdarlıq siqnalı kimi qiymətləndirib.

Hakimiyyətə ləyaqət çağırışı

Məhkəmə avqust ayında təqsirləndirilən şəxslərdən 6 nəfərə (Sahib Kərimov, Zülfüqar Eyvazov, Arif Alışlı, Babək Həsənov, Elşən Həsənov) 2 ildən 3, 5 ilədək həbs cəzası verib. Hakim hökm çıxararkən demək olar ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin xeyrinə üzə çıxan faktların, ifadələrin heç birinə istinad etməyib. Beləliklə, siyasi sifariş yerinə yetirilib.
Ümumiyyətlə, “2 aprel”çilərə qarşı işin faktiki hallarından, iş materiallarından və müdafiə tərəfinin sübutlarından aydın olur ki, əslində, 2 apreldə Fəvvarələr meydanında yürüş-mitinq etmək istəyən şəxslərin yerli və beynəlxalq qanunvericiliklə təminat verilən ifadə, sərbəst toplaşmaq azadlıqları pozulub.
AXCP hesab edir ki, 2 aprel aksiyasına görə həbs olunanların hər biri günahsız, cinayət əməlindən uzaq şəxslərdir. Bu şəxslər dərhal azadlığa buraxılmalı, Azərbaycan hakimiyyəti ləyaqət nümayiş etdirərək, öz vətəndaşına qarşı bir daha bu cür qaba və qondarma şərləmə planları qurmamalıdır.