23.09.2011

Elşad Abdullayevin qardaşı oğurlanıb yoxsa gizlənir?

Mahir Abdullayevin yoxa çıxması ilə bağlı dərin araşdırmalar aparmış tanınmış hüquqşünas bu barədə zamanında nələr deyib?
Azərbaycan Beynəlxalq Universitetin rektoru Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin yoxa çıxması ilə bağlı ölkə başçısı İlham Əliyevə ünvanladığı və Fransadan redaksiyamıza göndərilən məktubu dərc olunması ilə böyük əks-səda doğurdu. Məktubda yazılanların ölkə ictimaiyyətində ciddi maraq doğurduğunu nəzərə alıb, mövzunu davam etdirmək, hadisə ilə əlaqədar başqa mülahizələri də işıqlandırmaq qərarına gəldik. İlk müraciət etdiyimiz isə vaxtilə bu hadisəni dərindən araşdırmış tanınmış hüquqşünas Əyyub Kərimovun hələ 2004-cü ildə “Bakı Xəbər” qəzetinə verdiyi müsahibə oldu.

***

Beynəlxalq Universitetin rektoru Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin itməsi hələ də müəmma olaraq qalır. Hadisənin detallarının aydınlaşdırılmasına başlamazdan əvvəl deyə bilərik ki, bu hadisə də son dövrlərdə adam oğurluğu ilə bağlı baş verən və açılmayan cinayət hadisələrinin sırasına daxil olub. Keçən müddət ərzində DIN-in, eləcə də MTN-in mütəxəssislərinin cəlb olunduğu əməliyyat-axtarış tədbirləri hələ də bir nəticə verməyib. M.Abdullayevin çalışdığı dövlət orqanlarının, onun qohumlarının yüksək səviyyəli əlaqələrinin olması halını da əlavə etsək, onda axtarışlara laqeyd yanaşıldığını deməl olmaz. Istər-istəməz, ortaya sual çıxır. M.Abdullayevin axtarışları nə üçün bir nəticə vemir? Bu və ya digər suallara aydınlıq gətirmək üçün “Femida 007” qəzetinin baş redaktoru Əyyub Kərimovla redaksiyamızda görüşərək söhbətləşməyi zəruri saydıq. Ilk sualımız da elə axtarışların nəticəsiz qalması ilə bağlı oldu.

- Bu sualın cavabını birmənalı vermək olmaz. Çünki belə cinayətlərin arxasında qaranlıq məqamlar bizim düşündüyümüzdən daha çox olur. M.Abdullayevin yoxa çıxması xəbərini noyabrın 8-də ilk dəfə qəzetdə biz dərc etdik. Hələ də bəlli deyil ki, M.Abdullayev oğurlanıb, yoxsa itkin düşüb. Sonradan topladığımız informasiyalar deməyə əsas verdi ki, M.Abdullayev oktyabrın 13-də yoxa çıxıb. Əgər oğrular məlum olsaydı, buna oğurlanma deyərdik. Maraqlı cəhət ondan ibarətdir ki, M.Abdullayevin qardaşı, Azərbaycan Beynəlxalq Universitetinin (ABU) rektoru Elşad Abdullayev belə bir fikir irəli sürmüşdü ki, onun bacıları qardaşlarının oğurlanması haqda heç nə bilmədikləri halda, “Femida 007” qəzeti bunu haradan bilib? Həmin fikri mənə çatdıran şəxsə dedim ki, doğrudan da E.Abdullayevin bacıları bu hadisədən xəbərsiz ola bilər, lakin burada təəccüblü heç nə yoxdur. Əksinə, təəccüblü odur ki, hüquq elmləri doktoru belə bir fikir söyləyib.

- Bir qədər itkin düşmə faktını konkretləşdirək.
- Əgər M.Abdullayev MTN Akademiyasının kafedra müdiri, ABU-nun prorektoru idisə, deməli, o, balaca adam deyildi. DIN-ə, MTN-ə, həm də digər qurum rəhbərlərinə bu hadisə ilə bağlı ünvanlanan suallar cavabsız qalıb. Məndə olan məlumata görə, E.Abdullayev qeyri-rəsmi olsa da, daxili işlər naziri Ramil Usubovun qəbulunda olub, müəyyən söhbətlər aparıb. Yəqin ki, E.Abdullayev nazirdən xahiş edib ki, hay-küy salmadan qardaşının tapılmasına kömək göstərsin. Biz məlumat vermişdik ki, E.Abdullayev “Kar Qəhrəman” adı ilə tanınan Qəhrəman Mehrəliyevlə də görüşüb, qardaşının tapılmasına kömək etməsini istəyib. Q.Mehrəliyev bizimlə söhbəti zamanı həmin görüşü təsdiqləsə də, bildirdi ki, görüşdə E.Abdullayev iştirak etməyib. Sonradan məlum oldu ki, görüşdə Bədən Tərbiyəsi Akademiyasının bir müəlliminin vasitəçiliyi ilə Abdullayevlərin Ismayıl adlı qardaşı iştirak edib. Və üçüncü şəxsin E.Abdullayev olduğunu Q.Mehrəliyev bilməyib. Biz görüş barədə yazandan sonra o dəqiqləşdirib ki, söhbət etdiyi üçüncü şəxs E.Abdullayev imiş. Əgər E.Abdullayev Q.Mehrəliyevlə görüşübsə, deməli, daxili işlər nazirilə də qeyri-rəsmi görüşə cəhd edib.

- Bu günə kimi də Mahir Sabdullayevin yoxa çıxmasının araşdırılması üçün onun yaxınları güc nazirliklərinə rəsmi müraciət etməyiblər. Dediklərinizdən belə məlum olur ki, E.Abdullayev nazirə qeyri-rəsmi müraciət edib. Bu situasiyanı necə dəyərləndirirsiniz?-  Rəsmi ərizənin verilməməsi, müraciətin olmaması, əlbəttə, qaranlıq məqamlardandır. Milli təhlükəsizlik naziri Namiq Abbasov deyib ki, M.Abdullayevin qəfil yoxa çıxması qaranlıq məsələdir. Görünür, bizim bilmədiyimiz digər qaranlıq məqamlar MTN rəhbərinə də məlumdur. Həm də ki, M.Abdullayev onların özlərinin işçisidir. MTN işçisinin yoxa çıxması adi hadisə kimi qarşılana bilməz. Hər halda, M.Abdullayevin itməsilə əlaqədar verilən suallara nazir N.Abbasovun axtarışların nəticə vermədiyi barədə cavabının üzərində düşünməyə dəyər.

- M.Abdullayevin yoxa çıxdığı gün Ilham Əliyevin stadionda seçicilərlə görüşü olub. Orada isə dövlət başçısının əleyhinə “çepe” baş verib. Bundan sonra M.Abdullayev yoxa çıxıb. Bu, təsadüfə çox az oxşayır.- M.Abdullayev 13 oktyabrda - prezidentliyə namizəd I.Əliyevin Respublika Stadionunda seçicilərlə görüşü günü itib. Tədbirin başlamasına az vaxt qalmış M.Abdullayevin rəhbərlik etdiyi müəllim-tələbə kollektivi stadiona daxil olarkən, guya naməlum, özlərini universitetin tələbələri kimi qələmə verən şəxslər I.Əliyevin əleyhinə şüarlar səsləndiriblər, hətta müxalifət liderlərinin birinin adını çəkərək qışqırıblar da. Bu zaman M.Abdullayevi axtarıblar, amma ondan xəbər çıxmayıb. E.Abdullayevə zəng ediblər və insident barədə məlumat verərək, qarışıqlıq salanları tanımadıqlarını deyiblər. M.Abdullayevin hadisə yerində olmadığını eşidən rektor E.Abdullayev özü stadionun qarşısına gəlib və danışıqlar apardıqdan sonra tələbələrin tədbirə qatılmasına nail olub... Elə həmin gün M.Abdullayev yoxa çıxıb.
M.Abdullayev barədə bir fikir də dolaşır ki, guya, onu elə həmin gün Qaradağ rayonu ərazisində şəhərdən çıxarkən və hansısa telefon zəngindən sonra geri qayıdarkən görüblər. Araşdırma zamanı belə bir məlumat da əldə etdik ki, M.Abdullayev şəhərə qayıdanda onun maşınının arxa oturacağında daha iki nəfər olub. Hətta deyirlər ki, M.Abdullayev yolda tanıdığı yol polisi əməkdaşına belə, salam verməyib və bu, polis işçisində təəccüb doğurub.

- M.Abdullayevin yoxa çıxdığı gün idarə etdiyi maşın MTN zabitinin maşınıdır. Bu avtomobilin yoxa çıxmasına, onun ölkə ərazisində tapılmamasına inanmaq çətindir. Sizcə, bu cinayət hadisəsində elə bu nüansdan başlamaq lazım deyilmi? - Əlbəttə, əsas ağrılı yer də elə buradır. Hadisə barədə dolaşan şaiyələrdən görünür ki, M.Abdullayev itməzdən əvvəl kimlərləsə danışıb. Deməli, bunlarla onun son koordinatlarını müəyyən etmək olar.

- Əyyub müəllim, qeyd etdiniz ki, M.Abdullayev şəhərdən çıxarkən hansısa telefon zənfindən sonra geri dönüb və ondan sonra da yoxa çıxıb. Adətən adamı oğurlayıb, sonra yaxınlarına zəng edirlər, heç vaxt zəng edib oğurlamırlar axı...- Maraq doğuran da elə budur. Məqsəd pul qoparmaq idisə, zəng edib deyərdilər ki, yoxa çıxan adam bizim əlimizdədir, pul tələb edirik. M.Abdullayev oğurlanıbsa, bəs onun idarə etdiyi maşın hanı? Axı maşını ölkənin ərazisindən asanlıqla çıxarmaq mümkün deyil, əgər buna cəhd olarsa, mütləq, heç olmasa bir yerdə, yəni polis postunda qeydiyyatdan keçməlidir. Hesab edək ki, bu, həm də MTN işçisinin maşınıdır. Ona görə də, M.Abdullayev bu günə qədər tapılmaya bilər, bəs maşın hanı? Ola bilməz ki, M.Abdullayevi maşına görə oğurlasınlar. Hesab edirəm ki, kimlərəsə M.Abdullayevin özü lazım olub, maşını yox.

- Sizə elə gəlmirmi ki, MTN-ə məxsus olan maşının üzdə olmaması məsələni bir qədər də mürəkkəbləşdirir?
- M.Abdullayevi oğurlayanlar onun maşınından istifadə edə bilməzlər. Peşəkar oğrular onlara problem yaradacaq belə qüsurlu hərəkət etmirlər. M.Abdullayevin maşını ortaya çıxsa, onda onun haradasa sağ-salamat saxlanması ehtimalı yaranar. Bir halda ki, maşın yoxdur, məsələ daha da qəlizləşir... Eşitdiyimə görə, E.Abdullayevin Q.Mehrəliyevin yanına getməkdə də məqsədi bu olub ki, qardaşı tapılmır-tapılmır, heç olmasa, maşının yeri müəyyənləşdirilsin.

- Sizcə, bu gün M.Abdullayevin istər rəsmi, istərsə də qeyri-rəsmi axtarışının o qədər də hiss olunmaması nə ilə əlaqədardır?
- E.Abdullayev yaxınlarına deyib ki, artıq qardaşı tapılıb, maşının yeri ona məlumdur. Onun bugünkü arxayınlığı hadisədə oğurlanmadan söhbət getmədiyini düşünməyuə əsas verir. Sanki bu oğurlanma qurma bir oyundur. M.Abdullayev hansı məqsədləsə aradan çıxarılıb. M.Abdullayevin başın axoşagəlməz bir hadisə gəlmiş olsaydı, qohum-əqrəbası belə sakit oturmazdı axı. Abdullayev qardaşları sıravi adamlar deyillər. Respublika Prokurorluğunda işləyən Elsevər Abdullayevin qayınatası Akif Rəfiyev vaxtilə Ədliyyə Nazirliyində yüksək postlardan birini tuturdu. Abdullayevlərin yaxınlarının belə sakit davranışlarının M.Abdullayevin tapılaraq təhlükəsiz bir yerdə saxlanması ilə bağlı olması daha çox ağlabatandır. Deyilənə görə, hətta E.Abdullayev qardaşı Mahirlə telefon əlaqəsi də saxlayıb.

- Əgər həqiqət budursa, onda M.Abdullayevin yerini müəyyən etmək hüquq-mühafizə orqanları üçün çox asan olardı.- Rəsmi müraciət olmadığından, M.Abdullayev mövzusu indi hüquq-mühafizə orqanları üçün o qədər də maraqlı deyil.

- Axı elektron KIV-lər M.Abdullayevin axtarış əməliyyatına 40-dək müstəntiqin cəlb edildiyi barədə malumat yayıb.- Bu, inandırıcı deyil. Çünki dövlət əhəmiyyətli şəxslərin qətli zamanı da heç bu qədər müstəntiq əməliyyata qatılmır. Burada motiv də bəlli deyil. Nəzərə almaq lazımdır ki, adətən əməliyyat-axtarış tədbirlərinə əməliyyatçılar cəlb olunur, müstəntiqlər yox. Müstəntiqlər, əsasən cinayət işi araşdırılanda təhqiqata qatılırlar.
Jurnalistlərin suallarını cavablandıran daxili işlər naziri Ramil Usubov qeyd edib ki, M.Abdullayevin itkin düşməsindən xəbərdar olsalar da, rəsmi müraciət olmadığı üçün, bu istiqamətdə axtarış-əməliyyat tədbirlərinə başlanılmayıb. Sonradan isə deyirlər ki, guya, E.Abdullayev rəsmi ərizə ilə müraciət edib. Bu günlərdə DIN rəhbəri M.Abdullayevin axtarışı istiqamətində hələlik bir nəticənin olmadığını söyləyib. Ancaq məndə olan məlumata görə, E.Abdullayevin qardaşının tapılması ilə əlaqədar əvvəl gündən rəsmi müraciət etmək fikri olmayıb. Deyib ki, nəyin bahasına olur-olsun, qardaşını tapacaq, ona hüquq-mühafizə orqanlarının köməyi lazım deyil.

- Bu, hüquq-mühafizə orqanlarına güvənməməkdən irəli gəlir, yoxsa...
- Güvənməmək deməzdim, daha çox başqa mövqedən yanaşardım. E.Abdullayev, bəlkə də hüquq-mühafizə orqanları ilə işə qarışacağı təqdirdə qardaşının başına bir iş gələ biləcəyindən və ya oğruların M.Abdullayevi qaytarmayacağından qorxub. E.Abdullayev, hətta deyib ki, qardaşının “oğurlanmasında” ABŞ prezidentinin əli olarsa, onun da başını kəsməyə qadirdir. O, guya deyib ki, universitetdə bir “qoca” var, o da öz yerini bilməlidir. Bildiyimizə görə, ABU-da qocalar çoxdur və onlar heç də pis insanlar deyillər. Həmin qocalar arasında sabiq dövlət başçısı H.Əliyevin qardaşı Aqil Əliyev də var. E.Abdullayev hansı qocadan bəhs edib, onu deyə bilmərəm. Hər bir halda, artıq hadisələrin gedişi göstərir ki, bu, adam oğurluğundan daha çox, adam oğurluğu ssenarisi üzrə qurulan şouya bənzəyir. Və bütün məsələlər gəlib ABU-ya bağlanır. Çünki universitetin rektoru E.Abdullayev hər yerdə özündən razı adam kimi qələmə verilir.

- Beynəlxalq Universitetlə M.Abdullayevin yoxa çıxmasının bağlılığından danışdınız. Sizcə, bu oğurlanma hadisəsi Abdullayevlərin kimlərləsə “çirkli pul” sövdələşməsinin pozulmasından qaynaqlana bilərmi?
- Gəzən söz-söhbətlərə görə, Beynəlxalq Universitetdə bu il tələbə qəbulu zamanı ciddi problemlər yaranıb. Onların bir qismi Abdullayevlərlə müəyyən adamlar arasında düşüb. Məlumatlara görə, həmin narazılıq yüksək səviyyədə olduğundan, bu məsələ öz çevrəsini aşıb. Bu səbəbdən narazılığın aradan qaldırılmasının M.Abdullayevin itkin düşməsinin “açarı” ola biləcəyi versiyası daha çox ağlabatandır.