23.09.2011

İsmət Abbasov rəqiblərinə meydan oxuyur

Kənd təsərrüfatı kimlərin məsuliyyətə cəlb olunmasını istəyir?
Kənd təsərrüfatı naziri Ismət Abbasov ətin bahalaşması ilə bağlı sərt bəyanat verib. O, bildirib ki, ətin qiymətini bahalaşdıranlar məsuliyyətə cəlb olunmalıdır. Nazirin bu kəskin açıqlaması təsadüfi xarakter daşımır. Ondan əvvəl Ismət Abbasovun müavini Aslan Aslanov bahalaşma haqqında danışarkən bildirmişdi ki, qiymət artımını möhtəkirlər həyata keçirir.
Bu açıqlamalar təbii ki, Ismət Abbasovun rəqiblərinə yönəlib. Kənd təsərrüfatı nazirinin əsas rəqiblərindən biri isə fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur. Kəmaləddin Heydərovla Ismət Abbasov arasında qarşıdurma uzun müddətdir ki, yaranıb. “Fövqəlnazir” Kənd Təsərrüfatı Nazirliyini nəzarətə götürmək üçün müxtəlif vasitələrlə Ismət Abbasovu vurmağa çalışır. Təbii ki, Kəmaləddin Heydərovun kənd təsərrüfatı nazirinə hücumları cavabsız qalmır. Aslan Aslanovun “möhtəkirlər” deyəndə məhz “fövqəlnazir”i nəzərdə tutduğu sirr deyil. Ismət Abbasovun da açıqlaması Kəmaləddin Heydərova yönəlib. Idxal mallarına nəzarət imkanları tam olaraq “fövqəlnazir”in əlində olduğundan kənd təsərrüfatı naziri hesab edir ki, ətin bahalaşmasında da Kəmaləddin Heydərovun rolu var. Hətta rolu olmasa belə, Ismət Abbasov bu məsələdən “fövqəlnazir”ə qarşı istifadə etmək niyyətindədir. Kənd təsərrüfatı nazirinin bu açıqlaması eyni zamanda Hesablama Palatasının onun fəaliyyətini təftiş etməsinə cavabdır. Qeyd edək ki, Hesablama Palatasının sədri Heydər Əsədov Kəmaləddin Heydərovun yaxın çevrəsinə daxil olan şəxslərdəndir.


Informasiya şöbəsi