27.09.2011

«Deyirdilər, səni həbs etdirən Ramiz Mehdiyevlə Bəylər Əyyubovdur»

«Zülfüqarlı qardaşları» dramının detalları ilk dəfə «Azadlıq»da
 

Nurəddin Zülfüqarlı: “Kərəm Həsənov dedi ki, zavodumda yüksək vəzifəlilərin gözü var”
Son günlər mətbuat silahlı adamların özəl mülk olan “Xəzər Boru” Zavoduna basqın etməsi və oranı tutması haqda məlumatlar yaydı. Bəlli oldu ki, müasir texnologiya ilə qurulan bu yeni zavod Zülfüqarlı qardaşları kimi tanınan iş adamlarına məxsusdur, nədənsə fəaliyyəti dayandırılıb və kimlərsə onu sahiblərinin əlindən almaq istəyir. Zülfüqarlı qardaşları ilə bu cür problemlər yeni deyil. Hələ 2005-ci ildə onlar həbs edilmiş, sahibi olduqları iki zavodun səhmlərinin böyük hissəsi əllərindən alınmışdı. Bütün bunlara aydınlıq gətirmək üçün hazırda Azərbaycanı tərk etməyə məcbur olan qardaşların biznesinə ümumi rəhbərlik edən Nurəddin Zülfüqarlıya müraciət etdik və ondan çox böyük maraq doğura biləcək açıqlamalardan ibarət müsahibə ala bildik.

- Nurəddin müəllim, Azərbaycanda sizi “Zülfüqarlı qardaşları” kimi tanıyırlar və son illərdə sizin biznes, mülkiyyət problemləriniz haqda məlumatlar alırıq. Hətta bir vaxtlar həbs edilmişdiniz. Nə baş verir? Istərdik bu haqda məhz özünüz geniş və detallı danışasınız. Biz sizinlə müsahibəni olduğu kimi dərc etməyə hazırıq. Öncə özünüz barədə bir suala cavab almaq istərdik. Bir neçə zavoda sahib olmuşdunuz, uğurlu və geniş fəaliyyətiniz vardı. Maraqlıdır ki, biznesə necə başladınız? Əvvəllər vəzifədə olmuşdunuzmu? Ilk kapitalınız haradan idi?
- Əvvəla təşəkkür edirəm ki, bu olayları araşdırmaq və müsahibə almaq istədiyinizi bildirdiniz. Bu bizə ümid verir ki, cəmiyyətdə insanlar, mətbuat və sağlam qüvvələr iş adamlarının problemlərini öyrənirlər, deməli, hələ hər şey itməyib.
Mən qısaca danışacağam bu sual ətrafında. Çünki hər şey sadə və aydındır. Hətta anladım ki, nəyə eyham vurursunuz. Xeyr, biz qardaşların biznesi və kapitalı vəzifə ilə, bürokratiya ilə, rüşvət və korrupsiya ilə bağlı olmayıb. Biz Rusiyada işləmişik, sərmayəmizi də orada əldə etmişik. Heydər Əliyevin azərbaycanlı iş adamlarına müraciətindən, gəlib vətəndə iş yerləri açmaq dəvətindən sonra yurda dönmək qərarı verdik. Həm də biz ticarət və alverlə məşğul deyildik. Istehsalla, quruculuqla, sənaye ilə bağlı idik. Buna Azərbaycanda ehtiyac vardı, biznes kimi də burada bizə geniş meydan görünürdü. Böyük sərmayələrimizi xərclədik, dayanmış, məhv olmuş, köhnəlmiş iki zavodu ən son texnologiyalara uyğun səviyyədə bərpa etdik. Təkmil mühəndis və idarəçilər komandası yaratdıq. Böyük sayda daimi və yüksək maaşlı iş yerləri açdıq. Yüksək məbləğdə vergilər ödədik və heç vaxt qanunlardan yan keçmədik. Bizim necə işlədiyimizi sadə işçilərimizdən, fəhlələrimizdən soruşa bilərsiniz. Mən qanunsuz həbs ediləndə onlar mitinq etdilər, azad olunanda qurbanlar kəsdilər. Insanlar bizi böyük xeyirxah kimi qəbul edirdi, amma təəssüf olsun heç də hamı bir şeyi dərk etmir ki, işçiyə və işə dürüst, vicdanlı münasibət biznesin sadəcə doğru yoludur. Qalanı biznes deyil. Amma hər şey çox dəhşətli və dramatik sonluğa gəldi. Uğurlu işlərimizdən sonra təzyiq, həbs və bu gün də davam edən hədələrlə üzləşdik, çox yüksək vəzifəli adamlar quldurluq yolu ilə mülklərimizi əlimizdən aldı. Zavodlar ya tam, ya qismən dayandı, minlərlə insan iş yerini itirdi.

- Mətbuatdan izlədiyimizə görə sizə qarşı təzyiqlər 2004-cü ildə dövlət başçısı Ilham Əliyevin sahibkarlarla görüşündə etdiyiniz tənqidi çıxışınızdan sonra başlayıb. Sizə qarşı təzyiqlərin başlaması həmin tənqidlərə cavab idi, yoxsa biznesinizi kimlərinsə öz əlinə almaq niyyətindən doğurdu? Ya da hər iki amil rol oynayıb?
- Xronika belədir. Hələ 2002-ci ildə mərhum prezident Heydər Əliyevin iş adamları ilə görüşü zamanı da mən tənqidi çıxışlar etmişdim və bu tənqidlər rəhbər işçilərin birbaşa ünvanına idi. O zaman çıxışıma Heydər Əliyev də, iş adamları da dəstək verdi. Həmin il biznesmenlərin fəaliyyətinə qarşı yaradılan xeyli problemlər çözülməyə başladı. Ancaq tənqid etdiyim qurumların rəhbərlərində mənə qarşı düşmən münasibəti yarandı. Sadəcə, Heydər Əliyevdən qorxduqlarından açıq şəkildə bu niyyətlərini büruzə vermirdilər. 2004-cü ildə isə Ilham Əliyev iş adamları ilə Biznes Mərkəzində görüşdü. Mən həmin vaxt prezident yanında Sahibkarlar Şurasının üzvü və Sahibkarların Hüququnun Müdafiə Komitəsinin sədri idim. Prezidentlə görüşdə iş adamlarına söz verildi və o da bizi diqqətlə dinləyirdi. Başqaları sussa da, mən bu dəfə də çıxışımda mövcud problemləri sadalamalı oldum...

- Hansı problemləri?
- 2002-ci ildən qalan problemlər idi, konkret olaraq iş adamlarının fəaliyyətinə aidiyyəti olmayan DIN, prokurorluq, yol polisinin müdaxiləsi barədə tənqidlərimi çatdırdım. Daha sonra Bakı Şəhər Icra hakimiyyətinin bizim yenidənqurma işlərinə cavab verməməsi, hərəkətsizliyinə toxundum. Bu məsələlərə tez reaksiya verildi və qısa müddətdə bəzi problemlərimiz həll olundu. Ancaq eyni zamanda yuxarıda haqqında danışdığım dövlət qurumları mənə qarşı aqressiv mövqe tutdular. Onlar danışan iş adamı kimi məni necə susdurmağın yollarını artıq düşünürdülər və hər kəs də mənə deyirdi ki, sənin başın bəlaya girəcək. Bütün bunlara rəğmən, mən danışmalıydım, çünki prezident bizdən soruşurdu və bizlər də mövcud problemləri qaldırmalıydıq. Təəssüf ki, həmin görüşdən sonra prezidentin iş adamları ilə görüşünə bizi daha dəvət etmədilər.

- Yəni, Sahibkarlar Konfederasiyası da sizi qurumun üzvü kimi dəvət etmirdi?

- Biznes Mərkəzindəki çıxışımdan sonra məni tədbirlərə dəvət etmirdilər. Çünki problemi qaldıran iş adamı kimi məni kənarlaşdırmışdılar. Onlar mənim Sahibkar Şurasının üzvü və Sahibkarların Hüququnu Müdafiə Komitəsinin rəhbəri olduğumu guya unutmuşdular. 

- Amma Sizə qarşı ilk basqılar olanda bunlar sizin sabiq nazir Fərhad Əliyevlə yaxınlığınızla əlaqələndirilirdi. Onunla nə dərəcədə yaxın idiniz?
- Bu kimi fikirlər əvvəlcədən düşünülmüşdü. Deməli, iş adamının əmlakını əlindən almaq üçün öncə ləkələmək və ictimaiyyətə başqa cür təqdim etmək lazım idi. Yalnız bu kampaniyadan sonra əmlakımızın alınması prosesinə start verilirdi. Bizi nəinki Fərhad Əliyevə, Bin Ladendən başlamış hər kəsə bağlamaq istədilər. Hətta xatırlayıram ki, bir ara Poladtökmə Zavodunda radioaktiv maddənin tapılması haqqında şayiə də yaymışdılar. Halbuki mən Fərhad Əliyevin nazir işlədiyi vaxt ondan prokurorluğa şikayət etmişəm, toplantılarda ona qarşı tənqidi çıxışlarım olub, hətta prezidentin yanındakı iclaslarda naziri tənqid etmişəm. Bu mənada onunla yaxınlığım və iş birliyim ola bilməzdi. O zaman mən iş adamı idim, Fərhad Əliyev isə bürokrat idi.

- 2004-cü ildə Ilham Əliyevlə görüşdəki çıxışınızdan sonra aqressiv münasibətin yarandığını bildirdiniz. Bu aqressivlik özünü nədə göstərirdi?
- Artıq fərqli yanaşma var idi, yuxarıda dedim, iclaslara çağırmırdılar, bizneslə bağlı hadisələrin mərkəzindən kənarlaşdırdılar, yoxlamalar gəlirdi, gömrükdə problemlər yaradılırdı. Hətta bir ara bizi qeyri-qanuni malların gətirilməsinə yönləndirmək istədilər, getmədik. Yəni ləkələmək istəyirdilər ki, əllərində vasitələr olsun. Açıq şəkildə sıxışdırma hiss olunurdu. Əllərində fakt olmadığından, ləkələmək üçün başqa müxtəlif metodlara əl atırdılar.

- Adətən təzyiq metodu kimi istifadə edilən yoxlamalar olurdumu?
- Əlbəttə. Amma bu istiqamətlərdə çatışmazlıqlar olsaydı, onlar başqa yol seçərdilərmi? Biz hər zaman qanunlara riayət etməyə çalışırdıq, bütün əməliyyatları qanuniləşdirirdik. Bizim yeganə gücümüz bu idi.

- Bəs sizi və qardaşlarınızı nə üçün və necə həbs etdilər? Nə istəyirdilər?
- Bu məsələni geniş və təfərrüatlı söyləməyə ehtiyac var, yəni, hər şey haradan başladı sualına cavab verilməlidir. Artıq müəssisələrimizi gəlirli vəziyyətə gətirəndən sonra, təxminən 2005-ci ilin oktyabr, ayının əvvəlində mənə Kərəm Həsənovdan təklif gəldi ki, bu müəssisələrə iddialı adamlar var, baxın, görün nə edirsiniz. Mən əhəmiyyət vermədim. Dekabrda Kərəm Həsənovla Əmlak Komitəsinin Iri Özəlləşdirmə Müəssisələri Idarəsinin rəisi Rüstəm Şahbazov məni görüşə dəvət etdilər, konkret söhbət oldu. Kərəm Həsənov dedi ki, hər iki zavodu geri qaytarmaq lazımdır. Anlamadım və söylədim ki, necə yəni qaytarmaq lazımdır və kimə? Dedi ki, gizlətmirəm, sənin zavodunda yüksək vəzifəli məmurların gözü var, könüllü şəkildə bu müəssisələrin 80 faizini onlara vermək lazımdır. Etiraz etdim ki, bu batmış zavodları tender vasitəsilə almışam, dövlət rüsumlarını, investisiya proqramlarını yerinə yetirmişəm, 10 milyonlarla dollar sərmayə qoymuşam, belə olduqda müəssisələri əvəzsiz olaraq məmurlara vecə verə bilərəm?! Hər ikisi dedi ki, onlardan asılı deyil, əgər könüllü razılaşmasan, sənin də, ailənin də başı ağrıyacaq, bu məsələ yalnız səninlə bağlı deyil, başqa adamları da çağırıb söhbət ediblər. Mən kəskin şəkildə etirazımı bildirdim, bunun qeyri-qanuni, quldurluq olduğunu, bu barədə prezidentə müraciət edəcəyimi söylədim. Söylədim ki, necə yəni, müəssisəni ayağa qaldırandan sonra kiməsə verməliyəm? Söhbətimiz onların “özün bilərsən, bizdən xəbərdarlıq etməkdir” sözləri ilə yekunlaşdı. Bundan az sonra yolda sürücümün və mənim başıma qara torba keçirib maşına basdılar...

ardı növbəti sayımızda

Müsahibəni hazırladı: Şahvələd Çobanoğlu