27.09.2011

Heydərovun “medal əməliyyatı” dünya gündəmindən düşmür

«Fövqəlnazir»in «investisiya»sı boksun olimpiya oyunları sırasından çıxarılmasının müzakirəsinə səbəb olub
Azərbaycan hakimiyyətinin adı hallanan beynəlxalq korrupsiya qalmaqalı böyümək üzrədir. Boks federasiyasının prezidenti, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AIBA) tərəfindən peşəkar boks yarışlarının təşkili üçün təsis olunmuş “World Series Boxing”in (WSB) təmsilçisinə 2012-ci il London Yay Olimpiya Oyunlarında Azərbaycan yığmasına iki qızıl medal verilməsi üçün 10 milyon dollar rüşvət verməsi dünya gündəminin əsas müzakirələrindən birinə çevrilib.
Dünyanın ən nüfuzlu idman yarışı hesab edilən olimpiya oyunlarıyla bağlı xoşagəlməz olayın yaşanması beynəlxalq ictimaiyyətin diqqətindən yayına bilməzdi. Artıq Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Cak Rok rəhbərlik etdiyi qurumun rüşvət faktını araşdırmağa başladığını söyləyib. Qalmaqallı xəbəri ilk yayımlayan BBC telekanalı da rəsmi şəkildə BOK-a müraciət edərək başlanan təhqiqata yardımçı olacağına söz verib. Telekanal rəsmisi məsələ ilə bağlı əllərində olan dəlilləri komitəyə təqdim etməyə hazır olduqlarını bildirib. “Guardian” qəzeti isə BOK-un müstəqil etika komitəsi tam araşdırmalara başlamağa qərar vermədən öncə, sübutları nəzərdən keçirəcəyini açıqlayıb.
Boks federasiyasının prezidenti (ABF) “fövqəlnazir” Kəmaləddin Heydərov adı hallanan rüşvət olayına münasibət bildirib. Heydərov yayılan iddiaların əsassız olduğunu söyləyib: “Son günlər BBC televiziyasının həm Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AIBA), həm də Azərbaycan haqqında verdiyi məlumatlar böhtan xarakterlidir və onlar öz cavablarını alacaqlar. Kiminsə dediyinə əsaslanıb belə qeyri-ciddi bir məlumatı dünya ictimaiyyətinə ötürmək düzgün deyil”.
Kəmaləddin Heydərovun sözlərinə görə, BBC-nin yaydığı məlumatların əsassız olduğunu sübut etmək üçün həm AIBA-nın, həm də ABF-nin tutarlı faktları var: “Boksçularımızın da üzərinə məsuliyyət düşür. Onlar güclü çalışıb sübut etməlidirlər ki, söylənilənlər hamısı cəfəngiyatdır”. Heydərov AIBA-nı hazırda dünyada çox gözəl imicə malik olan qurumlardan biri adlandırıb: “Bunu edənlər onun dünyadakı imicini ləkələmək istəyirlər. Amma gücləri çatmaz”.
Heydərovun AFB və AIBA adından belə əminliklə danışması da yeni ziddiyyətlərin yaranmasına yol açır. Belə ki, qalmaqalda adı hallanan Ümumdünya Boks Seriyasının rəhbərinin açıqlaması “fövqəlnazir”in növbəti dəfə qeyri-səmimi olmasının sübutudur. ÜMS-nin rəhbəri rüşvət olayını təsdiqləyərək bildirib ki, Azərbaycan tərəfindən ödənilən pullar azərbaycanlı boksçuların 2012-ci il Olimpiya oyunlarında iki qızıl medal qazanacaqlarına zəmanət müqabilində alınıb. Fakt ortadadır. Adı hallanan tərəflərdən biri qalmaqalı etiraf edir, lakin Kəmaləddin Heydərov isə həm BBC-nin, həm də ÜMS rəhbərinin açıqlamalarını “təkzib” edir.
Dünyanın nüfuzlu media qurumları məlum olaya xüsusi diqqət ayırıb. Hətta Ingiltərədə yayımlanan “The Daily Telegraph” qəzeti hadisədən sonra boksun olimpiya oyunlarının sırasından çıxarılıb, çıxarılmayacağı ilə bağlı sorğuya start verib. Hələ ki, respondentlərin 70 faizi boksun olimpiya oyunlarından çıxarılacağına inanmadığını bildirib. Sorğu davam edir. Sorğuyla bağlı gedən yazıda bildirilir ki, dünyanın ən nüfuzlu idman yarışı ətrafında yaranmış rüşvət qalmaqalı insanların idmana və müvafiq qurumların şəffaf fəaliyyətinə olan inamı azaldacağı qaçılmazdır.
Xatırladaq ki, Azərbaycanın adı hallanan beynəlxalq rüşvət qalmaqalı BBC korporasiyasının “Newsnight” teleproqramının araşdırmalarından sonra ortaya çıxıb. Araşdırmalar zamanı müəyyən olunub ki, ötən il Kəmaləddin Heydərov Isveçrədə fəaliyyət göstərən özəl investisiya şirkəti vasitəsilə WSB-nin Amerika bölməsinin icraçı direktoru Ivan Xodabaxşa investisiya yatırımı adı altında 10 milyon dollar verilməsinə dair sənəd imzaladıb. Indiyədək bu məbləğin 9 milyon dollarının WSB Amerika bölməsinin bank hesablarına yatırıldığı məlum olub.
BBC-yə məlumat verən mənbələr deyiblər ki, Xodabaxş başçılıq etdiyi təşkilatın maliyyə sıxıntılarını aradan qaldırmaq üçün London olimpiadasında Azərbaycan yığmasına iki qızıl medal satmaq barədə sövdələşmə əldə edib. BBC pulların mənbəyinin Kəmaləddin Heydərov olduğu barədə dəlillərə malikdir. “Newsnight” dəlillərdən biri kimi Xodabaxşın Fövqəladə Hallar Nazirliyinə (FHN) göndərdiyi bu məzmunda elektron poçtu təqdim edib: “Zəhmət olmasa investisiya pullarını mümkün qədər tez bir zamanda ”WSB America”nın bank hesablarına köçürün”.
Rusiyanın nüfuzlu “Kommersant” qəzeti isə qalmaqalla bağlı məqaləsində bildirib ki, əgər AIBA və BOK tərəfindən başladılan təhqiqat nəticəsində Azərbaycan tərəfinin rüşvət verdiyi təsdiqlənərsə, o zaman BOK-un reqlamentinə görə, ölkənin yerli idman rəhbərləri diskvalifikasiya olunacaq, həmçinin Azərbaycan yığmasının Londonda boks yarışlarına qatılmasına icazə verilməyəcək. Qəzetin yazdığına görə, ekspertlər rüşvətlə bağlı dəlillərin kifayət qədər əsaslı olduğunu söyləyir. “Newsnight” proqramında çıxış edən məşhur idman promouteri Barri Hirn bu cür böyük məbləğin, guya, investisiya adı altında heç bir iqtisadi perspektivləri olmayan idman yarışına yatırılmasının ağlabatan olmadığını söyləyib: “Əgər kimsə WSB yarışlarına 10 milyon dollar yatırmaq qərarına gəlibsə, o, yəqin başqa planetdən gəlib”.
“Kommersant”ın əldə etdiyi sənədə görə, Xodabaxşın Heydərovdan rüşvət alması barədə məlumatları BBC-yə WSB-nin keçmiş meneceri Ceffri Bents və Rudel Obreya ötürüblər. Onların hər ikisi WSB-dən bir neçə ay əvvəl kənarlaşdırılıb. Lakin qalmaqalın üstünün açılmasında Britaniya Boks Federasiyasındakı mənbələrin də iştirakı olduğu güman edilir.
“The Daily Mail” qəzeti isə WSB tərəfindən təşkil edilən boks yarışlarında rüşvət iddialarının gündəmə gəlməsindən sonra Pekin olimpiadasında bu qurumun egidası altında keçirilən yarışda qızıl medal qazanmış britaniyalı boksçu Ceyms DeGele öz mükafatından imtina etdiyini açıqlayıb. O, bəyan edib ki, bu qalmaqaldan sonra idmana olan etibarı itib. DeGelenin sözlərinə görə, həvəskar boks korrupsiya bataqlığındadır və Pekin olimpiadasında da bu cür hallar olub: “Bu yarışlar başdan-başa korrupsiya və siyasətə bulaşıb. Son olimpiya oyunlarında mənim ciddi şübhə etdiyim bir sıra nəticələr oldu. Məsələn, boks üzrə Çin yığmasının üzvlərinin çoxu bu idman növündə yeni görünürdülər, buna baxmayaraq, iki qızıl medal qazandılar”.
Britaniya mətbuatı yazır ki, variantlardan biri hakimləri pulla ələ almaq ola bilər. Digər variant isə budur ki, o, Azərbaycan yığmasından ən yaxşı boksçuları seçir və onları öz sxeminə cəlb edir. Bu halda Xodabaxşa nəticələri onun gözlədiyi səmtə yönəldən iki-üç hakim lazım ola bilərdi.
“The Daily Telegraph” qəzeti isə BBC-dəki mənbələrə istinadən xəbər verir ki, korporasiya Xodabaxşın rüşvət almasına dair məlumatları verən şəxslərdən birinin AIBA-nın başlatdığı təhqiqatla əməkdaşlıq etməyə hazır olduğunu bildirib. Ingiltərəli olimpiya medalçısı, hazırda məşqçi işləyən Riçi Vudhol isə qəzetə bildirib ki, bu qalmaqalda günahı sübut olunan hər kəs cəzalandırılmalı və həbsə göndərilməlidir. Çünki idmanı bu cür əməllərlə ləkələmək olmaz.


Informasiya şöbəsi