29.09.2011

Fövqəlnokaut

İdmanımızın inkişaf nağılı bitdi
BBC-nin fövqəladə hallar naziri Kəmaləddin Heydərovun London olimpiadasında iki qızıl medal qazanılması üçün beynəlxalq boks təşkilatına 10 milyon dollar ödəməsi xəbəri hakimiyyətə necə zərbə vurubsa, hələ də əks-təbliğatla məşğul olurlar. Yerli telekanallar Boks Federasiyasının vitse-prezidenti Ağacan Əbiyevi danışdırır, o da and-aman eləyir ki, rüşvət-zad verməyiblər. Halbuki həvəskar boks assosiasiyası AIBA pul söhbətini inkar eləmir, olimpiadanın fonduna 9 milyon köçürüldüyünü bildirir. Bizimkilərin asıb-kəsməyinə baxmayın, BBC elə-belə kanal deyil ki, dezinformasiya yaysın. Böyük Britaniyanın televiziya şirkəti əlində konkret fakt olduğunu bəyan edir, buna görə də beynəlxalq arenada korporasiyanın üzərinə çox gedə bilmirlər.
Boks qalmaqalı daha çox bir məsələyə aydınlıq gətirdi. Hakimiyyətin təbliğat kimi istifadə etdiyi idmanın inkişafı arqumenti sabun köpüyündən başqa bir şey deyilmiş. Məlum oldu ki, uğursuz siyasət yürüdən iqtidar idmanda uğurları rüşvətlə almağa çalışır. Indiyə qədər hakimiyyətin pulla yaxşı göstəriciləri əldə etdiyindən şübhələnirdik. Voleybol üzrə qadınlar arasında keçirilən “Top-Komanda” kubokunu yada salaq. “Azərreyl”in həmin yarışda birinci yeri tutması indi də müzakirə mövzusudur. Yəqin ki, otüstü hokkey millisinin “lipa” qalmaqalını unutmamısınız. Onda komanda soyadı dəyişdirilmiş koreyalılarla gücləndirilmişdi, bu ortaya çıxanda isə biabır olmuşduq. Yeri gəlmişkən, futbolda da bu fırıldağa əl atmışıq. Ukraynalı qadınların hesabına milli formalaşdırmaq istəyirdik, amma alınmadı. Hakimiyyət xüsusilə güləş və ağırlıqqaldırmada legionerlərin hesabına boşluğu aradan qaldırmağa çalışır. Bir sözlə, ölkə rəhbərliyi hər cür yola əl atır ki, süni inkişaf mənzərəsi yaratsın.
Məsələ təkcə idmanda deyil. Eldar və Nigar cütü “Eurovision”da birinci yeri tutdu, küçələrə çıxdıq, atılıb-düşüb qələbəni bayram elədik. Bəs qələbənin arxasında nə dayanır? Birdən-birə necə oldu ki, hamını geridə qoymağı bacardıq? Doğrudanmı bizim musiqidə inqilab baş verib? Suallara cavab vermək çətindir. Amma iş orasındadır ki, onda da bizi rüşvətlə qələbəni almaqda ittiham etdilər. Yadınıza gələr, bosniyalı iştirakçı bizimkilərin birinci yeri pul gücünə təmin etdiyini söyləmişdi.
Bax, beləcə idmanımızın inkişaf nağılı da bitdi, fövqəlnokaut işini gördü. Gözləməyin, cənablar, belə nağıllardan sonra göydən üç alma düşmür...