8.09.2011

“The Guardian” Güneydəki aksiyalardan yazdı


Britaniya qəzeti yazıb ki, gölün qurudulması artıq siyasi problemə çevrilib

Böyük Britaniyanın nüfuzlu “The Guardian” qəzeti Iran azərbaycanlılarının Urmiya gölünün sürətlə qurumasına qarşı apardıqları mübarizə barədə geniş məqalə dərc edib.
APA-nın məlumatına görə, gölün UNESCO-nun diqqət mərkəzində olduğunu xatırladan nəşr Urmiyanın dünyanın ən böyük duzlu göllərindən biri olduğunu xatırladır.
Qəzet qeyd edir ki, göl quraqlıq səbəbindən yox olmaq təhlükəsi ilə üz-üzə qalıb və bu ekoloji fəlakət yerli azərbaycanlılar üçün kütləvi etirazlara əsas verib: “Iranın Azərbaycan bölgəsinin Təbriz və Urmiya şəhərlərindən olan minlərlə şəxs hökumətin gölü qorumaq istiqamətində uğursuz siyasətinə etiraz əlaməti olaraq son həftələr ardıcıl küçələrə çıxıblar. Bu göl son illər özünün su ehtiyatlarının təqribən yarısını itirib. Urmiya gölü azərbaycanlıların yaşadığı regionun düz mərkəzində yerləşir. Azərbaycalı fəallar son illər onların təqib edildiyini deyir”.
Britaniya qəzeti yazır ki, gölün taleyi yerli azərbaycanlılarla hökumət arasında toqquşmalara belə, səbəb olub: “Cənubi Azərbaycan tələbə hərəkatına bağlı olan internet saytı xəbər verib ki, etiraza çıxmış nümayişçilər təhlükəsizlik qüvvələri ilə toqquşmalarda xəsarət alıblar. Azərbaycanlı siyasi dustaqların müdafiəsi assosiasiyası isə bəyan edib ki, toqquşmalarda ən azı bir nəfər həlak olub”.
Gölün siyasi problemə çevrildiyini yazan qəzet nümayişçilərin “Yaşasın Azərbaycan!” şüarı ilə küçələrə çıxdığını yazır. Nəşr xəbər verir ki, sərbəst şəkildə nümayiş keçirə bilməyən etirazçılar bu cümə Tehranın 100 minlik “Azadi” stadionunda növbəti etiraz aksiyası keçirməyi planlaşdırır.