”Azadlıq”da Ramin Nağıyevin silsilə məqalələrini oxusun, onda bilər ki, Azərbaycanda terrorizmin mənbəyi kim və nədir”
Sosial şəbəkələrin geniş yayılması, xüsusilə gənclərin orda öz fikirlərini açıq ifadə etməsi hakimiyyəti narahat etməkdədir. Dəfələrlə rəsmilər internetin ziyanı barədə mülahizələr irəli sürüb.
Bu mənada Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov daha fəaldır. Hər dəfə də interneti “sahibsiz pişiyə” bənzədən şöbə müdiri onun informasiya azlığı probleminə çevrildiyini, hətta terrorizmi asanlaşdırdığını deyib. Bəs hakimiyyət nümayəndələrinin internetdən bu qədər ehtiyatlanmasının əsas səbəbi nədir?
Deyilənlərə münasibət bildirən politoloq Zərdüşt Əlizadə Əli Həsənova terrorizmi başqa yerdə axtarmağı tövsiyə etdi: “Əli Həsənova məsləhət görərdim ki, o, ”Azadlıq”da Ramin Nağıyevin silsilə məqalələrini oxusun, onda bilər ki, Azərbaycanda terrorizmin mənbəyi kim və nədir. Internetdə axmaq adamlar da, ağıllı adamlar da maneəsiz söz deyir. Həddən artıq fəal, ancaq başı boş adamlar ağzına gələni yazır. Bu, həqiqətdir. Ancaq belə adamlar rəhbərlikdə də, hakimiyyətdə də var. Sadəcə onların öz fikirlərini geniş yaymaq imkanları daha çoxdur”.
Z.Əlizadə hakimiyyətin interneti nəzarətə götürmək cəhdlərinin də uğursuzluqla nəticələnəcəyini deyir. Çünki bu vaxta qədər bir neçə dövlət belə cəhdlər edib, ancaq uğursuzluğa düçar olub: “Bir çox dövlətlər bunun üstünə düşdü, qaydalar yaratmağa çalışdı. Hansısa üsullarla interneti nəzarətə götürmək istədilər. Fəqət bu, texniki cəhətdən çox mürəkkəb işdir. Digər tərəfdən, dünya ictimaiyyətinin narazılığına səbəb olur. Amerika hökuməti Wikileaks-i qapatmaq istədi, ancaq müvəffəq olmadı. Azərbaycan hökuməti Amerika hökumətindən daha qüdrətli deyil ki”.
Z.Əlizadənin sözlərinə görə, Azərbaycan Iran və Çinin yolu ilə gedib interneti məhdudlaşdırmağa cəhd etsə, ciddi cəza ilə rastlaşacaq və dərhal geri addım atmaq məcburiyyətində qalacaq. Çünki fikir, internet azadlığının keşiyində Qərb cəmiyyətləri, Amerika durur: “Özlərini aldatmasınlar ki, onlar bu bu cür üsullara əl atıb dünya miqyaslı axına qarşı dura, əlahiddə bir Azərbaycan dünyası yaradıb, orada bütün dilləri, ağızları qıfıllaya bilərlər. Fikir, söz azadlığı böyük bir dəyərdir. O, həm axmaqların danışmasına imkan verir, həm də ağıllıların. Axmaqların danışmaması naminə ağıllıların danışmaq hüququnu əlindən almaq olmaz”.
Fizzə