15.09.2011

Hakimiyyət özünü cinayət bataqlığına salıb

"Elçibəy özü o “İstiqlal” ordenindən imtina edərdi"
 

Mehriban Vəzir: «Gələcəkdə ortaya çıxacaq cinayətlərin içində bu gün məlum olanlar «toya getməli» olacaq»

«İndiki idarəetmə Azərbaycan dövlətinin bundan sonrakı əlli ilinə böyük zərbələr vurub»

“Wikileaks”ın açıqladığı son sənədlər Ilham Əliyevin qonşu dövlətlərə, xüsusilə Türkiyəyə qarşı münasibəti ortaya çıxıb. Məlum olub ki, ölkə başçısı daxili siyasətdə olduğu kimi xarici siyasətdə də səmimi olmayıb. Son günlər Türkiyənin yürütdüyü siyasətə rəsmi Bakının mövqe açıqlamaması bunu bir daha təsdiqləyir.
Əliyev hakimiyyətinin yürütdüyü bu siyasət nədən xəbər verir? Bu və ölkə daxilində baş verən digər olaylarla bağlı tanınmış publisist, Ictimai Palatanın Koordinasiya Şurasının üzvü Mehriban Vəzirin mövqeyi ilə tanış olduq.

- Kəskinləşən Türkiyə-Israil münasibətlərinə dair Azərbaycan hökumətinin mövqeyi, qardaş ölkəyə dəstəyi hələ də açıq ifadə olunmayıb. Bu qeyri-müəyyən mövqeyi Türkiyə-Azərbaycan münasibətlərinə adekvat hesab etmək olarmı?
- Adekvat deyil. Gərək, Azərbaycan müttəfiq bir ölkə kimi münasibətini bildirsin. Daha çox marağındayam ki, barışdırıcı mövqedə olsun. Çünki Israil Azərbaycana dost, Türkiyə qardaş dövlətdir. Dostla qardaşın arasında qalmaq çətin məsələdir. Ancaq bütün hallarda Azərbaycan öz ədalətli mövqeyini ifadə etməlidir.

Xarici siyasətdəki qüsurlar bir gün ortaya çıxmalı idi

- “Wikileaks”ın açıqlamalarından məlum oldu ki, Ilham Əliyev üzdə dost-qardaş dediyi Türkiyəyə qarşı xoşagəlməz ifadələr işlədib. Bu nədən xəbər verir?

- Qeyri-səmimilikdən. Bu, xarici siyasətdə bəlli istiqamətin olmamasından, mövqelərin qeyri-sabitliyindən irəli gəlir. Gərək dövlətlərarası münasibətlərdə elə ifadələr işləsin ki, sonra onların üstü açılanda pis vəziyyətdə qalmasınlar. Ancaq təəssüf ki, bizim dövləti idarə edənlər sözlərin seçilməsində hədlərini aşıblar, diplomatik qaydalara riayət etməyiblər. Bu, Azərbaycanın xarici siyasətinin qüsurlarıdır. Istər-istəməz bütün bu qüsurlar ortaya çıxmalı idi. Indiyə qədər balanslı münasibətlərdən danışılırdı. Ancaq bu balanslı münasibətin arxasında olanlar o qədər də balans deyil, bir qədər uyğun olmayan tərzdədir.
Ona görə bu təbii idi. Bir gün bunların üstü açılmalı, bilinməli və səmimiyyətin dərəcəsi ortaya çıxmalı idi.

Əliyev “kimi harada, necə aldadım” siyasəti yürüdür

- Hakimiyyət balanslı xarici siyasətədən danışsa da, “Wikileaks”ın açıqladığı sənədlər göstərdi ki, vəziyyət fərqlidir. Əliyev üzdə münasibətlərin yaxşı olduğunu göstərmək istəsə də, əslində Rusiya, Iran, Gürcüstan, Türkiyə ilə münasibətlərin o qədər də yaxşı olmadığı ortaya çıxdı.

- Azərbaycanı indiki iqtidar zəif duruma salıb. Çünki iqtidar özü zəifdir. Özü haqqında güclü iqtidar, lider dövlət deyir. Bunların hamısı köpükdür, burda bir həqiqət yoxdur. Bütün bunların hamısı zəiflikdən doğan bir vəziyyədir. Əlbəttə, Rusiya güclü dövlətdir. Azərbaycan istər-istəməz Rusiya ilə hesablaşmalı olur. Tarix boyu bu belə olub. Artıq neçə illərdi vəziyyət bu cür gedir. Azərbaycan bir müstəqil dövlət olaraq özünü daha yaxşı, daha qürurlu, ləyaqətli apara bilər. Amma Azərbaycan iqtidarının ölkə daxilində, xalq arasında dayaqları olmadığından o kənardan dayaq axtarır. Daha çox Rusiyaya sığınır. Nəticədə də belə olur. Insan heç vaxt qorxduğu adamla səmimi ola bilməz. Onun üzünə bir söz, arxasınca başqa söz deyəcək. Eyni zamanda Rusiya ilə Azərbaycanın münasibətlərində proseslər bu müstəvidə gedir. Rusiyadan qorxur və ehtiyat edir. Üzdə bir cür, arxada başqa cür danışır. Eyni zamanda Iranla da təqribən belədir. Türkiyə ilə isə münasibətləri Rusiya və Iranın təzyiqi altında yürüdür. Ona görə də bu deyimlər ortaya çıxır. Hər halda bu dürüst, aydın, şəffaf bir idarəetmə, xarici siyasət deyil. Burda ancaq bicliklər, oyunbazlıqlar, kimi harda necə adladım siyasəti yürüdülür. Ona görə, nəticə belə olmalı idi. Burda balans-filan yoxdur.

Azərbaycan xalqı dəyişən dünyadan istifadə etməlidir

- “Wikileaks”ın açıqladığı sənədlərdə bir məqam da var idi. Latviya prezidenti Əliyevin saraylarını görəndən sonra deyib ki, mən belə etsəydim, belə başgicəlləndirici saraylarım olsaydı, xalqım məni bu sarayın pəncərəsindən atardı. Onun açıqladığı fikirləri Azərbaycan xalqına həqarət kimi qiymətləndirmək olarmı? Yəni, Latviya xalqı buna dözməzdi, ancaq Azərbaycan xalqı dözür.

- Bu həqarət deyil, gerçəklikdir. Latviya prezidenti ölkəsini və öz şəraitini bilir. Gəlib burda gördüklərindən gözləri kəlləsinə çıxır ki, yəni xalqın malını bu qədər oğurlamaq olarmı. Ağlına gəlmir ki, belə şey mümkündür. Situasiya çox doğru olaraq qiymətləndirilib. Vəziyyətin belə olmasının da bir çox səbəbləri var. Əlbəttə ki, özümüzün də günahımız az deyil. Görünür xalq, cəmiyyət olaraq təbiətimizdə büt yetişdirmək, diktator formalaşdırmaq istəyi də var. Bu da şuurumuzda sovet sisteminin bitməməsi ilə əlaqədar məsələ ola bilər. Amma hər halda Azərbaycan xalqı da öz nəticələrini çıxarmalıdır. Bu dəyişən dünyadan istifadə etməlidir. Azərbaycan xalqı bilməlidir ki, dünya dəyişib, artıq diktatorlar, avtoritar rejimlər dünya ictimaiyyətinin simpatiyası deyil. Əksinə, onlar həqarətlə qarşılanırlar. Buna uyğun da öz hərəkətini qurmalıdır.
Amma bu proses gedəcək. Inanıram ki, indiyə qədər neçə tərəfdən buxovlanmış cəmiyyət artıq dəyişən dünyaya görə hərəkət edəcək və öz ölkəsində demokratik bir sistem yaratmaq üçün hərəkətə keçəcək.

Hakimiyyətdə olanlar gerçəkliyi tam görə bilmir

- ABŞ səfiri bu məsələyə öz şərhində yazır ki, görəsən, Ilham Əliyev xalqla özü arasında olan bu uçurumdan xəbəri varmı, bundan narahat olurmu? Həmin sualı Sizə ünvanlamaq istərdik.

- Bu suala cavab vermək mürəkkəbdir. Kənardan olan müşahidələrə görə bəzən özüm də təəccüblənirəm ki, görən bu adamlar vəziyyəti görmürmü? Bu vəziyyətin özləri üçün daha kritik nəticələrlə bitəcəyini anlamırlarmı? Bu sual hər zaman var. Amma görünür, bu idrak və şuur məsələsidir. Yəqin ki, görmürlər. Məşhur deyim var - hakimiyyət korluğu. Hakimiyyətdə olanlar gerçəkliyi tam görə bilmir. Eyni zamanda atalar sözü, böyük milli fəlsəfəmiz var ki, toxun acdan xəbəri olmaz. Belə başa düşürəm ki, hakimiyyətdə olanların, xüsusilə dövlət başçısının anlama və idrak sistemi yol vermir ki, gerçəkliyi başa düşsünlər. Bütün bunlar da yalnız zəif idarəetmənin simptomlarıdır. Bu, güclü idarəetmə sisteminin olmamasını göstərir.

Elçibəy “Istiqlal” ordenindən imtina edərdi

- Hökumətə yaxınlığı ilə seçilən bir qrup partiya sədri müstəqilliyin 20 illiyi münasibətilə Əbülfəz Elçibəyə “Istiqlal” ordeninin verilməsini təklif edib. Elçibəyin hüquqları tanımadığı bir halda ona bu ordenin verilməsi vəziyyətdən çıxış ola bilərmi?
- Bir Elçibəy tərəfdarı, ardıcılı, onun təbliğatçısı olaraq çox da marağında deyiləm ki, indiki avtoritar rejim Elçibəyə hansısa orden versin. Onun kimlərə hansı şəkildə orden verdiyi hamımıza bəllidir. Düşüncəmə görə, belə bir addım atılsaydı, Elçibəy özü şəxsən bundan imtina edərdi. Ona görə də ordenlər, medallar, mükafaktlar, bunlar hamısı boş şeylərdir. Elçibəyin hədəfi Azərbaycanı demokratik, ədalətli görmək idi. Elçibəyin mükafatı o vaxt olacaq ki, Elçibəy-Rəsulzadə ideyası tərəfdarları onun istədiyi hakimiyyəti quracaqlar. Azərbaycanın sərvəti bütün vətəndaşları arasında ədalətlə bölünəcək, vətəndaşları rifah içində yaşayacaq və ölkədə qanunlar işləyəcək. Bu, Elçibəyin mükafatıdır.

Iqtidar olanlardan dərs almır

- Son vaxtlar siyasi əqidəsinə görə həbs olunanların sayı artıb. Bir müddət əvvəl amnistiya xəbəri yayılsa da, sonradan bunun arxasından qaçdılar. Hakimiyyət insanların həbsdə qalmasında niyə bu qədər maraqlıdır?
- Yanlış bir yol gedirlər. Dünyada baş verənlərdən də heç bir dərs alınmır. Yəni dünya praktikası, ümumiyyətlə son ərəb coğrafiyasında olan hadisələr bir daha sübut etdi ki, sıxmaqla, ədalətsizliyin dərəcəsini artırmaqla, həbslərlə heç nəyə nail olmaq mümkün deyil. Sirkə nə qədər tünd olursa, öz qabını çatladır. O qablar da indi gözümüzün qarşısında çatlaya-çatlaya gedir. Təəssüf doğuran məhz
odur ki, Azərbaycan iqtidarı olanlar dərs almır və nəticə çıxarmır. Islahatlar həyata keçirməyə gücü çatmır. Ona görə mən bunu ancaq idarəetmənin zəifliyi kimi qiymətləndirirəm. Insanları istəklərinə görə həbsə atmaq olmaz. Bu insanlar oğru, quldur deyil. Onlar sadəcə demokratiyak istəyirlər. Bütün bəşərin hədəfində olan bir istiqamət uğrunda mübarizə aparırlar. Bu idarəetmənin vəziyyəti dərk etməməsi və zəifliyindən doğan bir məsələdir.

Hakimiyyət özünü cinayət bataqlığına salıb

- Bir müddət əvvəl “Azadlıq” qəzetində səs-küylü qətllərlə bağlı müstəntiq Ramin Nağıyevin açıqlamaları dərc edilmişdi. Məlum oldu ki, Ziya Bunyadov, Şəmsi Rəhimov, Afiyyəddin Cəlilovun qətlində günahlandırılıb həbs edilənlər günahsızdır. Ancaq qarşı tərəfin, hüquq-mühafizə orqanlarının buna cavabı gəlmədi. Bu, nədən xəbər verir?
- Fərdi təşəbbüs yoxdur. Hakimlər, prokurorlar, yaxud onların rəhbərləri müstəqil adam deyillər. Onlar hamısı yuxarı baxır ki, nə dedilər onu təkrarlasınlar. Digər tərəfdən, ortada həqiqət var. “Azadlıq” qəzetində üzə çıxarılan o cinayət hadisələri bəlkə də gələcəkdə çıxacaq cinayətlərin içində oyun-oyuncaq, toya getməli olacaq. Düşünürəm ki, insanlara, dövlətə, dövlətin, cəmiyyətin gələcəyinə qarşı çox ağır cinayətlər, təhsildə, səhiyyədə olan cinayətlər ortaya çıxacaq. Bu ümumiyətlə çox mühüm strateji məsələlərdir. Bu hakimiyyət ümumiyyətlə özünü cinayət bataqlığına salmış bir vəziyyətdədir. Hələ indi heç nə cavab verə bilmirlər. Gələcəkdə isə ümumiyyətlə heç bir sözləri olmayacaq. Çünki həqiqətən bu idarəetmə Azərbaycan dövlətinin bundan sonrakı əlli ilinə böyük zərbələr vurub. Biri var zərbə, biri də var cinayət bataqlığına salmaq. Cinayət bataqlığına salıb. Ona görə də onların danışmağa dili olmamalıdır.

Demokratiya bu rejim üçün ölümə bərabərdir

- Ictimai Palata demokratiyaya yumşaq keçidlə bağlı yol xəritəsi hazırlayıb. Ancaq YAP buna çox kəskin cavab verdi. Demokratiya sözünə belə reaksiya nədən irəli gəlir?
- Demokratiya ümumiyyətlə bu hakimiyyətin sonu deməkdir. Çünki dövlətimizi o qədər demokratiyadan uzaq, acınacaqlı vəziyyətə salıblar ki, hansısa islahatlara başlama, demokratik addımlar atmaq artıq onlar üçün hər şeyin bitməsi deməkdir. Ilin əvvəlində islahat cəhdləri oldu. Bəlkə dövləti idarə edənlərdən kimlərsə həqiqətən səmimi olaraq islahatlar haqqında düşünürdülər. Amma az bir zamanda bunun nəticələrini gördülər. Gördülər ki, bütün məmur təbəqəsi, korrupsiyaya uğramış sistemi o saat dağılıb gedər, kəlləmayallaq olar. Ona görə bunu dayandırdılar. Demokratiya bu rejim üçün ölümə barəbərdir. Əlbəttə, idarəetmə çox güclü olardısa, güclü insanlar ölkəni idarə edərdilərsə, yumşaq keçidlə ölkə bu vəyyətdən çıxara bilərdi. Amma güclü idarəetmə olsaydı, heç vaxt ölkəni indiki duruma salmazdılar. Ona görə də həqiqətdə onlar üçün demokratiya bir kabus kimi görünə bilər. Bu onların rakursundan normaldır.

Rusiya mövcud olduğu gündən Qafqazın qatilinə çevrilib

- Ərəb inqilablarından sonra belə fikir var ki, inqilabların növbəti dayanacağı postsovet məkanı ola bilər. Bu barədə Sizin fikriniz nədən ibarətdir?

- Arzulayaram ki, kaş bu dalğa postsovet məkanına da keçsin. Xüsusilə Putinin Rusiyanı saldığı bu vəziyyət həqiqətən bütün ərazi üçün acınacaqlıdır. Rusiya mövcud olduğu gündən regionun düşməninə, xüsusilə Qafqazın qatilinə çevrilib.
Ona görə də Rusiyada demokratik islahatların getməsi çox vacibdir. Istər istməz bu ab-hava Azərbaycana öz təsirini göstərəcək və göstərməsi çox zəruridir. Azərbaycan, Cənubi Qafzaq üçün Rusiyanın demokratikləşməsi ölüm-dirim məsələsidir.


Fizzə Heydərli