15.09.2011

Zülfüqarlı qardaşlarını Ramiz Mehdiyev çökdürüb

PA rəhbəri iş adamlarına məxsus zavodları zorla onların əlindən alıb
Xəbər verildiyi kimi vəkil Aslan Ismayılov Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevi, daxili işlər naziri Ramil Usubovu və baş prokuror Zakir Qaralovu məhkəməyə verib. Vəkil iddia ərizələrindən aydın olur ki, 2005-ci ildə iş adamları Nurəddin və Loğman Zülfüqarlı qardaşlarına qarşı baş verən qanunsuzluqla bağlı Ramiz Mehdiyev, Ramil Usubov və Zakir Qaralova müraciət edib. Lakin müraciətlərin heç bir nticəsi olmayıb.
Iddia ərizəsində o da qeyd edilib ki, 2005-ci ildə Zülfüqarlı qardaşlarından onlara məxsus “Bakı Poladtökmə” və “Bakı Elektroştamp” ASC-nin könüllü təhvil verilməsi tələb olunub: “Bu tələbi onunla əsaslandırıblar ki, bu biznesə yüksək vəzifəli dövlət məmuru sahib olmaq istəyindədir. Xoşluqla verilmədiyi halda, zor gücü ilə alınacağı da bildirilib. Nurəddin Zülfüqarlı zavodlara 10.000.000 ABŞ dolları məbləğində sərmayə qoyduğunu bildirdikdə, onlar Zülfüqarlı qardaşlarını azadlıqdan məhrum olunacaqları ilə hədələyiblər”. Deyildiyi kimi də olub Zülfüqarlı qardaşları zavodları könüll təhvil vermədiklərinə görə qondarma ittihamlarla həbs olunub.

Iddia ərizəsində Zülfüqarlı qardaşlarının əmlakına hansı məmurun əl qoyduğu açıqlanmasa da, “Azadlıq”ın araşdırmaları nəticəsində həmin yüksək vəzifəli şəxsin kimliyi bəlli olub. Əldə etdiyimiz məlumatlara görə, həmin şəxs Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev olub. Lakin Zülfüqarlı qardaşlarına bu barədə konkret heç nə deyilməyib. Onlar zavodları Kərəm Həsənovun ələ keçirmək istədiyini zənn ediblər. Bu baxımdan da ilkin söhbətlərdə zavodları könüllü təhvil vermək tələbindən imtina ediblər. Zülfüqarlı qardaşları həbs olunduqdan sonra bu işin arxasında daha böyük qüvvələrin dayandığını başa düşüblər. Və qarşılarına qoyulan şərti qəbul etməyə məcbur olublar.   Zülfüqarlılar yalnız “Bakı Poladtökmə” zavodunun 20 faizi il kifayətləniblər. Sövdələşmə Kərəm Həsənovla aparılıb.   Hətta Zülfüqarlı qardaşları “Bakı Poladtökmə” ASC-nin “satdıqları” 80 faizindən əldə edilən gəliri hər ay şəxsən Kərəm Həsənova veriblər. Ötən ilin sonundan isə zavodun fəaliyyətinin dayandırılmasına süni maneələr yaradılıb. Nəhayət, Zülfüqarlı qardaşlarından yerdə qalan 20 faizdən də imtina etmək tələb olunub. Qardaşlar Kərəm Həsənovun qəbulunda olaraq məsələyə aydınlıq gətirmək istəyiblər. Komitə sədri isə qardaşlara “mənlik deyil” cavabını verib.
Məlumatlara görə, əvvəldən Zülfüqarlı qardaşlarının əmlakına əl qoyan Ramiz Mehdiyev Metallurgiya Nazirliyinin - bu barədə məlumat “Azadlıq”ın ötən saylarından dərc olunub - yaradılması gündəmə gələndə bu sahə ilə bağlı olan bütün zavod və müəssisələri tam olaraq nəzarətinə götürmək qərarına gəlib. Idarəçiliyin isə kürəkəni Ilham Əliyevə verilməsi planlaşdırılıb. Bu, Ilham Əliyevin nazirlik yaradılana qədər təcbürbə toplaması üçün düşünülüb. Prosesə start veriləndə Kərəm Həsənov “Baku Stell Company”, “Bakı Poladtökmə”, “Bakı Elektroştamp” kimi iri zavodların idarəçiliyindən kənarlaşdırılıb. Elə bu baxımdan Kərəm Həsənov Zülfüqarlı qardaşlarına baş verənlərin ona heç bir aidiyyatının olmadığını bildirib. Məlumatlara görə, Ramiz Mehdiyev metallurgiya sahəsilə bağlı bütün müəssisələri tam ələ keçirdikdən sonra Metallurgiya Nazirliyi yaradılacaq. 
Zülfüqarlı qardaşları ilə bağlı məsələdə maraqlı məqamlardan biri də “Bakı Elektroştamp”ın Nurəddin Zülfüqarlıdan alınması üçün həbsxanada ona etibarnamə imzalatdırılmasıdır. Həmin sənədənin surəti “Azadlıq”a daxil olub. Sənəddə Nurəddin Zülfüqarlı zavoduna ona məxsus səhmlərinin idarəçiliyinin qardaşına etibar edir. Əslində bu, zavoddan imtina edilməsi deməkdir. Çünki məhz bu etibarnamədən sonra zavod Nurəddin Zülfüqarlıdan alınıb.

Informasiya şöbəsi